Məhkəmə qərarları › İş №3(001)-2907/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2907/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2907/2025 21.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, Kərimov Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43cü Polis Bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Kərimov Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Kərimov Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material üzrə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:

3. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda 20 aprel 2025-ci il tarixdə saat 16:00-da Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində bölmə əməkdaşlarının xidməti zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilən əməliyyat tədbirləri zamanı Kərimov Şəxs müəyyən edilərək bölməyə aparılması, 18 aprel 2025-ci il tarixli, 2214 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator X1 rəyi ilə sonuncunun narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsinin təsdiq edilməsi göstərilmişdir. İnzibati xəta haqqında protokolla yanaşı, iş materiallarından müəyyən edilir ki, Kərimov Şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 20 aprel 2025-ci il tarixdə tutulmasına baxmayaraq, şəxsin Ambulator X1 rəyi 18 aprel 2025-ci il tarixdə verilmişdir. Bu isə Kərimov Şəxs əməlində İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halını əsaslı olaraq şübhə altına alır və işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmadığına dəlalət edir.

4. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini məsələsini həll edir.

5. Bununla belə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materialın natamam olması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Kərimov Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir.

6. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir.

7. Beləliklə hesab edirəm ki, Kərimov Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

8. Qeyd olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq,

qərara aldım:

Kərimov Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar