Məhkəmə qərarları › İş №3(001)-2896/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2896/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2896/2021 22.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Şəxs MMC (VÖEN **********) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Eldar Babayev, ev 55 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 29.07.2021-ci il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 107215.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 25.07.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 107215.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 izahatında tərtib olunmuş 29.07.2021-ci il tarixli, MN seriyalı № ******* saylı protokola uyğun çıxış edərək protokolun təmin olunması və Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq olunamısını xahiş etdi. 10.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının Mərkəzi Bankının tərtib etdiyi 29.07.2021-ci il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokolla razılaşmayaraq bildirmişdir ki, icraçı bank onlarla əlaqə saxlamamış, onlardan müvafiq sənədləri istəməmiş, Şəxs MMC-nin mühasibi səhlənkarlıq edərək gömrük bəyannamələrini banka təqdim etməmişdir. ORİENT ENERJİ ELEKTRİK İNŞAAT PAZARLAMA LİMİTED ŞİRKƏTİ ilə Şəxs MMC arasında bağlanmış 15.06.2019-cu il tarixli, 20/15-06 saylı müqavilənin 3.5ci bəndinə əsasən alıcı ilə satıcı arasında razılaşmaya əsasən bu müqavilə ilə malın göndərilməsi satıcının sifarişi ilə digər şirkətə həvalə edə bilər. “ORİENT ENERJİ ELEKTRİK İNŞAAT PAZARLAMA LİMİTED” şirkəti ilə Şəxs MMC arasında bağlanmış 15.06.2019-cu il tarixli, 20/15-06/1 saylı Razılaşma protokoluna əsasən tərəflər arasında bağlanmış 15.06.2019-cu il tarixli, 20/15-06 saylı müqavilənin 3.5-ci bəndinin icrası ilə əlaqədar tərəflər razılaşırlar ki, satıcı müqavilədə nəzərdə tutulan malları alıcı avans ödənişlərini etdikdən sonra 270 gün müddətində mallar İran İslam Respublikasından müxtəlif vaxtlarda fiziki və ya hüquqi şəxslər vasitəsilə alıcıya çatdırılır. Satıcı hər dəfə malı göndərməmişdən əvvəl telefon əlaqəsi saxlayaraq alıcını məlumatlandırır. 16.09.2020-ci il tarixli iki bəyannamə, 17,21,22 və 30 sentyabr 2020-ci il tarixli bəyannamələri təqdim edərək ******* saylı, 29.07.2021-ci il tarixli inzibati xəta haqqında protokolla qeyd edilən avans məbləğə görə bütün malları qəbul ediblər. Eyni zamanda 12.09.2020 və 13.09.2020-ci ildə bağlanmış müqavilələr də 29.07.2021-ci il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokolda əks olunan halları təkzib edir. Mühasib kompüterdə olan bütün informasiyaları sildiyindən təqdim etdiyi müqavilələr imzasızdır. Hazırda həmin məlumatların bərpası ilə əlaqədar tədbirlər görülür. İcraçı bank Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verməmişdən əvvəl onları məlumatlandırsaydı qeyd edilən protokolun tərtib edilməsinə əsas olmazdı. Göstərilənləri nəzərə alaraq protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan 25.07.2019-cu il tarixli köçürmə haqqında ərizənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC 107215 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 25.07.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. İşdə olan "xxxx" ASC-nin 26.07.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 107215.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan müvafiq hesabdan 25.07.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 107215.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İşdə olan 15.06.2019-cu il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “ORİENT ENERJİ ELEKTRİK İNŞAAT PAZARLAMA LİMİTED” şirkəti arasında predmeti müxtəlif çeşiddə məişət texnikaları, radiator, tekstil məhsulları və inşaatda istifadə olunan tikinti məhsullarından ibarət olan müqavilə bağlanmışdır. Məhkəməyə təqdim edilmiş imzalar olmayan 12.09.2020 və 13.09.2020-ci il tarixlərdə bağlanmış müqavilələr Şəxs MMC-in təqsirsizliyini sübut etmək üçün yetərli hesab edilə bilməz. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-yə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddində cərimə təyin edilməsi daha məqsədəuyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20% həcmində - 21443 ABŞ dolları məbləğində (məzənnə üzrə 36453 manat 10 qəpik) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar