Məhkəmə qərarları › İş №3(001)-3017/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3017/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3017/2023 16.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 27 aprel 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 27 aprel 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Elektron hökumət portalında özünə aid məlumatlara baxarkən, xx.xx.2021-ci il tarixli EXP-1032032 nömrəli protokolla İXM-nin 211.2-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur.Xüsusi olaraq qeyd etmişdir ki, göstərilən tarixdə cərimə olunmağından məlumatı olmamışdır, protokollar ona təqdim edilməyib, bu barədə hər hansı bir sənədə imza atmamışdır. Bu səbəbdən, hansı Polis şöbəsi tərəfindən barəsində inzibati protokol tərtdib edildiyini bilməmiş, daha sonra araşdırmaları nəticəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru tərəfindən cərimə olunduğunu bilmişdir. Belə ki, qeyd olunan protokolu və qərarları polis bölmələrindən xx.xx.2023-cü il tarixdə götürmüşdür.Cərimə ilə əlaqədar isə bildirmişdir ki, sərt karantin dövründə tibbi maskadan istifadə etdikləri halda da cərimələr yazılırdı.Maska təsadüfən burundan bir az aşağıda olanda da cərimə yazılırdı.Amma yuxarıda qeyd etdiyi kimi, belə bir halın onunla baş verməsi və buna görə cərimə olunması yadıma gəlmir, protokol ona təqdim olunmamışdır. Belə ki, o, epilepsiya xəstəsidir və bu xəstəliyi ilə əlaqədar 3-cü qrup əlildir.Həmişə vətəndaş olaraq cəmiyyət qarşısında məsuliyyətini dərk etmiş, öz və ailə sağlamlığı, eləcə də ətrafdakı insanları yoluxdurmamaq üçün, həmçinin xəstəliyi ilə əlaqədar maska taxmışdır. İnzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsiyyətinə uyğun olmalıdır.Eyni zamanda, onun təqsiri qanunla müəyyən olunmuş qaydada hər hansı bir foto və ya video çəkilişlə sübuta yetirilmir.Bu da onun təqsirli olduğunu sübut etmir və məlum olduğu kimi, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şikayətçi yuxarıda göstərilənləri əsas tutaraq, Bakı şəhər X8 İdarəsinin xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli protokol əsasında EPQ ******* nömrəli xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətdə göstərilənləri və epilepsiya xəstəsi olmasını nəzərə alaraq şikayətin təmin edilməsini, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 27 aprel 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-si məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə işə inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-sinin səlahiyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin çıxışını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 27 aprel 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Qeyd edilən xx.xx.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X6 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir.Həmçinin, şikayətçinin epilepsiya xəstəsi olması və bu xəstəliyi ilə əlaqədar 3-cü qrup əlil olması nəzərə alınmamışdır.Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür.Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib.Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, vətəndaş tərəfindən AR İXM-nin 211.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Bundan başqa, hadisəni əks etdirən video və foto görüntülər nə məhkəməyə, nə də ki şikayətçiyə təqdim edilməmişdir. Bu da nəticədə obyektiv həqiqətin müəyyən olunmasında çətinliklər yaratmışdır.Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən nöqsanları aradan qaldırmaq üçün şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin 27 aprel 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXMnin tələblərinə əməl edilməklə əlavə araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-si tərəfindən qəbul edilmiş 27 aprel 2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar