Məhkəmə qərarları › İş №3(001)-2975/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2975/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2975/2024 10.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X4 katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mehman Beybutovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Mehman Beybutov izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-866/2021 nömrəli icra sənədində cavabdeh Şəxs mülkiyyətində olan mənzildə özbaşına çəkilmiş daxili və xarici qaz xətlərinin ləğv edilməsi, həmin mənzildə olan qaz xətlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin iş üzrə cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınması göstərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-169/2023 nömrəli icra sənədindən və qərardadından görünür ki, 2(001)-866/2021 nömrəli icra sənədinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli qərarın ləğv edilmiş və keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması qərara alınmışdır. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilərək borcluya göndərilmişdir. Şəxs bu günədək icra sənədini icra etməmişdir.Bu səbəbdən, Şəxs borcunu icra etmədiyi üçün, sonuncu barəsində İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, borclu Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, qeyd edilən icra sənədi onun tərəfindən icra edilmişdir. Yaşadıqları bina təxminən 1980-1985-ci illərdə tikilmişdir. Qaz borusunun ana xətti birinci mərtəbədən sonuncu mərtəbəyə qədər evin içi ilə gəlir, oradan da evlərin içinə paylanır. 20-25 il bunda əvvəl qaz borusunun ana xətti evin içindən padyezə çıxarılmışdır.Rafail Kərimovdan başqa bütün bina sakinləri bayırdan içəri qaz çəkmişlər. O qətnaməni icra etmiş, qaz xəttlərini çölə çıxartmışdır,sonra isə şikayət əsasında yenidən evin içi ilə çəkmişdir. Bundan sonra onun tərəfindən qətnamə tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin, Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilmiş və yenidən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Yaşadıqları binanın tikinti layhəsi mövcud deyildir. Bu səbəbdən qaz xəttlərinin konkret olaraq haradan keçməsini müəyyən etmək mümkün deyil. Bu səbəbdən icra sənədini icra edə bilmir. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərərək bildirmişdir ki, icra sənədi üzrə icra tələbi hazırki vaxta qədər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra edilməmişdir. Belə ki, Şəxs yaşadığı mənzildə otaqların yeri dəyişdirilmiş və buna uyğun olaraq da qaz xətlərinin yerləri qanunsuz olaraq dəyişdirilmişdir. Şəxs tərəfindən hazırki vaxta qədər icra sənədi icra edilmədiyindən onun AR İXM-nin 528.1-ci maddəsi ilə tqsirli bilinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-866/2021 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs mülkiyyətində olan mənzildə özbaşına çəkilmiş daxili və xarici qaz xətlərinin ləğv edilməsi, həmin mənzildə olan qaz xətlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin iş üzrə cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınması qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-169/2023 nömrəli icra sənədindən və qərardadından görünür ki, 2(001)-866/2021 nömrəli icra sənədinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manatın dövlət nəfinə tutulması qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Sözügedən bildiriş Şəxs tərəfindən 01 mart 2024-cü il tarixdə imzalanmaqla qəbul edilmişdir. 27 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 1 B yaşayış binasının qaz xəttlərinin çəkilməsi ilə bağlı layihə sənədinin mövcud olmadığı göstərilmişdir. xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 avqust 2021-ci il tarixli, 2(001)-866/2021 saylı icra sənədi üzrə tələbini 10 may 2024-cü il tarixədək icrasını təmin edəcəyini öhdəsinə götürmüşdür. "xxxx" ASC-yə məxsus xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs ekspertiza xərci üzrə qeydə alınmış borcdan 50 manat məbləğində pul ödəmişdir. xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən verilmiş aktlardan görünür ki, ünvan 2 ünvanlarında mətbəxin yerinin dəyişdirilməsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 866/2021 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-866/2021 nömrəli icra sənədi üzrə Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-866/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Daha sonra Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin 27 yanvar 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2023ü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilməsi barədə 27 yanvar 2023-cü il tarixli qərar ləğv edilmiş, icra hərəkətlərinin davam etdirilməsi yenidən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilmişdir. 20 fevral 2024-cü il tarixdən 2(001)- 866/2021 saylı, 11 avqust 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 145 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli məktubda Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 1 B yaşayış binasının qaz xəttlərinin çəkilməsi ilə bağlı layihə sənədinin mövcud olmadığı göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 8(001)- 169/2023 saylı qərardadında Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 1B saylı evin 52 saylı mənzilində özbaşına çəkilmiş qaz xəttlərinin ləğv edilmədiyi, mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilmədiyi və mətbəxdə detektorların quraşdırılmadığının müəyyən olunduğu göstərilmiş, məhz bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsi barədə 27 yanvar 2023-cü il tarixli qərar ləğv edilmişdir. Məhkəmə iclasında tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildiriş verilmiş, bundan sonra 27 fevral 2024-cü il tarixli məktubda Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 145 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli məktubda Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 1 B yaşayış binasının qaz xəttlərinin çəkilməsi ilə bağlı layihə sənədinin mövcud olmadığı göstərilməsinə baxmayaraq, qaz xəttlərinin layihyə uyğun necə çəkilməli olması müəyyən edilmədən, mətbəxdə detektorların quraşdırılması ilə bağlı xəbərdarlıq olunmadan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən formal olaraq 06 may 2024-cü il tarixdə iltizam alınmış, daha sonra iltizamdakı göstərilən müddətdə yəni 10may 2024-cü il tarixdə şəxsin barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki inzibati xəta haqqında işə baxılan zaman isə borclu Şəxs əməlində icra məmurunun qanuni tələblərininin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən edilmədi. Bu səbəbdən məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 10 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar