Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3007/2024 13.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon X11 şöbəsinin Yol Patrul Xidməti inspektoru polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Masallı rayonu, Kürdəbaz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 küçəsi, fərdi ev ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-cü il tarixdə “Hyundai Accent minik” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi və mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə barəsində İXM-nin 333.1 və 511.1.3-cü maddələri ilə 13 may 2024-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, ünvan 1 küçəsi, fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. 12 may 2024-cü il tarixdə yaşadığı ünvanda spirtli içki qəbul etmiş, həmin gün axşam saat 23:00-da Sulutəpə qəsəbəsi Onur marketdən siqaret almağa gedərkən idarə etdiyi Hyundai Accent markalı, ** UF *** dövlət nömrə nişanlı avtomaşını yol polis əməkdaşlarının saxla işarəsi verməyinə baxmayaraq saxlamamış, oradan uzaqlaşmışdır. Daha sonra polis əməkdaşları onun arxasınca düşmüş və o, bir az uzaqlaşdıqdan sonra avtomaşını saxlamalı olmuşdur. Bu zaman onların arasında sözlə mübahisə düşmüşdür. Post Patrul Xidməti Bölməsinin əməkdaşları hadisə yerinə gələrək onu Polis bölməsinə dəvət etmişlər. O, əməlindən peşman olduğunu bildirmiş, əgər mümkündürsə barəsində cərimə təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon X11 şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşı tərtib edilən protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00-da Binəqədi rayonu Sulutəpə qəsəbəsi Onur marketin yaxınlığında YPX əməkdaşlarının saxla işarəsinə əməl etməyərək, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətinə yol vermişdir. Həmçinin, polis əməkdaşları onu saxladıqdan sonra barəsində icraat aparılan şəxsə yaxınlaşdıqda ondan kəskin spirt iyi gəldiyini hiss etmişdir. Bu zaman şəxsi sükanı tərk etməyə və tələbə tabe olmağa dəvət etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1 və 511.1.3cü maddələri ilə inzibati protokol tərtib etmişdir. Buna görə də, barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, müdafiəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini məhkəməyə açıqlamamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs vəkilin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati nəqliyyat vasitəsinin idarə edilməsinin məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13 may 2024-cü il tarixli 2\25557 saylı Sərxoşluq hallarının təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs müayinə olunmuş və onda orta alkoqol sərxoşluq dərəcəsi müəyyən edilmişdir. Tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, o cümlədən müayinə protokolu ilə Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tam sübuta yetirilir. Qeyd edilən hala dair inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə münasibətdə bildirir ki, Şəxs mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətinə yol verdiyi qeyd edilsə də, həmin halı təsdiq edən sübut növü protokola əlavə edilməmiş, məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Eyni zamanda həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilən normalardan da görünür ki, inzibati orqan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə protokolu tərtib edərkən şəxsin təqsirini sübuta yetirmək vəzifəsini daşıyır. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İXM-nin 511.1.3-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, X3 himayəsində xx.xx.2019-cu ildə doğulmuş X4, xx.xx.2021-ci il tarixdə doğulmuş X5 adlı iki uşağı vardır. Məhkəmə X3 himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı onun əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə ona İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə minimum həddə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirliiyi sübuta yetirilmədiyindən həmin hissədə inzibati xəta üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3007/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3007/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver