Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2989/2025 28.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1990-cı il tarixdə Sabirabad rayonu, Moranlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis kapitanı X2 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs 27 aprel 2025-ci il tarixdə 18:00 radələrində Binəqədi rayonu, M.Davudoğlu küçəsində yerləşən “Xatirələr” adlı kafedə sərxoş vəziyyətdə ictimai qaydanı pozmaqla polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, “Xatirələr” adlı kafeni işlədən şəxsin dəvəti ilə polis əməkdaşları əməliyyat qrupu yaradaraq həmin kafeyə getmişlər. Kafedə olan zaman Şəxs spirtli içkinin təsiri altında həmin yerdə uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Dəfələrlə şəxsi nizam-intizama dəvət etsələr də, şəxs hərəkətlərini qərəzli şəkildə davam etdirmişdir. Faktla bağlı həmin şəxsin barəsində tədbir görülməsi məqsədi ilə şəxsi 4-cü polis şöbəsinə gətirmişdirlər. Şöbədə yenə də Cavad öz hərəkətlərini davam etdirmiş, şöbənin və növbətçi hissəsinin iş rejimini kobud sürətdə pozmuşdur. Bununla bağlı da protokol tərtib edilib, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, spirtli içki çox qəbul etmişdir, özündə olmamışdır və hazırda etdiyi əməldən peşmandır. Verilmiş suallara cavab olaraq sol qulağında olan xəsarətin çox miqdarda spirtli içki qəbul etdiyi üçün özündə olmadığından başını polis bölməsində divara vurması nəticəsində yarandığını, polis idarəsində ona hər hansı xəsarət yetirilmədiyini, avtoyuma məntəqəsində işlədiyini, spirtli içkinin təsirində olduğunu bu gün səhər saatlarında, təxminən 9-10 radələrində ayıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Binəqədi rayonu, M.Davudoğlu küçəsində yerləşən “Xatirələr” adlı kafenin sahibindən məlumat daxil olmuşdur ki, 1 nəfər şəxs ağır içkili vəziyyətdədir, kafedə səs-küy yaradaraq ictimai asayişi kobud şəkildə pozur. Onlar hadisə olan kafeyə gedərək heç nə demədən müşayiət etməyə başlamışlar. Cavadı da şöbənin yaxınlığında avtoyuma məntəqəsində işlədiyindən əvvəldən tanımışdır. İlk öncə gəlmiş və salamlaşmışlar, hər şey qaydasında olmuş, həmin vaxt səs-küy yaradan şəxsin Cavad olduğunu bilməmişlər. Aradan bir az keçdikdən sonra səs-küy gəlməyə başlamış və yaxınlaşdıq səs-küy salanın Cavad olduğunu müşahidə etmişlər. Əvvəlcə Cavada bildirmişlər ki, “içkilisən və səni tanıyırıq, burada adamlar var və belə hərəkətlərə ehtiyac yoxdur.” Cavad isə başa düşdüyünü bildirmiş və onlardan ayrılıb, yerinə getmişdir. Daha sonra yenidən əli ilə divara vuraraq nalayiq ifadələr işlətməyə başlamışdır. Kafedə arakəsmələr taxtadan olduğundan səs hər tərəfə yayılmışdır. Yenidən Cavada yaxınlaşmış və sonuncuya insanları narahat etdiyini bildirmişlər. Cavad isə onlara bildirmişdir ki, o, 25 ilin konyakını içmişdir. Yenə də Cavadı sakitləşdirmişlər, lakin, artıq 3cü dəfə Cavad hərəkətlərini artırmağa başlamış və ucadan nalayiq ifadələr işlətməyə və kafeni dağıtmağa başlamışdır. Özünü yerə çırparaq içkili olduğunu, heç kimin ona heç nə edə bilməyəcəyini bildirmişdir. Artıq onu sakitləşdirə bilmədiklərindən və onların asayişi pozmamaq barədə tələblərini yerinə yetirmədiyindən məcbur olub onu şöbəyə gətirmişlər. Şöbəyə gətirən zaman yolda avtomobilin qapısını açaraq özünü atmaq istəmiş, həmçinin avtomomobilin içərisində özünü sağa-sola vurmağa başlamışdır. Daha sonra şöbəyə gətirib, şəxsi məcbur MSY-nə salmışlar. Orada da özünü divara vurmağa və nalayiq ifadələr işlətməyə davam etmişdir. Şəxs qışqıraraq narkoman olmadığını bildirmişdir. Lakin ona içkili halda ictimai asayişi pozduğu üçün şöbəyə gətirilməsi bildirilmişdir. Daha sonra yenidən Şəxs inanıb MSY-dən buraxmışlar ki, bir az sakitləşsin və sonuncunu ümumi zala gətirmişlər. Özləri də şöbənin qapı tərəfində dayanmışlar. Birdən içəridə nəyinsə qırılması səsini eşitmişlər. Baxıb görmüşlər ki, Şəxs zalda divardan asılmış lövhəyə başını vuraraq lövhəni sındırmışdır. Bundan sonra isə onu döydüklərini və onlar tərəfindən edildiyini bildirmişdir. Ona videogörüntü olması, özün bu hərəkətləri etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, AZA ******* saylı “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:0-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Məsud Davudoğlu küçəsində yerləşən Xatirələr adlı kafedə 1 nəfər şəxsin spirtli içki qəbul edərək ünvansız nalayiq söyüşlər söyməsi və özünü yerə vurması barədə PŞ-nə Cavad adlı şəxs gətirilmişdir. Şəxs PŞ-nə gətirilən zaman qəsdən bilərəkdən növbətçi hissə ilə üzbəüz yerləşdirilmiş olan şüşə lövhəni başı ilə vurmaqla sındırmışdır. PŞ-nin 1 saata yaxın iş rejimini pozmuşdur. Hadisə nəticəsində həmin şəxsin başın, bədəninin və üz nahiyəsində müxtəlif yaralar və qan izləri müşahidə olunurdu. Bununla bağlı 103 Xidmətinə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, 2/23502 saylı protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi orta olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş video-görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, təqdim edilmiş diskdə 3 ədəd video-görüntü mövcuddur. İki ədəd diskdə olan görüntüdə Şəxs yerdə oturduğu və ətrafda çoxsaylı qanabənzər qırmızı ləkələrin olduğu görünür. Videolardan birində isə Şəxs MSY-nin dərmir barmaqlıqlardan ibarət olan qapıya zərbələr endirməsi və uca səslə qışqırması müşahidə edilir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi üçün onun əməlində hər iki xətanın tərkib əlamətlərinin mövcudluğunu ayrı-ayrılıqda tədqiq etməyi zəruri hesab edir. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, həmin maddənin tələblərinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs “Xatirələr” adlı kafedə spirtli içki qəbul edərək uca səslə söyüşlər söyərək, əli ilə divara vuraraq səbəbsiz şəkildə səs-küy salmış, ətrafdakı insanları narahat etmiş, polis əməkdaşlarının hərəkətlərini dayandırması barədə tələbinə əməl etməmiş, şöbəyə gətirildikdən sonra da hərəkətlərini davam etdiərək saxlama yerinin qapısını təpikləmiş, uca səslə qışqırmış, həmçinin lövhəni sındırmaqla özünə xəsarət yetirmiş və polis bölməsinin iş rejimini kobud şəkildə pozmuşdur. Göründüyü kimi, 27 aprel 2025-ci il tarixdə 18:00 radələrində Binəqədi rayonu, M.Davudoğlu küçəsində yerləşən “Xatirələr” adlı kafedə Şəxs spirtli içki qəbul edərək ucadan nalayiq ifadələr işlətmiş, həmçinin divara zərbələr endirmişdir. Onun bu davranışı ətrafda olan şəxslərin sakitliyini pozmuş, cəmiyyətin etik normalarına zidd hərəkət kimi qəbul edilmişdir. Həmçinin polis şöbəsində də MSY-nin qapısına zərbələr endirmiş, uca səslə qışqırmış, özünə xəsarət yetirərərk polis bğlməsinin iş rejimini kobud şəkildə pozmuşdur. Məhkəmə Şəxs hərəkətlərini aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir:
1. İctimai davranış qaydalarının pozulması: Onun yüksək səslə nalayiq ifadələr işlətməsi və divarlara zərbələr endirməsi ətrafda olan şəxslər üçün narahatlıq yaratmışdır ki, bu da cəmiyyətin birgəyaşayış qaydalarına ziddir.
2. Əxlaq normalarına uyğunluğun pozulması: İctimai yerlərdə nalayiq ifadələr işlətmək, cəmiyyətin etik və mənəvi normalarını pozmaqla, digər şəxslərin hüquqlarını da zədələyir. Bu əsasda məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətləri İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibini təşkil edir. Həmin maddənin tətbiqi ilə Şəxs törətdiyi hərəkətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi zəruridir. Cəmiyyətin asayişinin təmin edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün bu cür davranışlara qarşı inzibati tədbirlər görülməsi isə vacibdir. Məhkəmə İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğuna dair isə qeyd etməyi zəruri hesab edir ki, Şəxs öz hərəkətləri ilə ictimai davranış qaydalarını pozmaqla cəmiyyət içərisində ucadan nalayiq ifadələr işlətmişdir. Qeyd olunan hərəkətlərini dayandırmağı tələb olunduqda isə Şəxs öz hərəkətlərini davam etdirmiş, bundan sonra şöbəyə aparıldığı zaman da avtomobilin qapısını açıb özünü atmaq istəmiş, həmçinin avtomobilin içərisində özünü sağa-sola vurmuş, MSY-də saxlanılmasına qeyriadekvat şəkildə etiraz edərək qapıya zərbələr endirmiş, uca səslə qışqırmışdır. Belə olan halda, Şəxs ictimai qaydanı pozan hərəkətləri dayandırmasına dair yönələn tələb qanuni olmuş, Şəxs isə qeyd olunan tələbə tabe olmayıb, hərəkətlərini davam etdirməklə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, ictimai yerdə ucadan nalayiq ifadələr işlədərk ictimai qaydanı pozmuş, bununla da sonuncu tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlləri törədilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidin izahatları ilə, digər sənədlərlə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, şahidlərin izahatları, video-görüntü və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini İXM-nin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Odur ki. Şəxs inzibati həbs müddətinin əvvəli 28 aprel 2025-ci il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 28 aprel 2025-ci il tarixdən, saat 09:30-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Zamiq Bağırov