Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2888/2021 10.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 548.2-ci maddəsi ilə tərtib edilmiş 27.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi inzibati xəta haqqında protokolun əsaslı olduğunu və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 548.2-ci maddəsi ilə tərtib edilmiş 27.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, o, Şəxs Açıq Səhmdar Cəmiyyətinin təsisçilərindən biridir. Cəmiyyətin ofisi əvvəllər Bakı şəhərində olmuşdur, lakin sonradan Siyəzən rayonuna köçürülsə də, rəsmi olaraq ünvanları dəyişilməmişdir. Mərkəzi Bankın istinad etdiyi cəmiyyətin səhmdarlarından biri olan X2 ərizəsində iddia etdiyi məsələlərə gəldikdə isə qeyd edilməlidir ki, həmin dəlillər həqiqətə uyğun deyil və müvafiq sənədlərlə tam təkzib edilir. Ona görə də, məhkəmədən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını və məhkəmədə toplanmış sübutları bir-biri ilə əhatəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan 07.05.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2015 və 2020-ci ilin nəticələri üzrə mənfəət və zərər haqqında hesabatın, son beş il ərzində səhmdarlara dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdarlara hesablanmış dividendlərin məbləğləri haqqında məlumatın verilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tələb olunmuşdur. Məhkəmədə təqdim edilmiş 01.01.2015-ci il tarixdən 01.01.2021-ci il tarixədək əldə olunmuş mənfəətdən səhmdarlara hesablanmış dividend məbləğləri haqqında məlumatdan, maliyyə nəticələri və onların istifadəsi haqqında hesabatdan, eyni zamanda iş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, sorğuda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tələb olunan məlumatlar cəmiyyət tərəfindən icra olunmuşdur. İXM-in 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə şəxs barəsində məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs Açıq Səhmdar Cəmiyyətinin təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün bunlar Şəxs Açıq Səhmdar Cəmiyyətinin təqsirsiz olmasına dəlalət edir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 27.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 548.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 27.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2888/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2888/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver