Məhkəmə qərarları › İş №3(001)-293/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-293/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-293/2021 07.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu nəqliyyatında polis idarəsi Biləcəri ST. Xətt Polis şöbəsinin İctimai Təhlükəsizlik qrupunun baş inspektoru, polis kapitanı X2, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonu, Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sabirabad rayonu, Qalaqayın kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu nəqliyyatında polis idarəsi Biləcəri ST. Xətt Polis şöbəsinin İctimai Təhlükəsizlik qrupundan daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamasına və narkotik vasitədən istifadə etdiyinə görə onun barəsində Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu nəqliyyatında polis idarəsi Biləcəri ST. Xətt Polis şöbəsinin İctimai Təhlükəsizlik qrupunun baş inspektoru, polis kapitanı X4 tərəfindən xx xxxxxx 2021-ci il tarixli, MN №0113304 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, MN №0113304 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində Biləcəri stansiyası ərazisində ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Polis Bölməsinə gətirildikdən sonra Narkoloji Mərkəzdə müayinədən keçirilərkən Şəxs sidiyində narkotik vasitə aşkar olunmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu nəqliyyatında polis idarəsi Biləcəri ST. Xətt Polis şöbəsinin İctimai Təhlükəsizlik qrupunun baş inspektoru, polis kapitanı X4 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 20:00 radələrində Biləcəri st. XPŞ-in NMQ-un əməliyyat müvəkkili polis baş leytenantı Aqil Orucovla birlikdə, Biləcəri st. XPŞ-in inzibati ərazisində xidmətdə olarkən, Biləcəri dəmiryolu stansiyasının inzibati binasının arxasında dalan yerdə 1 (bir) nəfər şəxsin dayandığını və onları gördükdə özünü şübhəli apardığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini ona təqdim edib, kim olduğunu və burada nə üçün dayandığını soruşmuşlar, bu zaman həmin şəxs suallardan yayınaraq oradan uzaqlaşmaq istəmiş, onlar onu saxlayaraq nizam intizamlı olmağa və onlarla birlikdə Biləcəri st. XPŞ-nə getməsini xahiş etmişlər, lakin polis işçisinin qanuni tələblərinə tabe olmayaraq polis şöbəsinə getməkdən imtina edərək ünvansız nəlayiq küçə ifadələri işlədərək ictimai qaydanı və ictimai asayişi pozmağa başlamış, buna baxmayaraq məcburi qaydada XPŞnə gətirilmişdir. Biləcəri st. XPŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Sabirabad rayon Qalaqayın kənd sakini Şəxsdur. Biləcəri st. XPŞ-də hal şahidlərinin və növbətçi köməkçisi, polis baş serjantı Ayaz Hüseynovun iştirakı ilə Şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən şübhə doğuran 2 (iki) ədəd bir qramlıq şpirist və məhlul hazırlamaq üçün 1 (bir) ədəd şüşə ampula aşkar edilərək həmin şəxslərin iştirakı ilə götürülmüş və xüsusi zərfə qoyularaq qablaşdırılmışdır. Habelə Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə keçirilən müayinə nəticəsində Şəxs narkotik vasitədən istifadə etdiyi müəyyən olunmuşdur. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 20:00 radələrində Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən inzibati binanın yanında dayanmışdır. Bu zaman aralıdan 2 (iki) nəfər mülki geyimdə olan şəxslərin ona tərəf gəldiklərini görmüşdür. Onlar ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bilmişlər, o isə üzərində şpirist, şüşə ampula olduğuna, özü də narkotik vasitələrin istifadəçisi olduğuna görə həmin şəxslərdən uzaqlaşmaq istəmişdir. Polis əməkdaşları onu yaxınlıqda yerləşən Biləcəri st. Xətt Polis Şöbəsinə dəvət etmişlər. Lakin o Polis Şöbəsinə getməmək üçün əsəbi halda yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bundan sonra polis əməkdaşları onu məcburi qaydada Şöbəyə aparmalı olmuşlar. Lakin o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna baxmayaraq, onlar tərəfindən yaxınlıqda yerləşən Biləcəri st. Xətt Polis Şöbəsinə aparılmışdır. Polis Şöbəsində növbətçi hissədə şəxsi axtarış zamanı əynində olan qış gödəkçəsinin sol içəri cibindən 2 ədəd şpirist və 1 ədəd şüşə ampula aşkar edilmişdir. Daha sonra həmin predmetlər hal şahidlərinin və onun iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Əməlindən peşmanlıq hissi keçirdiyini bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2020ci il tarixdə Narkoloji Mərkəzdə müayinədən keçirilərkən Şəxs sidiyində narkotik vasitə aşkar olunmuş və həmin tarixdə bu barədə 46 saylı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən xx.xx.2020-ci NBPİ DYNPİ Biləcəri st. XPŞ-nın rəisi polis polkovnik-leytenantı Vasif Hüseynova yazdığı izahatında polisin qanuni tələblərinə tabe olmadığını, həmçinin narkotik vasitə aludəçisi olduğunu təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN №0113304 saylı, inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 1 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu müddət onun həbs müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hesab edirəm ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması, nalayiq ifadələrlə təhqir etməsi və narkotik vasitə qəbul etməklə əlaqədar olan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Narkoloji Mərkəzdə tərtib olunan 46 saylı aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə aşkar olunmuş, narkotik vasitədən istifadə etməsi faktını və polisin qanuni tələblərinə tabe olmadığını İbişov X1. XPŞ-də verdiyi yazılı izahatı ilə də təsdiq etmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması, onları nalayiq ifadələrlə təhqir etməsi və narkotik vasitə qəbul etməklə əlaqədar olan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan inzibati xəta olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməlidir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati həbs növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əəsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən 206-cı maddəsi ilə 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu xx xxxxxx 2021-ci il tarixdən saat 21:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu nəqliyyatında polis idarəsi Biləcəri ST. Xətt Polis şöbəsinin İctimai Təhlükəsizlik qrupuna və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. İş üzrə maddi sübut 2 ədəd 1 qramlıq şpris, 1 ədəd ampula məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar