Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2897/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 45299.21 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 45299.21 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs ilə “STOLLER TURKEY ORGANİK TARİM” arasında müqavilə bağlanmış bu müqaviləni banka təqdim edərək qeyd edilən məbləği (45299.21 ABŞ dolları), “STOLLER TURKEY ORGANİK TARİM” şirkətinə köçürmüşdür. Qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə əməliyyatlarının nəticəsini əks etdirəcək məlumatı banka təqdim etməli olduğu halda Şəxs bu məlumatı banka təqdim etməmişdir. Belə ki, PB/PBL-OUT-00173-2025 nömrəli, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-dən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan müraciətdə ödənişin təyinatı və nəticəsi barədə məlumatın banka verilmədiyi bildirilmişdir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs bəyannaməni mühasibatlığın unutqanlığına görə banka təqdim etməmiş, 45299.21 ABŞ dolları avans məbləği üzrə mal isə xx.xx.2023-cü il tarixli, **********5944 nömrəli X1 ilə ölkəyə daxil olmuşdur. Hal-hazırda bankla da əlaqə saxlanılmış və bəyannamənin artıq banka təqdim edildiyi müəyyən edilmişdir. Təqdim edilən bəyannamənin İnvoys kodu 2301 olmaqla müvafiq məbləğə bağlı olması faktı öz təsdiqini tapmışdır. Qeyd edilən halları nəzərə alaraq, protokolun müdafiə edilməsindən imtina edirik.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçısının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2023-cü il tarixli, 23/283-ST-AGR-A nömrəli müqavilədən görünür ki, Şəxs ilə Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən “STOLLER TURKEY ORGANİK TARİM” şirkəti arasında müqavilə bağlanmışdır.
5. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış PB/PBL-OUT-00173-2025 nömrəli, xx.xx.2025-ci tarixli məktubdan görünür ki, Şəxs "xxxx" ASC vasitəsilə xaricə qabaqcadan ödəniş etmişdir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təstiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfində qabaqcadan ödənilmiş məbləğ müştərilərin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır.
6. Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən və ərizəyə əlavə edilən YGB-dən müəyyən edilir ki, 45299.21 ABŞ dolları avans məbləği üzrə mal xx.xx.2023-cü il tarixli, **********5944 nömrəli X1 ilə ölkəyə daxil olmuşdur. YGB-nin 2001 qrafasında AZ-2301 kodu qeyd edilən məbləğə bağlı olan İnvoys kodudur. Məhkəmənin əsaslandırması və mövqeyi
7. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
8. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, PASHA BANK” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış PB/PBL- OUT-00173-2025 nömrəli, xx.xx.2025-ci tarixli məktubdan görünür ki, Şəxs "xxxx" ASC vasitəsilə xaricə qabaqcadan ödəniş etmişdir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təstiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfində qabaqcadan ödənilmiş məbləğ müştərilərin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Lakin məhkəməyə təqdim edilən ərizə və onun məzmununu təsdiq edən YGB-dən müəyyən edilir ki, məbləğə bağlı mallar ölkəyə gətirilmiş, sadəcə həmin bəyannamə banka gec təqdim edilmişdir. Qeyd edilən hal Mərkəzi Bank tərəfindən də öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.
10. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
11. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
12. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
13. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
14. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.
15. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.
16. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
17. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova