Məhkəmə qərarları › İş №3(001)-2998/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2998/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2998/2022 07.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri X12 İdarəsinin X2 baş inspektoru, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, adına olan “Mersedes Benz E 240” markalı **- VR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, A.Şaiq küçəsində faktiki olaraq tam hərəkətsiz vəziyyətdə dayandığı zaman X1 idarə etdiyi “Renault” markalı **-US-*** markalı dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini arxadan vurmuş, nəticədə idarə etdiyi avtomobilin arxa hissəsi əzilmiş və maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olmamasına, ümumiyyətlə heç bir təqsirinin olmamasına baxmayaraq, həmin vaxt hadisə yerinə gəlmiş Bakı şəhəri X13 İdarəsi Müşayiət-Eskort bölüyü YPX baş inspektoru, polis kapitanı X6 tərəfindən guya əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol verməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozması əsas gətirilərək barəsində TP ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğuna görə, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-1837/2022 nömrəli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-nə göndərilmişdir. Bakı şəhəri DYPİ-də işə yenidən baxılarkən heç bir araşdırma aparılmamış, guya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozması əsas gətirilərək barəsində xx.xx.2022-ci il tarixli TP5195990 nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş heç bir qanuni əsası olmayan, hər hansı sübuta əsaslanmayan, qərəzli olduğu aşkar görünən həmin inzibati xəta haqqında qərara görə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın sığorta orqanı tərəfindən əldə edilməsində çətinliklərlə üzləşmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X7 şikayəti müdafiə edib, onun məzmununa uyğun çıxış edərək, əlavə olaraq bildirmişdir ki, barəsində olan iş üzrə Bakı şəhəri DYPİ tərəfindən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilənlərlə bağlı əlavə araşdırma aparılması göstərilsə də idarə tərəfindən heç bir araşdırma aparılmamışdır. Bakı şəhəri DYPİ-nə dəvət edilsə də idarədə qərarın artıq hazır olduğunu və ona qərar imza etməsi bildirilmişdir. O isə barəsində yenidən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP5195990 nömrəli inzibati xəta haqqında qərardan narazı olduğunu, icraatın onun iştirakı ilə aparılmalı olmasını, təqsirləndirilməsi ilə bağlı sübut təqdim edilməsini bildirsə də, heç birinə əməl edilməmişdir. O da buna narazılığını bildirib, qərarı imzalamaqdan imtina etmişdir. Ona görə də, məhkəmədən barəsində olan xx.xx.2022-ci il tarixli TP5195990 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-1837/2022 nömrəli qərarından görünür ki, X5 şikayəti qismən təmin edilməklə inzibati tənbeh olunmasına dair Bakı şəhəri Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Baş Polis İdarəsinin X13 İdarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inibati xətanı törətməkdə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X7 barəsində Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-1837/2022 nömrəli qərarından qeyd olunan xüsusatlar üzrə yeni heç bir araşdırma aparılmamışdır. Həmçinin müəyyən olunur ki, qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP5195990 nömrəli inzibati xəta haqqında qərarda baş vermiş hadisə üzrə X5 təqsirliliyinə dəlalət edəcək heç bir hala istinad edilməmiş, səlahiyyətli orqan tərəfindən araşdırma tələb edilən iş üzrə formal ifadələrə əsaslanaraq şəxsin təqsirli bilinməsinə nəticəsinə gəlinmişdir. Bu isə X5 əməlində qeyd olunan inzibati xəta tərkibinin olmasına dair heç bir sübutun olmamasına dəlalət edir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 tərəfindən verilmiş şikayət təmin edilsin. X7 barəsində Bakı şəhəri Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar