Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2964/2025 16.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə1, Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə 380.000 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 07 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən 380.000 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC vasitəsilə 06 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 380.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Qeyd edilən faktla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. "xxxx" MMCnin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, həmin şirkətin hesabına xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında fəaliyyət göstərən “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkətdən 380.000 ABŞ dolları məbləğində vəsait köçürülmüş, həmin məbləğdə vəsait xx.xx.2023-cü il tarixdə X1 fəaliyyət göstərən “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkətinin hesabına köçürülmüşdür. Şəxs faktiki olaraq bu halda vasitəçilik xidməti göstərsə də, bununla bağlı hər iki şirkətlə bağlanmış müqavilələri vaxtında banka təqdim etməmişdir. Həmçinin ödənişin təyinatı zamanı hər iki müqavilə göstərilməli olduğu halda qeyd edilməmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şəxs ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti arasında xx.xx.2021-ci il tarixdə dəyəri 8000.000 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixdə Şəxs şirkəti ilə Dubay şəhərində fəaliyyət göstərən “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkəti arasında səlahiyyətli, istisnasız olmayan distributor müqaviləsi bağlanmışdır. Hər iki şirkətlə bağlanmış müqavilələrin məqsədi Şəxs tərəfindən vasitəçilik xidmətinin göstərilməsi olmuşdur. Lakin 3 şirkət arasında üçtərəfli müqavilə bağlanmamışdır. Qeyd edilən müqavilə əsasında “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti tərəfindən Şəxs MMCnin ünvanına 380.000 ABŞ dolları məbləğində vəsait köçürülmüş, xx.xx.2023-cü il tarixdə həmin məbləğdə pul vəsaiti “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkətinin hesabına köçürülmüşdür. Köçürülmüş məbləğ hesabına alınmış mallar əsasında “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkətinin ünvanına göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, 10/2021-A 210USD nömrəli müqavilədən görünür ki, “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti ilə Şəxs arasında ümumi dəyəri 8000.000 ABŞ dolları olan alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli, TSA BS 25.2.22 nömrəli müqavilədən görünür ki, “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkəti ilə Şəxs arasında səlahiyyətli, istisnasız olmayan distributor müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli, CDATUX********** nömrəli “Köçürmə ərizəsi”ndən görünür ki, xx.xx.2021-ci il tarixli İH15781-2 nömrəli invoys sənədi əsasında Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 380000 ABŞ dolları məbləğində pul vəsaiti “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 380000 ABŞ dolları məbləğində olan vəsait bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin banka idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və xidmətin idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs 380.000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2023-cü il tarixdə "xxxx" ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 380.000 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Şəxs ilə “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti ilə arasında alğı satqı müqaviləsi, həmçinin Şəxs ilə “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkəti arasında distributor müqaviləsi, bağlanmışdır. Şəxs “NYA OTOMOTİV İC DİS VE TİC. A.S.” şirkəti tərəfindən hesabına köçürülmüş 380.000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli distributor müqaviləsi əsasənda “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkətinin hesabına köçürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 787-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Məhkəmə iclasında Şəxs nümayəndəsi MMC tərəfindən vasitəçilik xidmətinin göstərildiyini bildirsə də, məhkəmədə müəyyən edilmişdir ki, faktiki olaraq Şəxs ilə tapşırıq və ya broker müqaviləsi bağlanmamış, Şəxs vasitəçilik xidməti göstərməsi ilə müvafiq sənədlər banka təqdim edilməmiş, həmçinin MMC-nin bank hesabına köçürülmüş məbləğ, heç bir xidmət haqqı tutulmadan, olduğu kimi “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkətinin hesabına köçürülmüşdür. Göründüyü kimi Şəxs tərəfindən “BRİDGESTONE MİDDLE EAST & AFRİCA FZE” şirkətinin hesabına xx.xx.2023-cü il tarixdə köçürülmüş 380.000 ABŞ dolların məbləğində vəsaitin vasitəçilik xidməti ilə bağlı olduğu bildirilsə də məhkəmə hesab edir ki, qeyd edilən izahat ödənişin təyinatını gizlətmək, bu yolla inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 380000 (üç yüz səksən min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 76000 (yetmiş altı min) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 129200 (bir yüz iyirmi doqquz min iki yüz ) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2964/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2964/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver