Məhkəmə qərarları › İş №3(001)-2906/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2906/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2906/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11351549 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11351549 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxs və qərarından şikayət verilən orqana məlumat verilsə də, proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, şikayət vermiş şəxs və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir.

3. Məhkəmə, verilmiş şikayəti və ona əlavə edilmiş iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X1 şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün məhkəməyə vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

4. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11351549 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 40 (qırx) manat məbləğində cərimə edilmişdir.

5. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, X2 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul edilmiş elektron qərarlar barədə məlumat verilmiş və sonuncunun həmin qərarlardan məlumatı olmuşdur. Məhkəmənin əsaslandırması və mövqeyi:

6. Qeyd olunan iş materiallarından müəyyən edildiyi kimi, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 40 (qırx) manat məbləğində cərimə edilməsinə dair EQ 11351549 nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmişdir. həmin qərarla bağlı X2 DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən müvafiq məlumatlar verilmişdir ki, qeyd olunan məlumatların verilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir.

7. Göründüyü kimi, X1 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə müraciət edənədək məlumatı olmuş, lakin sonuncu xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərardan 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu zaman isə artıq qeyd olunan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Buna baxmayaraq, X3 məhkəməyə sözügedən qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatət verməmişdir. Məhkəmə iclasında həmin çatışmazlığın aradan qaldırılması və şikayət vermiş şəxsin hüquqlarının tam təmini məqsədi ilə sözügedən müraciət icraata qəbul edilmiş və şikayət vermiş şəxsin məhkəmədə iştirak etməsi üçün imkan yaradılsa da tərəf prosesə gəlməmiş, nəticədə də müddətin bərpasına dair vəsatət təqdim edilməyindən məhkəmə, X3 tərəfindən verilmiş şikayətin geri qaytarılması qənaətinə gəlmişdir.

8. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər.

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər.

11. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11351549 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından material geri qaytarılmalıdır.

12. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11351549 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar