Məhkəmə qərarları › İş №3(001)-2944/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2944/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2944/2022 26.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43cü PB-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən Şəxs barəsində xırda talamaya görə İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, F.Qurbanov küçəsində yerləşən “Al market”dən 40 manat dəyərində yağ oğurlamışdır. xx.xx.2022-ci il tarixdə isə “Al market”in depo deyilən yerində həmin marketin kassiri vəzifəsində işləyən X3 məxsus pul kisəsindən 100 manat məbləğində pul vəsaitini oğurlamışdır. Həmin zərərçəkmiş şəxslər ərizə ilə Binəqədi RPİnin 43-cü Polis Bölməsinə müraciət etmişlər. Müraciət əsasında Binəqədi RPİ-nin 43-cü PB-də toplanmış material üzrə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlar ilə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti əməkdaşa təhvil verilməsi nəzərdə tutulmuşdur. Hadisə yerinin müşahidə kameralarından həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və o, xx.xx.2022-ci il tarixdə, saat 13:30-da inzibati qaydada tutularaq barəsində İXM-in 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla razıdır. Belə ki, o, bədbəxt hadisə nəticəsində evinin damından yıxılmış, boyun və kürək nahiyəsindən ağır zədələr almışdır. Müalicəsi üçün təyin olunan dərmanları almağa pulu olmadığına görə sözügedən məbləği oğurlamaq məcburiyyətində qalmışdır. Törətdiyi inzibati xətadan səmimi peşmançılıq çəkdiyini bildirərək, məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq hazırki vaxta qədər zərərçəkmiş şəxslərə vurduğu maddi ziyan məbləğindən heç bir ödəniş etmədiyini, lakin tezliklə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X5 məxsus əmlakı oğurlamış naməlum şəxs gələcəkdə müəyyən edildikdə İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. 17 sentyabr 2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraata başlamaq barədə” qərardaddan görünür ki, AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti hadisəni törətmiş şəxsin müəyyən edilərək İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü sahə inspektoruna göndərilmişdir. 26 sentyabr 2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraata başlamaq barədə” qərardaddan görünür ki, AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. 26 sentyabr 2022-ci il tarixli əriələrdən görünür ki, zərərçəkmiş şəxslər X7 və X6 ərizə ilə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nə müraciət edərək, onlara dəymiş ziyanın ödənilmədiyini bildirmiş və hadisəni törədən şəxsin müəyyən edilərək barəsində tədbir görülməsini xahiş etmişlər. “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli AZA 019061 nömrəli potokoldan görünür ki, Şəxs həmin gün, saat 13:30-da inzibati qaydada tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” xx.xx.2022-ci il tarixli, AZA 007473 nömrəli protokoldan görünür ki, şəxsi axtarış və üstündə olan əşyaları yoxlama zamanı, Şəxs üzərində heç bir əşya tapılmamışdır. xx.xx.2022-ci il tarixli, MN ******* və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Çünki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və məhkəmədə öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona ictimai işlər növündə inzibati tənbeh növü tətbiq edilməlidir. İXM-in 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İXM-in 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İXM-in 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs tətbiq ediləcək ictimai işlər növündə tənbeh tədbiri gün ərzində dörd saatdan çox olmamalı, üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 28, 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 160 (yüz altmış) saat müddətində ictimai işlər növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Şəxs barəsində tətbiq edilmiş ictimai işlər növündə inzibati tənbeh növü gün ərzində dörd saatdan çox olmasın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar