Məhkəmə qərarları › İş №3(001)-2900/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2900/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2900/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, qərarından şikayət verilmiş inzibati qurumun nümayəndəsi X6 iştirakı ilə, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfarı Birliyinin rəisi X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti (DƏMX) tərəfindən qəbul edilmiş 03 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 03 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, Binəqədi Rayon Mənzil- Kommunal Təsərrüfarı Birliyinin rəisi X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X7 ilə xx.xx.2010-cu il tarixdə başğanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi illə xitam verilmiş, lakin həmin Məcəllənin 83.4-cü maddəsinin tələbi pozularaq, sonuncu ödənişin xx.xx.2024-cü il tarixdə ödənildiyi müəyyən edilmişdir. E.E.Zamanov həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsinin, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfarı Birliyinin etibarnamə üzrə nümayəndəsi X3 şikayəti müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, inzibati qurum tərəfindən qəbul edilmiş sözügedən qərar onunla əsaslandırılmışdır ki, aparılan inzibati icraatda barəsində inzibati icraat aparılan vəzifəli şəxsin iştirakı təmin edilməmiş, eləcə də, inzibati xəta haqqında protokol kifayət qədər araşdırma aparılmadan tərtib olunmuşdur. Belə ki, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sabiq işçisi X4 əmək haqqı büdcə ödənişləri hesabına həyata keçirildiyindən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri verilən gün işçiyə son haqq-hesabın verilməsi üçün zəruri sənədlər xx.xx.2024-cü il tarixdə Bakı Baş Maliyyə İdarəsinə təqdim olunmuş, xəzinədarlıqdan maliyyə vəsaiti açılmadığından son haqq-hesabın həmin gün ödənilməsinin təmin olunması mümkün olmamışdır. Vəsait 03 oktyabr 2024-cü il tarixdə verildiyindən, həmin tarixdə də Teymur Sadıqova son haqqhesab ödənilmişdir. Eyni zamanda işçi X4 əmək müqaviləsinə xitam verilməsi əvvəlcədən planlaşdırılmadığından, ona son haqq-hesabın verilməsi barədə sənədlərin xəzinədarlıq orqanlarında daha əvvəl təqdim edilməsi də mümkün deyildir. Sonda E.Q.Şahverənov məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətin təmin edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş inzibati qurumun nümayəndəsi X11 qəbul edilmiş qərarı müdafiə edərək, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83.4-cü maddəsinin tələbi pozulduğundan inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunu qeyd edərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 11 nömrəli “Kassa limitləri üzrə sifariş” sənədindən görünür ki, həmin sənəd baş kredit sərəncamçısı olan Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfarı Birliyi tərəfindən əmək haqqı ödənişlərinin ayrılması üçün 24 sentyabr 2024-cü il tarixdə tərtib olunmuş, 25 sentyabr 2024-cü il tarixdə isə maliyyələşmə açılması üçün təqdim edilmişdir; Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında X2 xx.xx.2025-ci il tarixli 3-23-2-2/2-51/2025 nömrəli məktubundan görünür ki, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfarı Birliyinə xx.xx.2024-cü il tarixdə 568844.0 (beş yüz altmış səkkiz min səkkiz yüz qırx dörd) manat məbləğində maliyyələşmə açılmış və xx.xx.2024-cü il tarixdə Xəzinədarlıq İdarəsinə təqdim edilmiş qısamüddətli öhdəlik və mal (iş və xidmətlərin) alışı sənədləri ilə əmək haqqı və bank xidməti daxil 423809.56 (dörd yüz iyirmi üç min səkkiz yüz doqquz manat əlli altı qəpik) manat xərc əməliyyatı aparılaraq büdcə vəsaiti təyinatı üzrə köçürülmüşdür. İşin mübahisəsiz halı ondan ibarətdir ki, işçi X1 haqq-hesabı gecikmə ilə ödənilmişdir. Lakin, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfarı Birliyinin rəisi X9 barəsində inzibati tənbeh vermə qərara ona görə etiraz edir ki, bu gecikmə onun təqsiri üzündən baş verməmişdir. İXM-in 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət müəyyən edir. Hazırki iş üzrə İXM-in 192.4-cü maddəsinin tərkib əlamətinin yaranması üçün Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfarı Birliyinin rəisi X9 tərəfindən işçilərin əmək və məzuniyyət haqlarının ödənilməsində qanun pozuntularına yol verilməlidir. Lakin iş materiallarından görünür ki, T.Sadıqovun son haqq-hesabının ödənilməsində X9 tərəfindən qanun pozuntularına yol verilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Binəqədi Rayon Mənzil- Kommunal Təsərrüfarı Birliyinin maliyyələşməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2023-cü il 21 dekabr tarixli Q-22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nın 8.4-cü bəndinə əsasən bu Qaydanın 8.2.2-ci yarımbəndində göstərilən xərclər üzrə Operator tərəfindən maliyyə əməliyyatlarının aparılması iki mərhələdən ibarət olmaqla təşkil edilir: 8.4.1. təşkilat tərəfindən bu xərclərin yaranmasını təsdiq edən sənədlərin və ya bu sənədlər təqdim edilmədən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qabaqcadan ödənişin həyata keçirilməsi üçün qabaqcadan ödəniş üzrə sifariş sənədinin qəbul edilməsi; 8.4.2. kassa məxaric əməliyyatlarının həyata keçirilməsi. Həmin Qaydanın 9.9-cü bəndinə əsasən bu Qaydanın 9.8-ci bəndinə uyğun olaraq dövlət alışları, iş və xidmətlərin qəbulu sənədi, habelə qabaqcadan ödəniş üzrə sifariş sənədi 3 iş günü ərzində xəzinə uçotuna qəbul edildikdən sonra kassa məxaric əməliyyatlarının həyata keçirilməsi XİİS vasitəsilə təşkilatın Operatora təqdim etdiyi bu Qaydanın 5 nömrəli əlavəsi ilə təsdiq edilmiş “Kassa məxaric əməliyyatlarının sifariş sənədi” və ödəniş tapşırığı əsasında aparılır. Həmin Qaydanın 9.13-cü bəndinə uyğun olaraq təşkilatlar dövlət alışları, iş və xidmətlərin qəbulu sənədini və qabaqcadan ödəniş üzrə dövlət alışları, iş və xidmətlərin qəbulu sənədini xərc istiqamətlərindən asılı olaraq aşağıda göstərilənlərlə birgə Operatora təqdim edir: 9.13.1. əməkhaqqı və əməyin ödənişi ilə bağlı xərclər – əməkhaqqı hesablama cədvəlinin yekun məbləğlərini göstərən icmal cədvəl, birdəfəlik haqq-hesab, mükafat və sair əməliyyatlar üçün əmr, sərəncam və ya qərar. Sözügedən Qaydanın 9.15-ci bəndinə görə bu Qaydanın 9.9-cu bəndinə uyğun olaraq ödəniş tapşırığı XİİS vasitəsilə göndərildikdən sonra 2 işi günü ərzində ödənişin aparılması Operator tərəfindən təsdiq edilir. Göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən təşkilatların xərc əməliyyatlarının aparılması ilə bağlı sənədlərin təqdim edilməsi, həmin sənədlərin yoxlanması və ödənişin aparılması üçün qanunvericiliklə müvafiq müddətlər müəyyən edilmişdir. İş materialları ilə müyyən edilir ki, T.Sadıqovun son haqq-hesabının ödənilməsi üçün sifariş sənədi xx.xx.2024-cü il tarixdə, yəni onun işdən azad edilməsindən bir gün əvvəl tərtib edilərək, onun işdən azad olunduğu gün, yəni xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, işçi X1 haqq-hesabının ödənilməsində gecikməyə yol verilsə də, bu halın X5 təqsiri üzündən baş verməsi sübut olunmur. İXM-nin: - 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X9 tərəfindən verilmiş şikayət təmin edilsin. X9 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 03 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar