Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2995/2023 31.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X3, zərər çəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, X5 izahatında bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5137/2022 saylı icra sənədinə əsasən Şəxs hər ay 175 (yüz yetmiş beş) manat miqdarında alimentin tutularaq X6 (icra sənədində soyadı İbrahimova qeyd edilmişdir) qızına ödənilməlidir. Şəxs hal-hazırda icra sənədi üzrə 1175 (bir min yüz yetmiş beş) manat məbləğində yığılmış borcu mövcuddur. Şəxs icra sənədi üzrə yığılmış borcunu ödəməməsini səbəbini işsiz olması ilə əlaqələndirmişdir. Zərər çəkən icra şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəxs icra şöbəsinə dəvət edilərək izahatı alınmış və barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, məhkəmə qətnaməsini icra etməkdən yayınmır, məhkəmə qətnaməsinin icrasının zəruriliyini dərk edir. 2012-ci ildən 2021-ci ilin sentyabr ayına kimi Naxçıvan MR-da Müdafiə Nazirliyinin Quru Qoşunlarında müxtəlif vəzifələrdə çalışmışdır. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hər ay mütəmadi olaraq əmək haqqı kartından 375 (üç yüz yetmiş beş) manat tutularaq X2 ödənilmişdir. 2021-ci ilin sentyabr ayında xidməti uyğunsuzluqla Müdafiə Nazirliyinin Quru Qoşunlarının sıralarından kənarlaşdırılmışdır. Həmin müddətdən sonra işsizliklə üzləşmiş və maddi sıxıntılar yaşamışdır. İcra sənədi üzrə yığılmış borcun yaranmasına səbəb də ordu sıralarından xaric edilməsi olmuşdur. İcra sənədi üzrə yığılmış borc 3325 (üç min üç yüz iyirmi beş) manat olmuş, həmin borcun 2150 (iki min yüz əlli) manatı tərəfindən ödənilmişdir. Geri qalan 1175 (bir min yüz yetmiş beş) manatlıq hissəsini isə 2023-cü il dekabr ayında tam şəkildə ödəyəcəkdir. Belə ki, dekabr ayında torpaq sahəsinin satılacaqdır və həmin torpaq sahəsinin əldə edilmiş vəsaitin bir hissəsi onun payıdır. Şəxsi avtomobili olmadığından taksi fəaliyyəti ilə məşğul olduğu avtomobili icarəyə götürdüyünü, günlük qazancının böyük hissəsini də həmin avtomobilin icarə haqqına ödədiyini əlavə etmişdir. Məhkəmədən himayəsində xəstə anasının olmasını, həmçinin kirayədə yaşamasının nəzərə alınmasını və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Aylıq aliment ödənişini isə mütəmadi olaraq hər ayın 15-i ödəyəcəkdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat ödədiyini, təxminən həmin ödənişdən 10 gün qabaq da 100 (yüz) manat ödəmişdir. Avtomobilin icarəsindən əlavə aylıq 200-300 manat qazancının olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkən şəxs X4 izahatında bildirmişdir ki, icra sənədi üzrə Şəxs ona hazırda 1175 (bir min yüz yetmiş beş) manat borcu vardır. 2020-ci ilin sentyabrına kimi mütəmadi olaraq hər ay Şəxs əmək haqqı kartından aliment ödənişi 375 (üç yüz yetmiş beş) manat olmaqla tutularaq ona ödənilmişdir. Sonunca dəfə Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat ödəniş edilmişdir, həmin ödənişdən təxminən 10 gün əvvəl də 100 (yüz) manat ödəniş etmişdir. Lakin ödənişləri vaxtında icra etmir. O səbəblə də tərəfindən ərizə ilə icra şöbəsinə müraciət edilmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq Şəxs hər ay 175 (yüz yetmiş beş) manat mütəmadi ödəniş etdiyi halda, yığılmış 1175 (bir min yüz yetmiş beş) manat borcunu dekabr ayda tam şəkildə ödəməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin Şəxs yığılmış 3325 (üç min üç yüz iyirmi beş) manat borcdan 2150 (iki min yüz əlli) manatı hissə-hissə ödəməsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-17767/2016 saylı icra sənədindən görünür ki, Şəxs hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq X7 (icra sənədində soyadı İbrahimova kimi göstərilmişdir) qızına ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5137/2022 saylı icra sənədindən görünür ki, saziş imzalandıqdan sonra 2 gün ərzində 20 AZN məbləğində vəsaiti ödəyəcəyi, alimentin məbləğinin 175 (bir yüz yetmiş beş) manat olmasına, yığılıb qalan 350 (üç yüz əlli) manat pilu 2 aya bölməklə ödənilməsi, uşaqla həftədədə 3 dəfə, onun və ananın gündəlik normal fəaliyyətinə maneə yaratmayan görüntülü olmaqla 30 dəqiqə telefonla danışmağa, uşaqla hər həftənin şənbə günü 2 saat olmaqla və uşağın doğum günü təşkil olunacaq şənliyə maneə yaratmadan əlavə görüş verilməsi barədə 10 dekabr 2021-ci il tarixli barışıq sazişi məcburi icra üçün təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5137/2022 saylı icra sənədinə əsasən icraata başlanmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə əsassız olaraq inzibati protokol tərtib edilmişdir, onun əməlində qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5137/2022 saylı icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında icra sənədi üzrə yığılmış borcun yaranmasını xidmət etdiyi qoşun növündən uzaqlaşdırılması, kirayə yaşaması və anasının xəstə olması ilə əlaqələndirmişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ordu sıralarından kənarlaşdırılanadək mütəmadi olaraq hər ay qazancının ¼ hissəsi miqdarında ödəniş etməsi, bununla yanaşı icra sənədi üzrə yığılmış 3325 (üç min üç yüz iyirmi beş) manat borcun 2150 (iki min yüz əlli) manatını hissə-hissə ödəməsi, xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat ödəniş, həmin ödənişdən təxminən 10 gün əvvəl də 100 (yüz) manat ödəniş etməsi tərəflərin izahatları ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən iyul ayı ərzində iki dəfə 100 AZN məbləğində ödəniş edilməsi, həmçinin xidmətdən kənarlaşdırıldıqdan sonra yığılmış borcundan 2150 (iki min yüz əlli) manat ödəniş etməsi, əlavə olaraq da yığılmış borcunu səmimi etiraf edərək həmin borcun icrasını qısa müddətdə təmin edəcəyini bildirməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini istisna edir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2995/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2995/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver