Məhkəmə qərarları › İş №3(001)-2893/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2893/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2893/2024 30.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Baş X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 17 aprel 2024-cü il tarixli EQ 20603308 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 17 aprel 2024-cü il tarixli EQ 20603308 nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki,xx.xx.2024-ci ildə Bakı-Quba yolunun 8.7-ci kilometrində (Bakı-Sumqavıt şossesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində) özünə məxsus **-VF-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ 230 MİNİK” markalı avtomobil ilə hərəkət edərkən qanunsuz və əsassız şəkildə cərimə olunmuşdur. Belə ki, EQ 20603308 nömrəli xx.xx.2024-cü il tarixli elektron qərar əsasında AR İXM-in 327.1-ci maddəsilə 5.9 yol nişanının (ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) tələbinə riayət edilməməsi əsası ilə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Şəkillərdən göründüyü kimi o, avtobus zolağında yox avtobus zolağından 1.1 nişanlanma xətti ilə ayrılmış avtomobilin qabaritlərindən nisbətən dar olan zolaqda və avtomobilin qabaritlərinin imkan verdiyi həddə zolağın sağına sıxılmış şəkildə hərəkət etmişdir. Fotoşəkillərdən göründüyü kimi o, sol tərəfdə hərəkət etmək ehtimalı olan ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir maneə yaratmamış, hərəkət etdiyi zolağın dar olması səbəbindən avtomobilin sol hissəsindəki təkərlər avtobus zolağına keçmişdir. “Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin Vİ hissəsinə əsasən 1.1 nişanlanma xətləri əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Bu halda isə 1.1 nişanlanma xətti ilə avtobus zolağından ayrılmış kənar zolağın ölçüsünün ölkədə istifadə olunan ortalama minik avtomobillərinin qabaritlərindən dar şəkildə çəkilməsi həmin zolaqla hərəkət edən nəqliyyat vasitələrinin 5.9 və 1.1 nişanlanma xətlərinin tələblərinin pozulması üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət verən X2 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Baş X5 İdarəsinə bildiriş göndərilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə şikayət verən X1 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Baş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Baş X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 17 aprel 2024-cü il tarixli EQ 20603308 nömrəli qərarından görünür ki, “MERCEDES BENZ 230 MİNİK” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bililib 40 (qırx) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 11:39-da həmin avtomobil ilə Bakı-Quba yolunun 8.7-ci kilometrində hərəkətdə olarkən 5.9 yol nişanının tələbinə riayət etməyərək ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqla hərəkət etmişdir. Fotoşəkillərdən görünür ki, “MERCEDES BENZ 230 MİNİK” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü inzibati xətanın törədilməsi zamanı 5.9 yol nişanının tələbinə riayət etməyərək ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqla hərəkət edir. X3 şikayətdə avtobus zolağından 1.1 nişanlanma xətti ilə ayrılmış zolağın avtomobilin qabaritlərindən dar olduğunu bildirsə də, fotoşəkillərdə ondan arxada hərəkət edən nəqliyyat vasitələrinin avtobus zolağından ayrılmış zolaqla normal şəkildə hərəkətdə olduqları və həmin zolağın nəqliyyat vasitələrinin qabaritlərinə uyğun olduğu görünür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Baş X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 17 aprel 2024-cü il tarixli EQ 20603308 nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Baş X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 17 aprel 2024-cü il tarixli EQ 20603308 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar