Məhkəmə qərarları › İş №3(001)-2933/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2933/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2933/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(001)- 6229/2022 saylı icra sənədinə əsasən Şəxs 22 sentyabr 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 16 avqust 2007-ci il təvəllüdlü X6 və 19 mart 2012ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 22 aprel 2025-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X8 protokolu müdafiə edərək bildirdi ki, borclu Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(001)-6229/2022 saylı icra sənədini vaxtaşırı icra etmədiyi üçün təqribən 6000 manat borcu yaranmışdır. Tələbkar borcun ödənilməsini tələb etdiyindən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. İşə məhkəmədə baxılan dövrdə borclu borcundan 900 manat ödəniş etmiş, qalan borcun ödənilməsi qaydası ilə bağlı tələbkarla aralarında razılıq əldə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(001)-6229/2022 saylı icra sənədinə əsasən hər ay uşaqlarının saxlanmaları üçün hər ay tələbkara 386 manat məbləğində aliment ödəməlidir. Hazırda taksi fəaliyyəti ilə məşğul olduğu üçün gəliri aşağı olduğundan ödənişləri vaxtında ödəyə bilməmişdir. İşə məhkəmədə baxılan dövrdə borcundan 900 manat ödəniş etmiş, qalan borcun ödənilməsi qaydası ilə bağlı tələbkarla aralarında razılıq əldə edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 izahatında bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(001)-6229/2022 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay ona uşaqların saxlanmaları üçün 386 manat aliment ödəməlidir. Lakin, borclu bu öhdəliyini vaxtaşırı icra etmədiyinə görə 6000 manata yaxın borcu yaranmışdır. İşə məhkəmədə baxılan dövrdə borclu qalıq borcdan 900 manat ödəniş etmiş, qalan borcun ödənilməsi qaydası ilə bağlı aralarında razılıq əldə edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon İcra şöbəsinin icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(001)- 6229/2022 saylı icra sənədindən görünür ki, Şəxs 22 sentyabr 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 16 avqust 2007-ci il təvəllüdlü X6 və 19 mart 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İcraata başlamaq haqqında 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(001)-6229/2022 saylı icra sənədi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında 05 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(001)-6229/2022 saylı icra sənədində göstərilən tələbin icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 8(001)- 840/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6229/2022 saylı, 03 noyabr 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs adına qeydiyyatdan keçən «Ford Transit» yük markalı, **-NL-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tərəflərin izahatlarından görünür ki, borclu Şəxs tələbkar X5 qalıq borcdan 900 manat məbləğində ödəniş etmiş, qalan borcun ödənilməsi qaydası ilə bağlı aralarında razılıq əldə edilmişdir. Tərəflər iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(001)-6229/2022 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 22 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar