Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2986/2024 13.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı müəyyən etdim: İXM-nin 529.3-cü maddəsi ilə Şəxs barəsində barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemindən əldə edilərək iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1648/2024 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə işin baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərar isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1648/2024 saylı qərarı ilə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq səlahiyyətli orqan tərəfindən Şəxs xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi qənaətinə gələrək onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1648/2024 saylı qərarı ilə ləğv edilmişdir. Yəni İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilən zaman Şəxs tərəfindən qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş qanuni qüvvəyə minmiş qərar olmamışdır. Məhkəmə tərəfindən ləğv edilmiş inzibati tənbeh vermə haqqında qərarın icra edilməməsinə görə şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqıda protokol tərtib edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İXM-nin 529.3-cü maddəsində qanuni qüvvəyə minmiş qərarın qanuni əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulduğundan, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda İXP ******* saylı protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanuni əsaslar olmadan icra edilmədiyi göstərildiyindən, halbuki həmin qərar Yasamaı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-1648/2024 saylı qərarı ilə ləğv edildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkib əlamətləri yoxdur, buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən hallar mövcudluğunu yoxlayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2986/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2986/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver