Məhkəmə qərarları › İş №3(001)-2996/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2996/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2996/2025 28.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonu, Qubaxəlilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, Qubaxəlilli ərazi dairəsi, Qubaxəlilli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Protokolun tərtib edilməsinə səbəb Şəxs alimenti vaxtında ödəməməsidir. Proses iştirakçılarının ifadələri:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X7 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5334/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Şəxs 930 manat aliment borcu yaranmışdır. Şəxs sözügedən icra sənədi üzrə müəyyən edilmiş aliment pulunu son 3 ay tam şəkildə ödəmədiyindən borcu yığılmışdır. Şəxs sonuncu dəfə 25 aprel 2025-ci il tarixə 220 manat pul ödəmişdir. Lakin digər borcu tam şəkildə tələbkara ödəmədiyindən Şəxs rəsmi qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrə yaranmış aliment borcu ödənilmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan icra işi üzrə aliment borcundan yayınmamış və mütəmadi olaraq aliment pulunu ödəmişdir. Fəhlə olaraq günəmuzd işləyir. İcra sənədi üzrə borcu olan 930 manat aliment borcundan aylıq 30 manat pul ödəyə bilər. Çünki, aylıq 220 manat aliment pulu ödəməkdədir və ondan əlavə 30 manat da borcundan ödəməklə ümumilikdə aylıq 250 manat pul vermək imkanı vardır. Bu ilin fevral, mart və aprel aylarını işləmədiyi üçün ödəyə bilməmişdir. Həmin məbləği də hissə-hissə ödəyəcəkdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X4 etibarnamə üzrə nümayəndəsi X6 borclu Şəxs aylıq ödədiyi 220 manat aliment pulundan əlavə 30 manat pul verəcəyini dediyini, hazırda Şəxs qarşı şikayətlərinin olmadığını qeyd edib, alimentin vaxtında ödənilməsini istədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 5334/2023 nömrəli icra sənədindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir.

6. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5334/2023 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.

7. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5334/2023 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir.

8. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Şəxs barəsində axtarış elan edilmişdir.

9. "xxxx" ASC-nin portal çıxarışından və qəbzindən görünür ki, Şəxs tərəfindən mütəmadi olaraq aylıq 220 manat pul tələbkarın hesabına ödənilmişdir.

10. Zərərçəkmiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Şəxs qarşı şikayətləri yoxdur. Məhkəmənin əsaslandırması və mövqeyi

11. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.

12. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.

13. Məhkəmə iclasında Şəxs barəsində olan icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmiş, habelə zərəçəkmiş şəxsin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək ondan şikayətlərinin olmadığını bildirmişlər.

14. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması müəyyən edilmişdir. Çünki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə yanaşı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasında verdikləri izahatlarında Şəxs icra sənədi üzrə olan borcunu hər ay mütəmadi olaraq tam məbləğdə ödəməsi, qalan borcu isə hissə-hissə ödəyəcəyi ilə bağlı zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi ilə razılığa gəlməsi müəyyən edilmişdir.

15. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.

16. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

17. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

20. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar