Məhkəmə qərarları › İş №3(001)-2909/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2909/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2909/2025 21.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsinə dair 19 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 19 aprel 2025-ci il tarixdə, saat 02:30 radələrində Motodrom yaşayış massivində hosteldə sərxoş vəziyyətdə nalayiq ifadələr işlətmiş, eyni zamanda kobud hərəkətlər edərək polisi təhqir edib, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş E.M.Hüseynov bildirdi ki, Şəxs 19 aprel 2025-ci il tarixdə, gecə saatlarında metronun “Avtovağzal” stansiyasının yaxınlığında yerləşən hosteldə olarkən spirtli içkilərin yaratdığı sərxoşluq halında olduğundan yüksək səslə nalayiq ifadələr işlətmiş, səs-küy salmış, hostelin işçiləri tərəfindən polisə məlumat vermiş, hadisə yerinə Binəqədi RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri getmiş, Şəxs sakitliyə dəvət etsələr də, o, polisin qanuni tələbinə tabe olmadığından, hadisə yerinə 40-cı Polis Bölməsinin əməkdaşlarından kömək cəlb olunmuş və Şəxs xidməti avtomobilə mindirilərək Bölməyə gətirilmişdir. Yolda olarkən Şəxs polis əməkdaşlarının ünvanına da nalayiq ifadələr işlətmiş, əl-qol hərəkətləri ilə kobudluq etmişdir. Həm PPXB-nin, həm də 40-cı PB-nin əməkdaşlarının tərtib etdikləri raport əsasında hazırki protokol tərtib edilmişdir. Sonda E.M.Hüseynov Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X3 ifadəsində göstərdi ki, 19 aprel 2025-ci il tarixdə, gecə saat 02:30 radələrində Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları metronun “Avtovağzal” stansiyasının yaxınlığında yerləşən hostelə gəlmələrini istəmişlər. Onlar həmin hostelə getdikdə orada bir nəfər şəxsin uca səslə söyüşlər söydüyünü və PPXB-nin əməkdaşlarının onu sakitliyə dəvət etməkdə ifadə olunan qanuni tələblərinə tabe olmadığını müşahidə edib, həmin şəxsi xidməti avtomobilə əyləşdirərək 40-cı Polis Bölməsinə gətirmişlər. Yol boyu həmin şəxs onlara qarşı da nalayiq ifadələr işlətmiş, əl-qol hərəkətləri ilə kobudluq etmişdir. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü həmin inzibati xətalar üzrə tam təqsirli bilərək, əməlindən peşmanlıq hissi keçirdiyini, həmin qeyri-qanuni əməllərə spirtli içkinin yaratdığı sərxoşluq vəziyyətində olması səbəbi ilə yol verdiyini bildirib, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. İş materiallarında olan Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 02:30 radələrində xidmətdə olarkən Avtovağzal yaxınlığında hosteldə 1 nəfər şəxsin səs-küy saldığını, nalayiq ifadələr işlətdiyini, ətrafdakı insanlara hörmətsizlik və s. bu kimi hərəkətlər etdiyini müşahidə etdik. Odur ki, 40-cı PB-yə məlumat verdik. Həmin vaxt vətəndaş içkili vəziyyətdə idi, nalayiq söyüşlər söyməyə davam edirdi və kobudluq göstərirdi. İş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 02:30 radələrində Binəqədi rayonu ərazisində yerləşən avtovağzalın yaxınlığındakı hosteldə bir nəfər şəxsin səs-küy saldığı və nalayiq ifadələr işlətdiyi üçün göstərilən ünvanda olduq. Həmin vaxt vətəndaş içkili-sərxoş vəziyyətdə idi. Biz onu sakitləşdirmək istədikdə o, hərəkətlərini davam etdirirdi. Məcbur olub onu Bölməyə gətirdik. Yol boyu polisin ünvanına nalayiq ifadələr işlədir, əl-qol ataraq kobudluq edirdi... İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 19 aprel 2025-ci il tarixli, 2/21638 nömrəli protokoldan görünür ki, həmin tarixdə Şəxs spirtli içkilərin qəbulu nəticəsində orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarında olan 19 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 19 aprel 2025-ci il tarixdə, saat 06:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sübutları araşdıraraq, habelə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi mövcuddur və inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi İXM-nin 510-cu; polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxs həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməsi onun etirafedici izahatı, inzibati xəta haqqında protokol, iş materiallarında olan raportlar və şahid ifadəsi ilə öz təsdiqini tapır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Şəxs həmin inzibati xətaları törədən zaman sərxoş vəziyyətdə olması onun məsuliyyətini ağırlaşdıran haldır. Onun törətmiş olduğu əməlləri səmimi etiraf etməsi və əməllərindən səmimi peşmanlıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, habelə İXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 aprel 2025-ci il tarixdən, saat 06:00-dan hesablanmaqla, inzibati qaydada tutma müddəti Şəxs inzibati həbs müddətinə daxil edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar