Məhkəmə qərarları › İş №3(001)-2975/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2975/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2975/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş 16 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 06 mart 2023-cü il tarixdə 17740,47 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 07 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, Belarus Respublikasında qeydiyyatda olan “Bioterra” şirkəti ilə daha öncədən "xxxx" MMC arasında müqavilə olmuş, "xxxx" MMC-nin “Bioterra” şirkətinə 17740,47 ABŞ dolları məbləğində borcu yaranmışdır. Sonradan hər üç şirkət arasında 01 mart 2023-cü il tarixdə borcun ötürülməsi müqaviləsi bağlanmış, borcun əvəzi kimi həmin pul Belarus Respublikasına göndərilmişdir. Yəni, həmin pulun göndərilməsi malların sifarişi ilə bağlı olmamışdır. “Ödəniş tapşırığı”na əlavə edilmiş müqavilə malları idxal etmək niyyəti olmadan formal olaraq bağlanmışdır. Buna görə də, inzibati xəta hadisəsi mövcud olmamış hesab edilməlidir. Sonda Q.Ə.Əlyarbəyov məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 01 mart 2023-cü il tarixli müqavilədən görünür ki, “BİOTERRA LTD” şirkəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli 0103B nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. 06 mart 2023-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" ASC-də olan hesabdan 17740,47 ABŞ dolları məbləğində pul vəsaiti “BİOTERRA LTD” şirkəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0103B nömrəli alğı-satqı müqaviləsi üzrə qabaqcadan ödəniş olaraq “BİOTERRA LTD” şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 10 mart 2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 17740,47 ABŞ dolları məbləğində olan vəsait bank hesabından 06 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin həmin məbləğin dəyərində olan mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və valyuta vəsaiti geri qayıtmamışdır. Beləliklə, müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 17740,47 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 06 mart 2023-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və 17740,47 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında “BİOTERRA LTD” şirkəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli 0103B nömrəli alğı-satqı müqaviləsinin formal xarakter daşımasını bildirsə də, işdə olan sənədlərdən faktiki olaraq görünür ki, Banka ödənişin əsası kimi məhz sözügedən müqavilə təqdim edilmiş, həmin müqavilədə qeyd olunan mallar isə ölkəyə idxal olunmamış və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 17740,47 (on yeddi min yeddi yüz qırx dollar, qırx yeddi sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 3548,09 (üç min beş yüz qırx səkkiz dollar, doqquz sent) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 6031,75 (altı min otuz bir manat, yetmiş beş qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar