Məhkəmə qərarları › İş №3(001)-2954/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2954/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2954/2025 24.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X7 bildirmişdir ki, xanım tərəfindən bölməyə təhqir olunması ilə bağlı müraciət daxil olmuşdur. Müraciət araşdırılan zaman məlum olmuşdur ki, xanımla Şəxs qohumu arasında borc məsələsi olmuşdur. Həmin borc məsələsi ilə bağlı Şəxs qohumu Nəcibə xanımı telefonda təhqir etmişdir. Bundan sonra Şəxs saxlanılıb bölməyə gətirilmiş və izahatı alınaraq barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, 4-5 gün əvvəl polisə çağırılmış və izahat verib evə qayıtmışdır. Daha sonra polis onu yenidən çağırmış o da bölməyə getmiş, lakin sahə inspektoru, polis kapitanı Əliyev Elvin bölmədə olmadığından geri qayıtmışdır, dünən isə yenidən bölməyə getmiş, bu zaman onu tutaraq bölmədə saxlamışlar. Bugün isə məhkəmə qarşısına çıxarılmışdır. O, Nəcibə xanımı tanımadığını, onun gəlinlərinin dayısı arvadı olduğunu gəlinlərinin qardaşının ona pul borcu olduğunu və öz dediyinə görə 2-3 ildir ki, bu borcu ala bilmədiyi və bu səbəbdən də Nəcibə xanımın təhqir dolu video yazını gəlininə göndərdiyini gəlinin isə onu bloka atdığını, lakin bu xanımın ondan əl çəkmədiyini bidirən Şəxs nəticədə aralarında mübahisə yarandığını məhkəməyə bildirmişdir. Şəxs Nəcibəni hərkəsin içində təhqir etmədiyini, telefonda ona “nə üçün gəlnimi narahat edirsən? dedikdə Nəcibə xanım “gəlininin qardaşı demişdir ki, borcu qaytara bilməsəm bu videonu ana-bacıma göndər. Ona görə göndərmişəm” deyə cavab verdikdə o da hirslə telefonda onu təhqir etmişdir. Aralarında olan mübahisənin üzbəüz yox, ancaq telefonda olduğunu deyən Şəxs məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, o, Şəxs tanımır, lakin onun gəlinini tanıyır. Şəxs gəlinin qardaşının ona borcu olmuşdur. Borc alanda video çəkmişdir ki, borcu qaytara bilməsə bu videonu ana-bacısına göndərim. Qardaşı borcu illərdir ki, qaytarmır. O da borcu qaytarsın deyə həmin videonu Şəxs gəlininə göndərmişdir. Gəlini onu bloka atmış, o da qonşunun telefonundan yenidən həmin videonu ona yollamışdır. Bu zaman gəlin əri və qaynatasına şikayət etmiş, Şəxs da yəni gəlinin qaynatası da telefonda onu təhqir etmişdir. Şəxs üzbəüz tanımadığını bildirən zərərçəkən ondan şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

5. xx.xx.2025-ci il tarixli, AZA 022370 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 aprel 2025-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

6. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 aprel 2025-ci il tarixdə saat 14:30-da Binəqədi rayonu, S.Bəhlülzadə küçəsində X2 təhqir edərək İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

7. Məhkəmə, proses iştirakçılarını dinləyib dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədiqi edərək hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

8. Belə ki, İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə müəyyən edilmişdir.

9. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlığın tərkibini yaradır. Yəni burada əsas məsələ ictimai qaydanı qorumaqdan ibarətdir ki, həmin maddənin digər hissələri özlüyündə şəxsi və əmlak toxunulmazlığını özündə ehtiva edir. Qeyd edilməlidir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.

10. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozmağa dair heç bir hərəkət müəyyən edilmir. Çünki məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Abbasov X3 Nəcibə Mansur qızı ilə telefonla danışmış və bu zaman ona evlərinə zəng edib onları narahat etməməsi ilə bağlı xəbərdarlıq etmiş, tərəflər arasında yaranan anlaşılmazlıq nəticəsində isə onu təhqir etmişdir. Təhqir iki nəfərin telefon danışığı zamanı baş vermiş, bu zaman birgəyaşayış qaydalarının, ictimai qaydanın pozulması faktı aşkarlanmamışdır. Qeyd edilən hallar istər barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, istərsə də zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Bu isə onu göstərir ki, Şəxs hərəkətləri ictimai qaydanın pozulmasına yönələn hərəkətlər olmamışdır.

11. Həmçinin qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bununla yanaşı, qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

12. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs İXM-in 510-cu maddəsi ilə təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.

13. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

14. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

15. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

16. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

17. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

20. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar