Məhkəmə qərarları › İş №3(001)-2972/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2972/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2972/2024 10.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X4, Bakı Şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Tərtər rayonu, Səhləbad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tərtər rayonu, Səhləbad ərazi dairəsi, Səhləbad kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsində fərdi yaşayış evində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə inspektoru, polis mayoru X5 izahatında bildirmişdir ki, “Xırdalan dairəsi” adlanan ərazidə əxlaqsız hərəkətlərə yol verən şəxslərin qarşısının alınması üçün dəfələrlə zəruri tədbirlər görülmüşdür. Həmin qadınlar barəsində bir neçə dəfə İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Buna baxmayaraq həmin ərazidə olan acınacaqlı durumun qarşısını almaq mümkün olmamışdır. Həmin ərazidən günlərlə DİN 102 xidmətinə məlumatlar daxil olur, insanlar baş verən hadisələrdən narahatçılıqlarını bildirir, ailələri ilə həmin ərazidən keçə bilmədiklərini bildirirlər. xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Şəxs və yanında olan bir neçə qadının dayanacaqda dayanaraq maşınlara yaxınlaşıb pul qarşılığında fahişəlik xidməti göstərmələrini bildirdiklərini görmüşlər. Həmin qadınlara yaxınlaşaraq törətdikləri əməlin qanunsuz olmasını bildirirək həmin yerdən uzaqlaşmalarını, hərəkətlərini dayandırmalarını tələb etmişlər. Lakin həmin şəxslər, o cümlədən Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişlər. Şəxs daha sonra polis bölməsinə gətirilməsi təmin edilərək barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, saxlanıldığı gün rəfiqəsi ilə avtomobildə əyləşən zaman polis əməkdaşları onlara yaxınlaşaraq avtomobilə əyləşmələrini tələb etmişlər. Hər hansı bir qanunsuz fəaliyyətlə məşğul olmadığı halda polis əməkdaşları onu çağırmasına baxmayaraq tabesizlik göstərmədən onların tələbinə əməl etmişdir. 6 yaşında övladı var, övladı Tərtər şəhərində onun anasının yanında qalır. İşlədiyi üçün uşağı yanında saxlaya bilmir. Belə ki, o, elə Xırdalan dairəsi yaxınlığında fəaliyyət göstərən kafedə ofisiant olaraq çalışır. İşləyə bilmədiyi üçün övladı anasının yanında qalmaqdadır. Özü də təzyiq xəstəsidir, xəstəliyinin nəzərə alınmasını xahiş edir. Bakı Şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 izahatında məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 018917 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:10-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 524-cü maddəsi ilə (fahişəliklə məşğul olmağa görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport və digər iş materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə ilk növbədə Şəxs ifadəsinə tənqidi yanaşaraq sonuncunun məhkəmə iclasında verdiyi izahatı özünümüdafiə xarakterli izahat kimi qiymətləndirib, həmin izahatın həqiqətə uyğun olmadığı qənaətinə gəlir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs nəqliyyat vasitələrinə yaxınlaşaraq pul qarşılığında intim xidmət təklif etməsində inzibati xəta tərkibi mövcud olduğundan polis əməkdaşlarının ondan fəaliyyətini dayandırması barədə tələbləri qanuni olmuşdur. Şəxs isə hərəkətlərini davam etdirərək ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin tələbinə qəsdən tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs az yazlı övladının olmasını bildirsə də elektron məhkəmə informasiya sistemində onun az yaşlı övladının olması barədə hər hansı məlumat aşkar edilməmiş, Şəxs tərəfindən də azyaşlı övladının olmasını təsdiq edən hər hansı sənədi də məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs törətdiyi inzibati xətanın xarakteri, törədilmə halları nəzərə alınaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınaraq Şəxs təyin edilmiş inzibati həbs tənbeh tədbirinin aşağı həddi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş bir ayadək müddətə inzibati həbs tənbeh tədbirinin dörddə birindən az ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilməli və inzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 22:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 22:10-dan hesablansın. Qərar inzibati həbs tənbeh tədbirinin tətbiqinə dair hissədə dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə həvalə edilsin. Şəxs göstərdiyi hüquqi yardıma görə Bakı Şəhəri 11 saylı vəkil bürosunun vəkili X2 dövlət büdcəsinin vəsaiti hesabına 30 (otuz) manat pul vəsaiti ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar