Məhkəmə qərarları › İş №3(001)-2887/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2887/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2887/2025 18.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1988-ci il tarixdə Yardımlı rayonu, Hamarkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yardımlı rayonu, Hamarkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X2 izahatında bildirmişdir ki, 17 aprel 2025-ci il tarixdə axşam 21:40 radələrində şəxs öz şikayəti üzrə 40-cı polis bölməsinə gəlmişdir. Şəxs əvvəllər də bölməyə gələrkən polisə qarşı aqressiv davranırdı. Bunun da səbəbi şəxsin mütəmadi olaraq spirtli içki qəbul etməsi olmuşdur. Hadisə vaxtı da şəxs bölməyə daxil olaraq növbətçi hissəyə yaxınlaşmışdır. Şəxs bölməyə nə səbəbə gəldiyi soruşulanda sonuncu nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs bildirmişdir ki, bölmədə işi var, lakin baxılmır, bu işlə bağlı çağırılmır. Polis əməkdaşları Şəxs sakitləşdirməyə çalışsalarda, Şəxs sakitləşməyərək polislərin ünvanına nalayiq ifadələr işlətmişdir. Odur ki, Şəxs barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs dəfələrlə nizam-intizama əməl etməyə dəvət edilmiş, lakin sonuncu polis əməkdaşlarının tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 2025-ci ilin aprel ayının 1-də kafedə dalaşmışdı, bununla bağlı polis əməkdaşı Eldəniz adlı şəxsə şikayətini bildirmişdir. Həmin zaman bölmədə olarkən Eldəniz ona nalayiq ifadə işlətmiş, o da öz növbəsində həmin şəxsin cavabını vermişdir. Buna görə, Eldəniz onu təpiklə vurmuş, bundan sonra o hadisə barədə DİN 102 Xidmətinə məlumat vermişdir. Eldəniz tez-tez ona zəng edərək bölməyə gəlməsini və şikayətini geri götürməsini bildirmiş, o, bölməyə getdikdən sonra Eldəniz bölmədə ona 50 manat pul vermişdir ki, etdiyi şikayəti geri götürsün. O. Eldənizlə razılaşmamış, daha sonra o içkili olduğu üçün yoxlanılmaq üçün müayinəyə aparılmış, onu məcbur Eldəniz bölməyə çağırmışdır. O, içkili olduğunu bildirmiş, onub içkili olmağını qeyd edərək 10 nəfərə yaxın polis əməkdaşları onu itələyib içəri salmışlar. O, bölmədə olan zaman heç kimi təhqir etməmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin polis sahə rəisi, polis mayoru X4 bildirmişdir ki, 17 aprel 2025-ci il tarixdə əməliyyat qrupunda olmuşdur. Şəxs həmin gün axşam radələrində içkili vəziyyətdə polis bölməsinə gəlmişdir. Şəxs eyni zamanda təxminən 10-15 gün əvvəl başqa şikayəti olmuşdur. Həmin vaxtı da Şəxs içkili olmuş və kafedə döyülmüşdü. Bölməyə gəldikdən sonra məsul növbətçi Şəxs yaxınlaşaraq bölməyə gəlmək səbəbini soruşmuşdur. Şəxs isə içkili vəziyyətdə bildirmişdir ki, onun işinə baxılmır və aqressiv danışmağa başlamışdır. Şəxs təhqiqatçının otağına aparılmışdır ki, bir az sakitləşsin. Buna baxmayaraq, Şəxs dayanmadan nalayiq ifadələr işlətməyə davam etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs dəfələrlə nalayiq ifadələr işlətməməyə, nizam-intizama əməl etməyə dəvət etsələr də, Şəxs onların tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 40cı polis bölməsinin məsul növbətçisi, polis leytenantı X9 bildirmişdir ki, 17 aprel 2025-ci il tarixdə Şəxs axşam radələrində içkili halda bölməyə yaxınlaşmışdır. Şəxs bölməyə gəlməyinin səbəbini soruşulan zaman sonuncu bölmədə şikayət ərizəsinin olduğunu bildirmişdir. Şəxs şikayət ərizəsinin hansı əməkdaşda olduğunu soruşduğu zaman Şəxs nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs sakitləşdirməyə çalışmışlar, lakin Şəxs o öz hərəkətlərini davam etdirərək iş rejimini pozmuş, onların tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X5 bildirmişdir ki, 17 aprel 2025-ci il tarixdə əməliyyat qrupunda olmuşdur, bölmədə xidmətdə idi. Həmin vaxtı xidməti otağıda izahat alırdı və yanına xanım vətəndaş və yanında az yaşlı övladı ilə gəlmişdilər. Təxminən axşam 9-10 radələri idi. Həmin xanımın müraciətinə baxdığı zaman Şəxs məsul növbətçi ilə mübahisəsini eşitmişdir. Şəxs dayanmadan nalayiq ifadələr işlədirdi. Onlar Şəxs sakitləşdirməyə çalışsalar da sonuncu öz hərəkətlərini davam etmişdir. O, məcbur qalıb xanım vətəndaşın izahatını yarımçıq saxlayıb, çölə çıxmışdır. Həmin gecə Şəxs içkili halda bütün bölmənin iş rejimini pozmuşdur. Dəfələrlə qaydalara əməl etməyi tələb edilsə də, Şəxs həmin tələbə məhəl qoymamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, 2/21388 saylı protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi orta olmuşdur. Məhkəmə Şəxs məhkəmə iclasında vermiş olduğu izahatını qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirməklə sonuncunun inzibati məsuliyyətdən boyun qaçırmaq üçün qeyd olunan məzmunda izahat verdiyini hesab edir. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında dindirilmiş şahidlər oxşarməzmunlu izahatlar verməklə Şəxs qeyd olunan inzibati xətanı törətməsini təsdiq etmiş, şahidlərin izahatları arasında hər hansı bir uyğunsuzluq olmamışdır. Nəzərə alınmalıdır ki, Şəxs yalan izahat verməyə görə məsuliyyət daşımır. Lakin şahidlərin hər birinə yalan izahat verməyə görə məsuliyyət daşıdıqları barədə xəbərdarlıq olunmuş, daha sonra müvafiq iltizam alınmış, bundan sonra onlar izahat vermişlər. Belə olan halda, məhkəmə şahid izahatlarını işin faktiki hallarına uyğun hesab edir və Şəxs izahatını özünümüdafiə xarakterli verilmiş izahat kimi qiymətləndirir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi üçün onun əməlində hər iki xətanın tərkib əlamətlərinin mövcudluğunu ayrı-ayrılıqda tədqiq etməyi zəruri hesab edir. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, həmin maddənin tələblərinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 17 aprel 2025-ci il tarixdə sərxoş halda Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinə gələrək nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının hərəkətlərini dayandırması barədə tələbinə əməl etməmiş, polis bölməsinin iş rejimini kobud şəkildə pozmuşdur. Göründüyü kimi, 17 aprel 2025-ci il tarixdə Şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsində sərxoş halda nalayiq ifadələr işlətmişdir. Onun bu davranışı ətrafda olan şəxslərin sakitliyini pozmuş, cəmiyyətin etik normalarına zidd hərəkət kimi qəbul edilməlidir. Məhkəmə Şəxs hərəkətlərini aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir:

1. İctimai davranış qaydalarının pozulması: Onun polis bölməsində nalayiq ifadələr işlətməsi ətrafda olan şəxslər üçün narahatlıq yaratmışdır ki, bu da cəmiyyətin birgəyaşayış qaydalarına ziddir.

2. Əxlaq normalarına uyğunluğun pozulması: İctimai yerlərdə nalayiq ifadələr işlətmək, cəmiyyətin etik və mənəvi normalarını pozmaqla, digər şəxslərin hüquqlarını da zədələyir. Bu əsasda məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətləri İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibini təşkil edir. Həmin maddənin tətbiqi ilə Şəxs törətdiyi hərəkətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi zəruridir. Cəmiyyətin asayişinin təmin edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün bu cür davranışlara qarşı inzibati tədbirlər görülməsi isə vacibdir. Məhkəmə İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğuna dair isə qeyd etməyi zəruri hesab edir ki, Şəxs öz hərəkətləri ilə ictimai davranış qaydalarını pozmaqla cəmiyyət içərisində nalayiq ifadələr işlətmişdir. Qeyd olunan hərəkətlərini dayandırmağı tələb olunduqda isə Şəxs öz hərəkətlərini davam etdirmiş, sakitləşdirilməsi üçün təhqiqatçının otağına gətirildiyi halda belə, yenə də nalayiq ifadələr işlətməyə davam etmişdir. Belə olan halda, Şəxs ictimai qaydanı pozan hərəkətləri dayandırmasına dair yönələn tələb qanuni olmuş, Şəxs isə qeyd olunan tələbə tabe olmayıb, hərəkətlərini davam etdirməklə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da sonuncu tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlləri törədilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidin izahatları ilə, digər sənədlərlə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, şahidlərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəkərov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Odur ki. Şəxs inzibati həbs müddətinin əvvəli 17 aprel 2025-ci il tarixdən, saat 23:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 17 aprel 2025-ci il tarixdən, saat 23:40-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar