Məhkəmə qərarları › İş №3(001)-2959/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2959/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2959/2023 28.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, X1, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X6 iştirakı ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon icra məmuru X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2304/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs X5 xeyrinə yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay 150 manat məbləğində pulun tutulması qət edilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bildirdi ki, icra sənədini icra etməyə maddi imkanı yoxdur, hissə-hissə ödəyə bilər. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi borclunun məhkəmə qərarının icrasından qərəzli yayaınmadığını bildirərək iş üzrə icraata xitam xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən tələbkar X7 borclunun borcu qəsdən ödəmədiyini qeyd edərək borclu Şəxs ciddi şəkildə cəzalanmasını məhkəmədən xahiş etdi. O bildirmişdir ki, uşağı ilə birlikdə kirayə mənzildə yaşayır və uşağın bütün xərclərini tək qarşılayır. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru borclunun icra sənədini qəsdən icra etmədiyini və bunun nəticəsində tələbkarların çoxsaylı şikayətlərini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi və məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə bağlı məsələlərə baxarkən Avropa Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar». Avropa Konvensiyasının 6-cı maddəsində izahını tapan «ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra etmə vəzifəsini özündə ehtiva edir. Həmin hüququn pozulması icranın tam yerinə yetirilməməsində və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının gecikdirilməsində də təzahür edə bilər. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarın icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qalması, tələbkarın dövlət tərəfındən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulmasına gətirib çıxara bilər. Belə olan halda, inzibati xətanı törətmiş şəxsin təqsirindən məhkəmənin qərarı əsasında icra sənədi qanunla müəyyən edilmiş müddətdə icra olunmamış və icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, borclunun icra sənədinin icra edilməməsində təqsiri sübuta yetirilmişdir. Həmçinin borc ödənişindən qərəzli olaraq yayınması məhkəmə iclasında təsdiq edilmişdir. Belə ki, məhkəmə hesab edir ki, borclu icra sənədini az da olsa hissə-hissə icra etməyə çalışmamışdır. Məhkəmə onun bu əməllərini məhkəmə qərarının icrasından qərəzli olaraq yayınma kimi qiymətləndirir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3366/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati tənbeh olaraq 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarının icraya yönəldiyi vaxtdan bugünədək hərəkətsiz qalması, tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul tələbi ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati tənbehin məqsədinə nail oluna bilməz. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, məhkəmə qərarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu, onun məsuliyyətini yüngülləşdirən halların olmaması nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu Şəxs inzibati qaydada həbs edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu – 28 iyul 2023-cü il tarixdən, saat 16.30 dəqiqədən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar