Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3009/2024 14.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, zərər çəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Binəqədi rayonu, 14-cü perevalnaya-39, yataqxana 4, otaq 30 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-176/2023 nömrəli icra vərəqəsinə əsasən Şəxs 8436,77 manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilməlidir. Şəxs hissə-hissə ödəniş edə biləcəyini bildirməklə, 500 manat məbləğində tələbkara ödəniş etməyi təklif etsə də, tələbkar təkliflə razı olmamış və ödənişin hissə-hissə həyata keçirilməsini deyil, tam şəkildə ödənilməsini tələb etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs hər hansı bir gəlir yeri yoxdur, yolda gələrkən də onun hamilə olduğunu öyrənmişdir. Hal-hazırda 500 manat məbləğində ödəniş edə bilir. Şəxs hamilə olmasını protokol tərtib edərək məhkəməyə göndəridkdən sonra öyrənmişdir. İnzibati qaydada həbs edilə bilməyəcəyini və inzibati qaydada cərimə ediləcəyi halda heç bir nəticəsinin olmayacağını anlayır. X1 tərəfindən şikayət edildiyi və hissə-hissə ödənişi qəbul etmədiyi üçün Şəxs barəsində onun tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra vərəqəsi üzrə X1na 8436,77 manat məbləğində borcu olduğunu təsdiq edir, lakin o, tələbkara hissə-hissə ödəniş edərək borcun bu şəkildə ödənilməsini təklif etmişdir. Lakin tələbkar bu təklifə razı olmamış, həmin borc məbləğini tam şəkildə ödənilməsini tələb etmişdir. Qeyd edilən borc məbləği subay olduğu zaman idarə etdiyi avtonəqliyyat vasitəsi ilə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı tələbkarın nəqliyyat vasitəsinə vurduğu ziyanla bağlı yaranmışdır. Həmin hadisə zamanı özü ciddi xəsarətlər almış qara ciyərində xəsarətlər yaranmışdır. 2023-cü ilin oktyabr ayının 18-i nigaha girmişdir. Məhkəmə iclasında dilə gətirməyə utansa da, hazırda 3 aylıq hamilədir və ciyərində olan problemlərlə bağlı hamiləliyi də risk altındadır. 2024-cü ilin mart ayının 19-u Sumqayıt Hospitalda qara ciyərindən əməliyyat olmuşdur. Yenidən əməliyyat olunmalıdır. Hamiləliyi ilə bağlı qara ciyərində daşlaşma olmasını gözləməli olduğu üçün hamiləliyinin bitməsinə yaxın, təxminən 8-ci ayında yenidən əməliyyat olunmalıdır. Hazırda heç yerdə işləmir, həyat yoldaşı da əvvəllər Daxili Qoşunlarda işləmişdir, lakin bir il bundan qabaq öz ərizəsi ilə işdən çıxmışdır. Ailəyə normal qazanc daxil olmur və xəstəliyi ilə də bağlı ödənişi tam şəkildə edə bilməmişdir. Bugünədək ödənilməməsinin səbəbi tələbkar borcu tam şəkildə istəməsi olmuşdur. Hissə-hissə ödənişlə bağlı razı olsaydı indiyədək ödənişləri də edərdi. Tələbkar qəbul etmədiyi, onun da tam şəkildə ödəməyə imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Məhkəmə qətnaməsinin icrasının zəruriliyini dərk edir. Ödəniş etməkdən yayınmayır. Hal-hazırda borcundan 500 manat məbləğində ödəniş edə bilər. Adına hər hansı daşınar və ya daşınmaz əmlak da mövcud deyildir. Məhkəmə iclasında zərər çəkmiş X6 izahat verərək bildirmişdir ki, hazırda tələbi 8436,77 manat borcun tam şəkildə ödənilməsindən ibarətdir. Şəxs hissə-hissə ödəniş edə biləcəyini bildirir, lakin onun da özünün borcları olduğundan hissə-hissə ödənişlə razılaşmır. Beləki yol nəqliyyat hadisəsi zamanı onun avtonəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması üçün on min manat borc almışdır. Ondan da həmin borcu tələb edirlər. Borcun hissə-hissə ödənilməsi barədə məhkəməyə müraciət olunmuş lakin məhkəmə tərəfindən təmin edilməmişdir. Şəxs hamilə olmasından isə əvvəllər məlumatı olmamış, barəsində protokol tərtib edildikdən sonra, yəni bügün məlumatı olmuşdur. Şəxs məhkəmə qətnaməsi çıxarıldığından bugünkü günədək heç bir ödəniş etməmişdir. Hissəhissə ödəyəcəyi halda faizini də ödəməsini tələb edir, əks halda hissı-hissə ödənişi qəbul etmir. Onun inzibati qaydada cərimə ediləcəyi halda heç bir nəticəsinin olmayacağını o da bilir, lakin onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-176/2023 nömrəli icra vərəqəsindən görünür ki, 8436,77 manat məbləğində pul vəsaiti Şəxs tutularaq X4 ödənilməlidir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-176/2023 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati xəta haqqında iş üzrə materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Odur ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-176/2023 nömrəli icra vərəqəsinə əsasən Şəxs 8436,77 manat məbləğində pul tutularaq iddiaçı X4 ödənilməlidir. Lakin hazırki halda Şəxs faktiki olaraq heç bir yerdə işləmir və gəliri mövcud deyildir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hamilə olmaqla yanaşı, sonuncunun səhhətində də problemlər vardır. Buna baxmayaraq Şəxs icra sənədi üzrə aylıq 500 manat ödəniş etməklə, hissə-hissə olmaqla icra sənədini icra etmək niyyətində olduğunu sübuta yetirmişdir. Lakin X1 ödənişin tam şəkildə ödənilməsini tələb etməklə Şəxs təklifi ilə razılaşmamışdır. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət yaranması üçün borclunun icra sənədini qərəzli olaraq icra etməməsi mühüm şərtdir. Lakin Şəxs işləmədiyi, səhhətində problemlər olduğu halda aylıq 500 manat ödəniş etməklə borcunu ödəyə biləcəyini bildirməsi, məhkəmə iclası zamanı da 500 manat ödəniş etməyi təklif etməsi sonuncunun icra sənədini qərəzli olaraq icra etməməsini istisna edir. Faktiki olaraq Şəxs heç bir yerdə işləmir. "Borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Əgər borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, icra sənədi hər hansı bir hərəkət və ya hərəkətsizliklə bağlı deyildir, şəxsin hər hansı bir işi icra etməsi ilə əlaqədar deyildir, məhz şəxsdən pulun tutulub, tələbkara verilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə icra məmurunun tələbi də yalnız icra sənədindəki pulun ödənilməsi ilə əlaqədardır. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclu Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, icra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblərin nədən ibarət olması barədə məhkəməyə icra məmuru tərəfindən ümumiyyətlə hər hansı bir sübut təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini hüquqauyğun hesab edir. Belə ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icrasız qalması mənasına gəlmir və icra məmuru yuxarıda qeyd edilən məcburi icra hərəkətlərini yerinə yetirdikdən və ya şəxsin qərəzli olaraq icra sənədini icra etməməsini təsdiq edən yeni sübutlar əldə etdikdən sonra yenidən inzibati xəta haqqında protokol tərtib edərək aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və İXM-in 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3009/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3009/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver