Məhkəmə qərarları › İş №3(001)-3005/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3005/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3005/2024 13.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu, Kürdəbaz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 küçəsi, fərdi ev ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi Onur marketin yaxınlığında YPX əməkdaşlarının saxla işarəsinə əməl etməyərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X14 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, ünvan 1 küçəsi, fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. 12 may 2024-cü il tarixdə yaşadığı ünvanda spirtli içki qəbul etmiş, həmin gün axşam saat 23:00-da Sulutəpə qəsəbəsi Onur marketdən siqaret almağa gedərkən idarə etdiyi Hyundai Accent markalı, ** UF *** dövlət nömrə nişanlı avtomaşını yol polis əməkdaşlarının saxla işarəsi verməyinə baxmayaraq saxlamamış, oradan uzaqlaşmışdır. Daha sonra polis əməkdaşları onun arxasınca düşmüş və o, bir az uzaqlaşdıqdan sonra avtomaşını saxlamalı olmuşdur. Bu zaman onların arasında sözlə mübahisə düşmüşdür. Post Patrul Xidməti Bölməsinin əməkdaşları hadisə yerinə gələrək onu Polis bölməsinə dəvət etmişlər. O, əməlindən peşman olduğunu bildirmiş, əgər mümkündürsə barəsində cərimə təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşı tərtib edilən protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi Onur marketin yaxınlığında YPX əməkdaşlarının saxla işarəsinə əməl etməyərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Buna görə də, barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Binəqədi rayon Polis İdarəsinin Dövlət X17 YNH üzrə inspektoru X7 bildirmişdir ki, 12 may 2024-cü il tarixdə Sulutəpə ərazisində ** UF *** dövlət nömrə nişanlı, Hyundai markalı maşına saxla işarəsi verməsinə baxmayaraq o, surətini artıraraq qaçmağa çalışmışdır. Bu zaman Binəqədi RPİ-nin DYP şöbəsinin digər inspektoru X5 ilə şəxsi müşahidə etmişlər və köməyə gələn 245 nömrəli patrul maşınının vasitəsilə şəxs saxlanılmışdır. Təxminən 30 dəqiqəyə yaxın Şəxs arxasınca getmişdirlər. Bundan sonra yaxınlaşıb özünü təqdim edərkən Şəxs kəskin spirt iyi gəldiyini hiss etmişdir. Onu, sükanı tərk etməyə və tələbə tabe olmağa dəvət etmiş, lakin, şəxs polis əməkdaşına əl ataraq tabesizlik göstərməyə, küçə söyüşləri söyərək qaçmağa çalışmışdır. Onlar, köməyə Post Patrul Xidmətinin əməkdaşlarını çağırmış və şəxsi təhvil vermişlər. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, o cümlədən şahidin ifadəsi ilə İXM-nin 535.1-ci maddəsinə əsasən təqsiri tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin təqdim etdiyi protokola əlavə olunmuş 13 may 2024-cü il tarixli 2\25557 saylı Sərxoşluq hallarının təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs müayinə olunmuş və onda orta alkoqol sərxoşluq dərəcəsi müəyyən edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində xx.xx.2017-ci ildə doğulmuş X6, xx.xx.2014-cü il tarixdə doğulmuş X8 adlı iki uşağı vardır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı onun əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə ona İXM-nin 535.1-ci maddəsinin sanksiyada nəzərdə tutulmuş həbs növündə minimum həddə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, X4 müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 05 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən, saat 02:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsinə həvalə edilsin. Şəxs göstərdiyi 05 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar