Məhkəmə qərarları › İş №3(001)-2974/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2974/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2974/2025 23.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Nümayəndə3 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 15750 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 15750 dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 11 mart 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. 20 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 15750 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsi ilə 10 mart 2023-cü il tarixdə avans olaraq ölkə xaricə köçürmüşdür və 2 il müddət keçsə də, malların idxalını təsdiq edəcək gömrük bəyannaməsini banka təqdim etməmişdir. Nəticədə hüquqi şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, məhkəmədən hüquqi şəxsin təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. 20 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkil Nümayəndə3 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Ukranya şirkəti "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında Ukranya şirkəti malı göndərməli idi. Mallar da Azərbaycan Respublikasına idxal edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində həmin Ukranya şirkəti ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olaraq aralarında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əlavə olaraq öhdəlik "xxxx" MMC-yə ötürülmüş, 3 tərəfli müqavilə imzalanmışdır. Hazırki köçürmələrin də hamısı 3 tərəfli müqavilədən sonra edilmişdir. Həmin üçtərəfli müqaviləni növbəti məhkəmə iclasında təqdim edəcəkdir. Öhdəlik ötürüldükdən sonra "xxxx" MMC ödənişlər etmiş, məhsullar isə daha öncədən Azərbaycan Respublikasına idxal olmuşdur. Məhsullar pul göndərilməmişdən əvvəl daxil olmasına baxmayaraq onlar ödənişləri həyata keçirərkən təyinatında avans ödənişi kimi qeyd etmişlər. Buna səbəb odur ki, əvvəl Ukranya şirkəti ilə "xxxx" MMC arasında müqavilə olmuş, daha sonra ödəniş ilə bağlı həmin cəmiyyətin vergidə problemi olduğu üçün ödəniş edə bilməmişdir. Ona görə də həmin öhdəlik "xxxx" MMC-yə ötürülmüş, "xxxx" MMC də "xxxx" MMC-nin əvəzinə ödəniş etmişdir. Hazırki avans köçürməsinin həyata keçirildiyi 10 mart 2023-cü il tarixindən sonrakı tarixə yük gömrük bəyannamələri mövcud deyildir. 23 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkil Nümayəndə3 bildirmişdir ki, yük gmrük bəyannaməsində 3 tərəfli müqavilənin qeyd olunmasına icazə verilmədiyindən bu barədə yük gömrük bəyannaməsində hər hansı qeyd edilməmişdir. Mallar "xxxx" MMC-yə aid olduğu üçün və həmin mallar onlara göndərdiyinə görə onlar məcbur olaraq ödənişi avans kimi köçürmüşlər. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə 15750 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər "xxxx" ASC-yə təqdim edilməmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, RB00100323İB152 “Xarici valyuta ilə nağdsız əməliyyat aparılması üçün ödəniş tapşırığından” görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 15750 ABŞ dolları vəsait xx.xx.2023-cü il tarixli, 6AZ-2023 müqaviləyə, xx.xx.2023-cü il tarixli, 4896 nömrəli invoysa əsasən “Ukrfarmexport LTD” şirkətinin hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, 6AZ-2023 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı “Ukrfarmexport LTD” şirkəti və alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında tibbi təyinatlı bioloji fəalləğa malik olan qida əlavələri və kosmetik vasitələrin və digər məhsulların alqı-satqısına dair müqavilə bağlanmışdır. “Ukrfarmexport LTD” şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 4896 nömrəli invoysdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli 6/AZ-2023 saylı müqaviləyə əsasən satılan malların dəyəri ümumilikdə 16510,40 ABŞ dolları təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, **********5661 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “ “Ukrfarmexport LTD” şirkətindən alınmış invoys dəyəri 3500 ABŞ dolları təşkil edən mallar "xxxx" MMC tərəfindən ölkə ərazsisinə idxal edilmişdir. Həmin bəyannamənin 44-cü qrafasında idxal olunan malların xx.xx.2022-ci il tarixli 4896 saylı invoysa əsasən idxal edildiyi qeyd edilmiş, lakin müqavilə nömrəsi isə göstərilməmişdir. Dövlət Gömrük Komitəsinin rəsmi internet saytından olan çıxarışdan görünür ki, Bazis Farma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********8526 sorğu nömrəli gömrük bəyannaməsi ilə 21012 ABŞ dolları dəyərində mallar idxal edilmişdir. Dövlət Gömrük Komitəsinin rəsmi internet saytından olan çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük bəyannaməsi əsasında “Ukrfarmexport LTD” şirkətinin hesabına xx.xx.2024-cü il tarixdə 16900 ABŞ dollları və xx.xx.2024-cü il tarixdə 4112 ABŞ dolları ödəniş edilmişdir. Dövlət Gömrük Komitəsinin rəsmi internet saytından olan çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə/invoys əsasında (xx.xx.2023-cü il tarixli, 6/AZ-2023 nömrəli müqaviləyə əsasən) əvvəlcədən ödəniş olaraq xx.xx.2023-cü il tarixdə 15750 ABŞ dolları, xx.xx.2023-cü il 760.4 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 9082.8 ABŞ dolları Ukraynaya köçürmüşdür. xx.xx.2023-cü il tarixli, **********8526 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “Ukrfarmexport LTD” şirkəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 15012 ABŞ dolları dəyərində mallar göndərilmişdir. xx.xx.2021-ci il tarixli, **-AZ-***1 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Ukrfarmexport LTD” şirkəti və "xxxx" MMC arasında müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli, **-AZ-***1 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixli, 3 nömrəli əlavədən görünür ki, həmin əlavəyə əsasən **-AZ-***1 nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 4896 nömrəli faktura üzrə ödəniş "xxxx" MMC tərəfindən həyata keçirilə bilər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, belə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə, "xxxx" MMCnin 15750 ABŞ dolları məbləğində vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi və bunun müqabilində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə riayət edilməsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İşdə olan bank sənədlərindən görünür ki, "xxxx" MMC "xxxx" ASC vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 15750 ABŞ dolları məbləğində vəsaiti Azərbaycan Respublikasından kənara, yəni Ukraynayada fəaliyyət göstərən “Ukrfarmexport LTD” şirkətinin hesabına köçürmüş və həmin həmin əməliyyatın aparılmasına əsas həmin tərəflər əsasında imzalanmış, xx.xx.2023-cü il tarixli, 6AZ-2023 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli, 4896 nömrəli invoys olmuşdur. Göründüyü kimi həmin müqavilədə "xxxx" MMC alıcı, “Ukrfarmexport LTD” şirkəti satıcı qismində çıxış etmiş, lakin pulun köçürülməsindən iki il müddət keçməsinə baxmayaraq, mallar Azərbaycan Respublikasına idxal olunmamış, habelə qabaqcadan ödəniş edilməklə köçürülmüş pullar geri qaytarılmamışdır. Məhkəmə hüquqi şəxs nümayəndəsi tərəfindən məhkəmə iclasında qeyd edilən xüsusatları işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, nümayəndənin məhkəmə iclasında bildirdiklərinə görə, "xxxx" MMC-nin vergi orqanında müəyyən çətinlikləri yarandığından həmin cəmiyyətin ünvanına əvvəlcədən göndərilmiş mallara görə hazırki protokolda qeyd edilən məbləği köçürmüşlər, köçürmə sənədlərində 3 tərəfli müqaviləyə istinad edilməsi mümkünsüz olduğundan 2 tərəfli müqaviləyə istinad etmişlər, əslində 15750 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar əvvəlcədən "xxxx" MMC tərəfindən idxal edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər həqiqətən həmin ödənişlər "xxxx" MMC tərəfindən idxal edilmiş mallara görə ödənilmiş olsa idi, o zaman "xxxx" MMC tərəfindən pul köçürməsi həyata keçirilərkən ödənişin təyinatında “Ukrfarmexport LTD” şirkəti və alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 6AZ-2023 nömrəli alqı-satqı müqaviləsinə və eyni zamanda xx.xx.2023-cü il tarixli 4896 saylı invoysa istinad edilməzdi. Həmçinin həm gömrük orqanına həm də pulun köçürüldüyü banka “Ukrfarmexport LTD” şirkəti və "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **-AZ-***1 nömrəli alqı-satqı müqaviləsi yaxud nümayəndənin üçtərəfli müqavilə kimi qeyd etdiyi xx.xx.2023-cü il tarixli, 3 nömrəli əlavə də təqdim edilərdi. Lakin həmin sənədlər nə banka nə də gömrük orqanına təqdim edilməmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********5661 sorğu nömrəli gömrük bəyannaməsində cəmi 3500 ABŞ dolları miqdarında malların ölkəyə idxal edilməsi təsdiqi tapır. Halbuki, hazırki inzibati xəta haqqında iş üzrə icraat 15750 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi ilə bağlı aparılır. Həmçinin nəzərə alınmalıdır ki, həmin malları ölkəyə "xxxx" MMC idxal etmişdir. Qeyd olunan bəyannamədə xx.xx.2022-ci il tarixli, 4896 nömrəli invoysa istinad edilsə də, müqaviləyə əlavədə həmin nömrəli faktura üzrə səlahiyyətlərin "xxxx" MMC-tərəfindən həyata keçirilməsinin mümkünlüyü göstərilsə də, bu hazırki iş üzrə köçürülmüş vəsait hesabına alınan malların qaytarılmasını istisna edir. Belə ki, invoysların nömrələrinin eyni olmasına baxmayaraq tarixləri müxtəlifdir. Yəni, hazırki ödəniş xx.xx.2023-cü il tarixli, 4896 nömrəli invoys əsasında köçürülmüşdür. "xxxx" MMC-nin "xxxx" MMC-nin adına əvvəlcədən idxal edilmiş malların pulunu ödəməsi və müəyyən sənədlərə istinad etməsi ilə bağlı məhkəmə qeyd edir ki, mallar əvvəlcədən gəldiyi halda həmin malların əvəzi avans ödənişi kimi deyil, müvafiq idxal bəyannaməsini təqdim etməklə ödənilməli idi. Göründüyü kimi hazırki halda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bank vasitəsilə xx.xx.2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş 15750 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməsi öz təsdiqini tapmır. Məhkəmə xx.xx.2023-cü il tarixli, 6AZ- 2023 müqaviləyə və xx.xx.2023-cü il tarixli, 4896 nömrəli invoysa istinad edərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində “müəyyən edilmiş müddətlərdə” anlayışı, Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 (iki) il müddəti özündə ehtiva edir. Göründüyü kimi, "xxxx" MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin müəyyən etdiyi inzibati xəta, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 15750 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin qalan hissəsinin xaricdən geri qaytarılması üçün müəyyən edilmiş 2 (iki) illik müddətin xx.xx.2025-ci il tarixdə başa çatması ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbinə əsasən, «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndində nəzərdə tutulmuş konkret müddətin (iki ilin) ötürülməsi inzibati xəta faktının subyektə münasibətdə yaranması üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq etmək məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 15750 ABŞ məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq, həmin 15750 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etmədiyindən, valyuta vəsaitini geri qaytarmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 15750 (on beş min yeddi yüz əlli) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında, yəni 3150 (üç min yüz əlli) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar