Məhkəmə qərarları › İş №3(001)-299/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-299/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-299/2023 13.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X9 katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də inşaatçı vəzifəsində çalışan, Kürdəmir rayonu, Sığırlı ərazi dairəsi, Sığırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X2 izahat verərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)- 1690/2012 nömrəli icra sənədində 26 sentyabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 87 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X3 ödənilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2012-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Şəxs hazırda icra sənədi üzrə 6000 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)-1690/2012 nömrəli icra sənədinə əsasən 26 sentyabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 87 manat sabit pul məbləğində alimentin ondan tutularaq X3 ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, zərərçəkmiş şəxs X6 ilə aralarında olan nikah pozulduqdan sonra onlar onun himayəsində yaşamış və hər ay aliment məbləğindən də artıq məbləğdə pul vəsaitini onlara xərcləmişdir. Hazırda zərərçəkmiş şəxs X6 ilə aralarında münaqişə yarandığ üçün o alimentin ödənilməsi ilə bağlı icra şöbəsinə müraciət etmişdir. O icra sənədinin icra olunmasından yayınmır, onun tərəfindən hər ay ödənişlər olunur. İcra məmuru ona telefonla zəng edərək icra şöbəsinə çağırmışdır və o icra məmurunun çağırışı ilə icra şöbəsinə gələn zaman tələbkarın ondan şikayətçi olduğunu bilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilən suallara cavab olaraq hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “inşaatçı” vəzifəsində çalışdığını və aylıq 700 manat əmək haqqı aldığını bildirmişdir. Həmçinin, bildirmişdir ki, aliment borcundan tutulmaların hər ay əmək haqqına yönəldilməsinə etirazı yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)-1690/2012 nömrəli icra sənədindən görünür ki, 26 sentyabr 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 87 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X3 ödənilməsi qərara alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2012-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2012-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2019-cu il tarixli borclu Şəxs ünvanlanmış xəbərdarlıqdan görünür ki, borcluya icra sənədini icra etməsi ilə bağlı rəsmi xəbərdarlıq göndərilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.1959-cu il Kürdəmir rayonunda anadan olmuş Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1959-cu il Kürdəmir rayonunda anadan olmuş Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)- 1690/2012 nömrəli icra sənədi üzrə yaranmış aliment borcu ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Azemis” X4 vasitəsilə borclu Şəxs gəlir məlumatlarına dair göndərilmiş sorğudan görünür ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “inşaatçı” vəzifəsində çalışır və aylıq 700 manat əmək haqqı alır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(012)-1690/2012 nömrəli icra sənədi üzrə Şəxs hər ay 87 manat aliment məbləğinin tutularaq tələbkar X3 ödənilməsi nəzərdə tutulmuşdur. Sözügedən icra sənədi üzrə xx.xx.2012-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunmuşdur ki, borclunun rəsmi iş yeri var. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “inşaatçı” vəzifəsində çalışır və aylıq 700 manat əmək haqqı alır. Buna baxmayaraq, icra məmuru tərəfindən icra sənədinin icra olunmamağı ilə bağlı digər hər hansı məcburi icra tədbiri həyata keçirilməmiş, borclunun rəsmi iş yeri olmasına baxmayaraq, aliement borcunun ödənilməsi onun əmək haqqına yönəldilməmiş və barəsində birbaşa olaraq inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar