Məhkəmə qərarları › İş №3(001)-2892/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2892/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2892/2024 17.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə 50 manat cərimə edilmişdir. Halbuki, etibarnamə əsasında idarə etdiyi “Wollswagen Passat minik” markalı **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin balansındadır və həmin avtomobili qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmək həmin orqan tərəfindən həyata keçirilməli idi. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi, Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış X2 və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, şikayət verən C.Cəlilov məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayətə X1 və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “Wollswagen Passat minik” markalı **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə 50 (əlli) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 07:24-də Bakı Dağlığ 22.27 ünvanda həmin avtomobili texniki baxışdan keçirmədən idarə etmişdir. AB N 278105 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Wollswagen Passat minik” markalı **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyidir. Belə olan halda aydın olur ki, “Wollswagen Passat minik” markalı **-AO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilməsini təmin etmək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməli idi. Həmin orqanın mülkiyyətində olan avtonəqliyyat vasitəsini müəyyən edilmiş müddətdə texniki baxışdan keçirməməyə görə sürücü məsuliyyət daşımır. Burada məsuliyyət hüquqi şəxsindir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu məsələdə səhvə yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar