Məhkəmə qərarları › İş №3(001)-2966/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2966/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2966/2025 21.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş qurum Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs etibatrnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 11155.00 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11155.00 Avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Proses iştirakçılarının izahatları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş qurumun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun olaraq İfadə verərək MMC tərəfindən ödənişin bəyannamə əsasında yox, avans olaraq icra edildiyini, malların daha öncədən ölkəyə gətirildiyini, vəsaitin sonradan köçürüldüyünü, lakin daha sonra texniki səhv nəticəsində kodların səhv təyin olunduğunu, daha sonra MMC-nin nümayəndəsi tərəfindən düzgün YGB-nin ona təqdim olunduğunu nəticədə ölkəyə gətirilən mallar və onların dəyəri ilə bəyan olunmalı olan malların birəbir eyni olduğunu qeyd edərək yekun qərarı məhkəmin mülahizəsinə buraxdıqlarını bildirmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş MMC-nin nümayəndəsi Nümayəndə2 banka təqdim olunan sənəddə işçinin texniki səhv etdiyini, “payment” əvəzinə “prepayment yazıldığını bu səbəbdən dolayı da belə halın yarandığını qeyd edərək, MMC barəsində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

4. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs ilə Senol soğutma Sanayi ve Ticaret şirkəti arasında müqavilə bağlanmışdır.

5. xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, QOÇ ƏT KƏSİM VƏ İSTEHSALAT” Məhdud Məsuliyyətli Cəmiyyəti 11155.00 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11155.00 Avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.

6. "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli, № 101/101/0090/2025 dəyəri qabaqcadan ödənilmiş idxal edilməmiş mallar haqqında bildirişdən görünür ki, təqdim edilmiş bəyannamələr uyğun deyil, invoice üzrə mallar ölkəyə daxil olmayıb, vəsaitin (11.155.00) geri qaytarılması gözlənilir. Təqdim edilən bəyannamə 120 kodla qeyd edilmişdir.

7. xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, ödənişin müqabilində ölkəyə daxil olan mallar **********0395 və **********3409 nömrəli bəyannamələrlə bəyan edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

8. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

9. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təstiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təstiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfində qabaqcadan ödənilmiş məbləğ müştərinin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. Lakin məhkəməyə təqdim edilən invoys kodu səhv yazılan Şəxsnə aid olan bəyannamələrdən müəyyən edilir ki, ölkəyə gətirilən mallar və onların dəyəri bəyan olunmalı mallarla birəbir eynidir. Sadəcə texniki səhvlə bəyannamədə mallar avans kodu altında (100 və ya 110) qeyd edilməli olduğu halda, nisyə mal kimi (120 kodla) bəyan edilmişdir. Qeyd edilən hal Mərkəzi Bank tərəfindən də müəyyən edilmişdir. Belə olduğu halda əməlin inzibati xəta olması şübhələrə əsaslana bilər ki, İXM-nin 8-ci maddəsinətəqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.

11. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

12. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

13. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

14. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

15. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

16. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.

17. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

18. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar