Məhkəmə qərarları › İş №3(001)-3007/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3007/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3007/2023 04.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.6 və 333.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Yol Patrul Xidməti bölüyü tərəfindən Şəxs barəsində İXM-in 342.6 və 333.4-cü maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 bildirmişdir ki, 21 iyun 2023-cü il tarixdə Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində xidmət apararkən İSUZU SAZ NP 37 markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü qayda pozuntusu səbəbi ilə tərəfindən saxlanılmışdır. Adı sonradan məlum olan sürücü Şəxs sənədlər tələb edildikdə sürücünun sərxoş vəziyyətdə olması şübhə doğurduğundan alkotester vasitəsilə sonuncunun sərxoşluğu yoxlanılmışdır. Yoxlama zamanı Şəxs ümumi istifadədə olan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi halı aşkar edilmişdir. Şəxs izahatında **-OE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edərkən telefondan istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanıldığını və onun sərxoşluq vəziyyətinin 0,36 promil olduğunu bildirmişdir. Bundan sonra tərəfindən sürücü barəsində İXM-in 342.6 və 333.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında İSUZU SAZNP 37 markalı **-OE-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusununun sürücüsü olduğunu, 21 iyun 2023-cü il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində həmin nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılarkən o, nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etmədiyini, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğunu qeyd edib, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verlməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 01531 qeydiyyat nömrəli xüsusi texniki vasitə ilə aparılan sərxoşluq vəziyyətinin tibbi müayinəsi müayinəsinə dair çıxarışdan görünür ki, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs sərxoşluq vəziyyətinin müayinəsi zamanı onda olan sərxoşluğun həcminin 0,36 promil olması müəyyən edilmişdir. "xxxx" MMC-nin yol vərəqəsindən görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cəmiyyətə məxsus **-OE-*** dövlət qeydiyyat nişanlı avtobus təhkim edilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 iyun 2023-cü il tarixdə idarə etdiyi İSUZU SAZNP 37 markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtobusu sərxoş vəziyyətdə idarə edərək İXM-in 342.6 və 333.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə sonuncunun əməlində İXM-in 333.4-cü maddəsi ilə olan xəta hadisəsinin olması öz təsdiqini tapsa da, onun İXM-in 342.6-cı maddəsi ilə olan əməlinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Yol Patrul Xidməti bölüyüə həvalə olunmalıdır. Qeyd edilməlidir ki, qanunverici tərəfindən İXM-in 333.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilsə də, İXM-in 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi, qanunverici tərəfindən İXM-in 34.2-ci maddəsinin dispozisiyasında verilməklə inzibati xətalara dair işlərin məcmusunu təşkil edir və bu işlərə hansı qaydada baxılaraq tənbeh tətbiq edilməsini müəyyən edən sonrakı normalara münasibətdə (ümumi norma kimi çıxış edir. Burada qanunverici eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərin məcmusunun yaranmasının ümumi şərtini müəyyən edərək onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutmuşdur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. İXM-in 34.2-ci maddəsinin davamı olaraq həmin Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Bu halda da, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 333.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 333.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs İXM-in 333.4-cü maddəsi ilə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılması üçün qayda pozucularına düzgün tənbeh təyin edilməsinin mühüm əhəmiyyəti vardır. İşin mübahisəsiz hallarına əsasən Şəxs məlum qayda pozuntusunu ehtiyatsızlıq və ya hadisənin təsadüfü axarı zəminində deyil, qəsdən törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, yuxarıda sadalananlarla yanaşı, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 04 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun İXM-in 342.6-cı maddəsi ilə olan xətaya aid olan hissəsinə münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması və aparılmış araşdırma nəticəsində müvafiq qərarın qəbul edilməsi Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 avqust 2023-cü il tarixdən hesablansın. Qərarın inzibati həbs növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə və yekun qərarın qəbul edilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar