Məhkəmə qərarları › İş №3(001)-2999/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2999/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2999/2022 26.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayətə Binəqədi rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə onun qızı Leyla Səfxanova onunla əlaqə saxlayaraq həyat yoldaşı Piralı Səfxanov tərəfindən döyülməsi və təzyiqə məruz qalmasını bildirmişdir.O da onların yaşadığı fərdi yaşayış evinə getmiş, kürəkəni X4 qızına hücum çəkərkən onları aralamış və qızının vurmasının qarşısını almışdır.Həmin vaxt onun tərəfindən kürəkəninə heç bir təzyiq göstərməmişdir, o kürəkəni P.Səfxanovu döyməmiş, aralarında sözlə mübahisə olmuşdur.Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 43 PB-si tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokol əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır.O, heç kimi döyməmiş, heç kimə təzyiq göstərməmişdir.Eyni zamanda, ona protokol və qərar təqdim edilməmişdir, protokol və qərarın mövcudluğu barədə yaxınları sonradan məlumat vermişdirlər. X2 yuxarıda göstərilənlərini rəhbər tutaraq Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması və inzibati xəta üzrə işin icraatına xitam verilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 məhkəmə iclas zalında verdiyi izahatında şikayət ərizəsində qeyd etdiklərini təkrar edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, X6 AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası DİNnin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* qərarına əsasən məlum olur ki, X6 AR İXM-nin157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir.Azərbaycan Respublikası İXM-nin 157ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.Həmçinin, iş materiallarına əsasən məlum olur ki, X6 qarşılıqlı dalaşma zamanı – qızının əri- yəni kürəkəni Piralı Səfxanovu vurmuşdur və bu fakt polis bölməsində toplanmış sənədlərlə də təsdiqini tapır və onun əməlində İXM-nin 157-ci maddəsinin tərkib hissəsi vardır, buna görə də inzibati qaydada əsaslı olaraq cərimə edilmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* qərarın ləğv olunması barədə verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* qərarın ləğv olunması barədə verdiyi şikayəti rədd edilsin. Qərardan 10 (on) gün müddətində rəsmi qaydada təqdim olunduqdan sonra tərəflər Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar