Məhkəmə qərarları › İş №3(001)-2972/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2972/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2972/2025 29.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 10633.09 ABŞ dolları məbləğində vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə avans olaraq xaricə köçürmüş və 2 il keçsə də, 10633.09 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, texniki yanlışlıq baş vermişdir. 10633.09 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində trətib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə, həmçinin, “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə istifadəsində olan mobil nömrəyə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in tərəflərə çatmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mərkəzi Bankın nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, **********9822 sorğu nömrəli X1 ilə 10633.09 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuşdur. Açıq qalan məbləğ yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 07 mart 2025-ci il tarixli məktubdan görünür ki, köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri təqdim etməyən müştərilərdən biri də Şəxsdir. Bank hesabından olan çıxarışdan görünür ki, Şəxs bankda olan hesabından “VALTEMO PLASTİK SANAYİ A.S” şirkətinin hesabına 10633.09 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, alıcı Şəxs ilə satıcı “VALTEMO PLASTİK SANAYİ A.S” şirkəti arasında müqavilə bağlanmışdır. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından ölkə xaricinə köçürdüyü 10633.09 ABŞ dolları məbləğində vəsait hesabına idxal əməliyyatları aparılmış və Şəxs bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar