Məhkəmə qərarları › İş №3(001)-2923/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2923/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2923/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyü tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 22:30-da Xırdalan ərazisindən Bakı istiqamətinə gedən yolda, Bakı Beynəlxalq Avtovağzalının üst tərəfində yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, idarə etdiyi “Khazar” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə təxminən 90 km/saat sürətlə hərəkət edən zaman mopedlə toqquşmuşdur. Yol qaranlıq olduğu üçün moped və mopedin yanında olan 2 nəfər şəxsi bir az gec görmüşdür. Avtomobilimin sol yan hissəsi ilə mopedə dəymiş və zərbədən moped qarşıda hərəkətdə olan piyada X4 dəymişdir. O, hadisə olduqdan sonra zərərçəkmiş şəxslə birlikdə olmuş və zərərçəkmiş şəxs heç bir şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid X6 bildirmişdir ki, mopedi sürən o olmuşdur. Həmin mopedi icarəyə götürmüşdür, hal-hazırda isə təmirdədir. Şəxs təmirlə bağlı olan xərcləri qarşılayır. Həmçinin piyada olan isə onun qardaşı, X5r. Qardaşı da, özü də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmışdır. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış səlahiyyətli orqanın nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X7 xx.xx.2025-ci il tarixli, 317 nömrəli rəyindən görünür ki, X3 bədən səthində aşkar olunmuş xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, Şəxs fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 10 fevral 2025-ci ildə saat 22:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 9-cu kilometrində idarə etdiyi Khazar SD minik markalı 77XE606 dövlət qeydiyyat nişanlı avtomobillə yolun soldan 1-ci zolağı ilə Bakı şəhəri istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, avtomobilin ön hissəsi qarşıda mühərriki sönmüş vəziyətdə olmaqla piyada X6 tərəfindən irəliyə doğru hərəkət etdirilən Tufan M50 markalı mopedlə toqquşmuş, zərbənin təsirindən moped qarşıda hərəkətdə olan piyada X4 dəymiş, nəticədə ehtiyatsızlıqdan X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmasına səbəb olmuş və moped əzilərək sahibinə maddi ziyan dəymişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz etirafedici izahatı, şahid izahatı, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi ifadə verərək törətdiyi əməli etiraf etməsini və zərərçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati məsuliyyət məsələsini həll edərək belə nəticəyə gəlir ki, Şəxs məsuliyyətini yüngülləşdirən hallar, məsuliyyətini ağırlaşdıran halların olmaması, törətdiyi inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə inzibati tənbeh tədbiri təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar