Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2939/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Şəhəri, Nərimanov rayonu, X5, Ev 48/54, Mənzil 111 qeydiyyatda olmaqla, Binəqədi rayonu, Zəngəzur küçəsi, döngə 1 də fərdi evdə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının ifadələri:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:40 radələrində Zəngəzur küçəsində YPX əməkdaşlarına tabesizlik etmişdir. Onun barəsində Bakı şəhəri Yol Polis İdarəsinin X11 Şöbəsi, yol patrul xidmətinin baş inspektoru X8 tərəfindən raport tərtib edilərək barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilməsi üçün müraciət edilmişdir. Şəxsin izahatı alınmış və İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edildiyindən barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, onun sənədləri qaydasında olmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olur. Hər gün yemək üçün günorta evə getdiyini, daha sonra isə işinə davam etdiyini bildirən Şəxs hadisə baş verən gün də günorta yemək üçün evə getmədən əvvəl avtomobili yuduzdurmaq qərarına gəldiyini və avtomobili həmişə getdiyi avtoyuma yerinə verdiyini, bu zaman arxası ilə YPX avtomobilinin gəldiyini, ona yaxınlaşaraq sənədləri istədiyini, o isə sürücülük vəsiqəsinin üstündə olmadığını, lakin ad soyadını deyərək elektron qaydada yoxlaya biləcəyini YPX əməkdaşına bildirmişdir. Sənədləri yoxladıqdan sonra YPX əməkdaşı onun qayda pozuntusu etdiyini bildirmiş və narkotik vasitə istifdə etdiyini özünü narkoman kimi apardığını iddia edərək onu məhəllədə tanışları və digər şəxslərin yanında təhqir etmişdir. Bundan sonra polis onunla bölməyə getməli olduğunu bildirdikdə isə o, səbəbini soruşmuş, polis əməkdaşları isə ona heç bir cavab verməyərək biri kəmərindən, digəri isə başından tutaraq onu avtomobilə salmışlar. Bu zaman həyəcanlandığından nə edəcəyini bilməyərək avtomobilin qapısını açıb sexlərdən birinin yanında məhəllədə yaşayan yaşlı kişinin yanında dayanmışdır. Həmin kişi isə ona “evin üzbəüzdədir tez atanı çağır sənə kömək etsin” dedikdən sonra atasını köməyə çağırmışdır. O, atası ilə birgə hadisə yerinə gəldikdə YPX əməkdaşları ilə danışmağa cəhd etsələr də onları dinləmədiklərini görmüş və atası DİN 102 xidmətinə zəng vurmuşdur. Bu zaman YPX əməkdaşları tərəfindən atası ilə birlikdə şöbəyə aparılmışdır. Heç bir inzibati xəta törətmədiyini qeyd edib, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclas zalında şahid qismində çıxış edən Bakı şəhəri Yol Polis İdarəsinin X11 Şöbəsi, inzibati təcrübə üzrə baş inspektoru X2 bildirmişdir ki, həmkarı İbadov Vüqarla başqa bir maşında aşkar edilmiş inzibati xəta ilə bağlı məsələni araşdırarkən, yanlarından bir maşının qayda pozuntusu edərək getdiklərini görmüş və yoldaşını orda qoyaraq sonradan adının Şəxs olduğunu bildiyi maşının arxasınca getmişdir. Maşın avtoyumanın qarşısında saxladıqda ona yaxınlaşmış və sənədlərini istəmişdir. Sənədlərin qaydasında olduğunu yoxladıqdan sonra isə ona qayda pozuntusu etdiyini bildirmiş Fuad isə ona kobud cavab vermişdir. Bundan sonra onu şöbəyə aparmaq lazım olduğu qənaətinə gəldiyini və bunun üçün həmkarı İbadov Vüqara zəng vuraraq yanına gəlməsini istəmişdir. Vüqarla birgə Şəxsı maşına mindirdiklərini, bu zaman Vüqarın Fuadın başından, özünün isə onun kəmərindən tutaraq maşına oturtduqlarını bildirən şahid Fuadın maşının o biri tərəfdən qapısını açaraq harasa qaçdığını və tez bir zamanda atası ilə geri qayıtdığını ifadəsinə əlavə etmişdir.
5. Məhkəmə iclasında şahid qismində çıxış edən Bakı şəhəri Yol Polis İdarəsinin X11 Şöbəsi, yol patrul xidmətinin baş inspektoru X8 bildirmişdir ki, bu yaxın zamanda taxinin körpünün üstündən aşması hadisəsindən sonra onlara qeyri-rəsmi olaraq tapşırıq verilmişdir ki, taxi fəaliyyəti ilə məşğul olan maşınlara diqqət yetirilsin. Şəxs da onlar xidmətdə olarkən yanlarından qayda pozuntusu edərək maşını ziq-zaq formada hərəkət etdirərək keçmiş bu zaman həmkarı Məmmədov Kamran onun dalınca düşmüşdür. Hadisə yerinə onu Kamranın çağırdığını və o hadisə yerinə çatdıqda artıq həmkarı ilə Fuad arasında nə isə üstündə mübahisə yarandığını bildirən İbadov Vüqar onu da əlavə etmişdir ki, hər ikisi Fuadı tutaraq maşına oturtmuşlar. Lakin Fuad maşının o biri tərəfdən qapısını açaraq harasa qaçmış və atası ilə birgə çox keçmədən hadisə yerinə gəlmişdir. Atası da valideyn olaraq gərginlik keçirmiş və bu səbəbdən onlarla uca səslə danışmışdır. Hər ikisi şöbəyə dəvət edilmiş və barələrində raport tərtib edilərək aidiyyatı polis şöbəsinə verilmişdir.
6. Məhkəmə iclasında şahid qismində çıxış edən Şəxs atası X3 bildirmişdir ki, hadisə baş verən gün oğlu günorta evə gəlmiş yemək hazır olanadək evlə üzbəüz maşını yumağa verəcəyini deyərək getmişdir. Oğlunun gec gəldiyinə görə narahat olduğunu, bu zaman oğlunun boynu-başı qıpqırmızı evə girərək polislərin onu döydüyünü bildirən Əbdürəhimov Ramin məsələni aydınlaşdırmaq üçün oğlu ilə hadisə yerinə getdiyini polisə yaxınlaşaraq nə baş verdiyini soruşduqda isə oğlun narkomandı, belələrinə görə taxilər aşır ölüm-itim olur deyə ona cavab verdiyini bildirmişdir. Bu zaman “əgər oğlum nə isə qanunsuzluq edibsə tənbeh edin, amma siz onu döymüsünüz sizə kim icazə verir ki, zülümlə böyütdüyüm uşağı döyəsiniz” deyə onlara cavab verdiyini 102 xidmətinə və Ombudsmanın qaynar xəttinə zəng vurduğunu bildirən Əbdürəhimov Ramin özlərinin könüllü olaraq polisə getdiklərini sonradan özü buraxılsa da oğlunun ekspertizadan keçirilməməsi üçün bölmədə saxlanıldığını bildirmişdir. Əlində oğlunun döyülməsini əks etdirən fotoşəkillər olduğunu bildirən Əbdürəhimov Ramin məhkəmədən ədalətli qərar qəbul edilməsini və vətəndaş kimi hüquqlarının qorunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
7. xx.xx.2025-ci il tarixli, AZA ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 aprel 2025-ci il tarixdə saat 14:35-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
8. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 aprel 2025-ci il tarixdə saat 13:40 radələrində Zəngəzur küçəsində YPX əməkdaşlarına qarşı tabesizlik edərək İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.
9. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs müdafiə hüququ pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
10. Məhkəmə, proses iştirakçılarını dinləyib dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədiqi edərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
11. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
12. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.
13. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun 21 aprel 2025-ci il tarixdə polis əməkdaşının qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Çünki Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs 21 aprel 2025-ci il tarixdə Zəngəzur küçəsində YPX əməkdaşlarına tabe olmaması göstərilsə də, həmin halın baş verməsi məhkəmədə sübuta yetirilə bilmir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil təqdim edilməmişdir. Bunun əksinə məhkəmə iclasında şəxsin zəruri sənədləri polisə təqdim etdiyi müəyyən edilmiş, onun narkoman olması və ya polisin iddia etdiyi kimi avtoxuliqanlıq etməsi faktı məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclas zalında “şəxs avtoxuliqalıq etmişdirsə hər hansı bir protokol tərtib edilmişdirmi” deyə şahid kimi dindirilən YPX əməkdaşlarına sual verilsə də onlardan biri manevr qaydalarını pozduğuna görə protokol tərtib etdiklərini, digəri isə ümumiyyətlə protokol tərtib etmədiklərini bildirərək ziddiyyətli ifadələr vermişlər. Məhkəmə onu da bildirmək istəyir ki, Şəxs 21 aprel 2025-ci il tarixdə saat 14:35-də inzibati qaydada tutulsa da onun atası X3 hansı ki, eyni əsasla şöbəyə dəvət edilmişdi həmin gün sərbəst buraxılmışdır. Belə olduğu təqdirdə Şəxs hansı inzibati xətaya görə şöbəyə dəvət edilməsi və bu təkidin hansı əsasla həyata keçirildiyi məhkəmədə müəyyən edilməmişdir.
14. Bundan başqa protokol əsasında toplanmış materiala məhkəmədə baxılan zaman Şəxs müdafiə hüququnun pozulması halı aşkarlanmışdır.
15. Belə ki, məhkəmə iclasında işə baxılarkən müəyyən edilmişdir ki, inibati xəta haqqında iş üzrə icraatı aparan orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi təyin edilməsi haqqında hər hansı bir qərar və ya şəxsin müdafiəçinin köməyindən imtina etməsinə dair hər hansı bir müraciəti olmamış, həmin hallara dair sübut varsa belə iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdəfiə hüququnun pozulması deməkdir.
16. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək ittiham olunan şəxsin hüququdur.
17. İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.
18. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
19. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
20. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
21. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
22. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
23. Bundan başqa məhkəmə qeyd etmək istəyir ki, YPX əməkdaşı öz hərəkətlərini “Yol-patrul xidməti haqqında təlimat” a əsasən qurmalıdır ki, həmin təlimatın 13-cü bəndinə əsasən YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir
24. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
25. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
26. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
27. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
28. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin -cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova