Məhkəmə qərarları › İş №3(001)-2941/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2941/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2941/2022 24.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-si tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan verdiyi şikayətə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin inziati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6 -cı PB tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən 100 manat məbləğində cərimə olunması barədə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN1174595 nömrəli protokola onun iştirakı olmadan 6-cı PB-də baxılmışdır. Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən müvafiq inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılaraq xx.xx.2022-ci il tarixli cərimə növündə 100 (yüz) manat məbləğdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Müvafiq qərarı Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-dən şəxsən götürmüşdür.Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən verilən xx.xx.2022-ci il tarixli MN1255183 nömrəli inzibati tənbeh vermə haqqında qərarı aşağıda qeyd edilənləri nəzərə alaraq əsassız və qanunsuz hesab edir. Şikayətçi həmçinin göstərmişdir ki, AR İXM-in 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar.Lakin Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən ona bu barədə məlumat verilməmişdir. Eyni zamanda, bildirmişdir ki, Sabunçu rayonu ərazisində yerləşən "xxxx" MMC-nin istifadəsində olan mağazada əmək müqaviləsi ilə işləyir.Barəsində inzibati xəta haqqında protokol tərtib etmiş polis əməkdaşları mağazaya yaxınlaşaraq azyaşlı uşağa energetik içkisi satdığını bildiriblər və bununla bağlı qəbz təqdim ediblər.Qəbzdə “Berg” qazlı içkinin satışı edildiyi əks edilirdi.Müvafiq qəbzə baxdıqda həqiqətən də məhsulu özü satdığını təsdiq etmişdir.Lakin həmin zaman da Polis əməkdaşlarına bildirmişdir ki, “Berg” içkisi energetik içki deyil.Bu barədə hətta Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı da “Berg”-in energetik içki olmadığı bildirilmişdir və açıq mənbələr vasitəsilə istehlakıçıları bu barədə məlumatlandırmışdır.Habelə bununla yanaşı bildirmişdir ki, “Berg”qazlı içkisinin qablaşdırması üzərində də onun energetik içki olduğuyla bağlı hər hansı qeyd yoxdur. Şikayətçi yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-si tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati orqan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nə və şikayətçi Ş.Nazıyevə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tərəflər məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirəsalınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6 -cı PB tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, X4 Azərbaycan Respublikası İXM-nin 455.2-ci maddəsinə əsasən 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə görə etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-si tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasında araşdırma zamanı X4 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 455.2-ci maddəsininin tələbləri pozulmuş, qəbul edilmiş qərar əsaslı olmuşdur. Şikayətçi həmin inzibati qərarın qanunsuz olması barədə heç bir tutarlı səbəb göstərməmişdir.Belə ki, qanunvericilikdə göstərilənlərə əsasən etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılması yolverilməzdir.Belə ki, azyaşlıya satılan “Berg” qazlı içkisinin üzərində həmin məhsulu istehsal edən müəssisə tərəfindən “the Great Power”, yəni “böyük güc, böyük enerji” ifadəsi qeyd olunmuşdur.Buradan da aydın olur ki, marketlərdə bu tip içkilər energetik içkilər adı ilə satılır.Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6 -cı PB tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayət rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6 -cı PB-si tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar