Məhkəmə qərarları › İş №3(001)-3000/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3000/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3000/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, xxxxxxx FİN-ə malik olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçısı məhkəməyə gəlməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Natəvan küçəsində olarkən polis əməkdaşları ona və dostuna yaxınlaşaraq, özlərini təqdim etmiş, aralarında mübahisə yaranmışdır. Polislər onlardan şəxsiyyət vəsiqəsini istədikdə vəsiqələri üstündə olmadığı üçün polislərdən yayınıb qaçmaq istəmişlər. Sonra isə polislər onları bölməyə gətirmişdilər. Əvvəllər oğurluq cinayəti üstündə tutulduğu və həbs edildiyi üçün yenidən polislər tərəfindən tutulacağından qorxduğu üçün qaçmışdır. Düşünmüşdür ki, hər hansı iş üzrə saxlanıla bilər. Etdiyi əməlindən səmimi peşmandır, bir də belə hallara yol verməycəyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq heç yerdə işləmədiyini, sol əlinin isə dəzgaha düşdüyü üçün amputasiya olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər Binəqədi RPİ-nin 6-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X1 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində xidmətdə olarkən 2 nəfər şəxsin Biləcəri qəsəbəsi, Natəvan küçəsində özlərini şübhəli apardıqlarını görüb, onlara yaxınlaşmışlar. Ərazidə tez tez oğurluq hadisələri olduğundan xidmətdə olarkən şübhəli hallar yarandığı halda dərhal həmin halları müəyyən etməyə çalışırlar. Buna görə də həmin şəxslərin hərəkətlərində şübhəli hallar olduğu üçün onlara yaxınlaşıb özlərini təqdim edərək harda yaşamalarını soruşmuşlar. Daha sonra şəxsiyyətini təsdiq edən sənədi tələb etdikdə həmin şəxslər onlarla mübahisə etməyə başlayaraq müqavimət göstərməyə və qaçmağa cəhd etdiklərindən həmin iki şəxsi 6-cı Polis Bölməsinə gətirmişlər. Bölmədə həmin şəxslərin şəxsiyyəti müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, həmin şəxsin biri Şəxsdur və o əvvəllər CM-nin 177-ci maddəsi ilə məhkumluq həyatı yaşamışdır və onların qanuni tələblərinə də bu səbəbdən tabesizlik göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından barəsində İXM-in 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokola baxılaraq müəyyən edilmişdir ki, İXM-nin 535.1-ci maddəsinin sanksiyası məhkəmə orqanın səlahiyyətlərinə aiddir. Buna görə də, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili polis leytenantı X1 və Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi polis kapitanı Asim Salahov xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində İnzibati ərazidə xidmətdə olan zaman Natəvan küçəsində iki nəfər şəxsin özlərini şübhəli apardıqları üçün onlara yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra onlardan harada yaşamalarını soruşmuşlar. Onlar Biləcəri qəsəbəsində yaşadıqlarını bildirdilər. Şəxsiyyətini təsdiq edən sənədi tələb etdikdə həmin şəxslər onlarla mübahisə etməyə başladılar. Onlar onalara dəfələrlə polis işçisi olduqlarını və onların qanuni tələblərinə tabe olmağı tələb etsələrdə,bu tələblərinə məhəl qoymayaraq qaçmağa cəhd göstərərək onlara müqavimət göstərdilər. Onlar həmin iki nəfər şəxsi 6-cı polis bölməsinə gətirmişlər. PB-də məlum oldu ki, polisin qanuni tələblərinə qəsdən tabe olmayan şəxslər əvvəllər CM-nin 177-ci maddəsi ilə məhkum olmuş X2 və Şəxsdur. xx.xx.2023-cü il tarixli, 019121 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Şəxs məhkəmə prosessində hüquqlarının özü tərəfindən müdafiə ediləcəyini və bunun maddi vəziyyəti ilə əlaqədar olmadığını bildirmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzinbati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Biləcəri qəsəbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materillarına və şahid ifadəsinə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi tam şəkildə sübuta yetirilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İXM-nin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldanda göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş, lakin məhkəmə baxışına qədər azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də məhkəmə şəxsin məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4 və 31.4-1-ci- maddələrinin tələblərinə uyğun tətbiq edilməsi və dərhal məhkəmə iclas zalından azad edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar