Məhkəmə qərarları › İş №3(001)-2980/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2980/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2980/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış İXM-in 346.1-ci maddəsi ilə cərimə edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, EQ 27478529 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış İXM-in 346.1-ci maddəsi ilə cərimə edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, EQ 27478529 nömrəli elektron qərardan verdiyi şikayət məhkəmənin icraatına daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Daxili İşlər Nazirliyi DYP tərəfindən etibarnamə əsasında idarə etdiyi **-XZ-*** dövlət nişanlı avtomobillə Binəqədi rayonu, Xocahəsən dairəsi yaxınlığında saat 08:21-də durma qaydasını pozduğuna görə barəsində 20 manat məbləğində EQ27478529 seriyalı elektron protokol(qərarlı) tərtib olunub elektron kabinetinə göndərilmişdir. Həmin protokol(qərar) aşağıdakı səbəblərə görə ləğv edilməli və inzibati icraata xitam verilməlidir: Belə ki qeyd olunan tarixdə nəqliyyat vasitəni yolun ən sağ zolağında digər nəqliyyat vasitələrinin hərəkətinə və piyadalara mane olmadan saxlamışdır. Ərazidə dayanma və durmanı qadağan edən hər hansı yol nişanı mövcud deyil. Bundan əlavə, tərtib olunmuş protokolda və əlavə edilmiş fotolarda da dayanma və durmanı qadağan edən nişandan sonra avtomobilin dayandığı açıq şəkildə əks olunmur. Bu isə qayda pozuntusunun vizual sübutunun olmaması deməkdir. Qanunvericiliyə əsasən sürücünün cərimələnməsi üçün qayda pozuntusu dəqiq şəkildə sübuta yetirilməlidir. Əks halda, bu inzibati xətanın qeyriqanuni tətbiqi hesab olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində İXM-in 346.1-ci maddəsi ilə qəbul edilmiş elektron qaydada tərtib olunmuş EQ27478529 nömrəli protokolun qanunsuz hesab edilərək ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN BDYPİ-nin X2 qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 27478529 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 manat məbləğində inzibati cərimə olunmuşdur. Lakin, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən avtomobilin saxlanıldığı ərazidə hər hansı qadağanedici nişanın olub-olmamasını müəyyən etmək mümkün olmur. Həmçinin, iş materialları ilə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 tərəfindən avtomobilin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş konkret olaraq hansı qadağan edilən yerdə durmasını da müəyən etmək mümkün deyil. “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinin İ bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Həmin maddənin İV bəndinə əsasən aşağıdakı yerlərdə: 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; 11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. İXM-in 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. İXM-in 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının X2 yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bundan əlavə, “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması – əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir; İş materiallarına əlavə edilmiş fotoşəkillərdə isə nəqliyyat vasitəsindən şəxsin düşməsi açıq-aşkar görünür. Belə olan hallarda isə nəqliyyat vasitəsi durmuş hesab edilmir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Məhkəmə iclasında iş materillarında olan fotoşəkillər tədqiq olunmuş və fotoşəkillərdən **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin durma qaydalarını pozmasının sübuta yetirilməsi mümkün olmamışdır. Belə olan halda X3 əməlində İXM-in 346.1-ci maddəsinin tərkibi yaranmır və məsuliyyətə cəlb oluna bilməz. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin əməlində İXM-nin 346.1-ci maddəsinin tərkib əlaməti mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 27478529 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi vasitəsilə qeydə alınmış xx.xx.2025-ci il tarixli, EQ 27478529 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar