Məhkəmə qərarları › İş №3(001)-3019/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3019/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3019/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Şəxs vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Goranboy rayonunun Borsunlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, ev 8, mənzil 58-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının ifadələri:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X7 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Binəqədi qəsəbəsində ünvansız söyüşlər söymüş və polis əməkdaşlarına tabesizlik etmişdir. Onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili polis mayoru Fərhad Qasımov və Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Fəqan Əliyev tərəfindən raport tərtib edilərək barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilməsi üçün müraciət edilmişdir. Şəxsin izahatı alınmış və İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edildiyindən barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, o, ilk ifadəsini təzyiq altında vermişdir. Hal-hazırda hüquqlarını müdafiə edən vəkili yanında olduğundan heç kimdən qorxmadan ifadə vermək istəyir. Aprel ayının 26-da dostu ilə birgə Binəqədidə “Şərab evi” adlanan məkanın qarşısında maşında olarkən polislər onu götürüb bölməyə aparmışlar. Belə ki, polislər ona yaxınlaşaraq bölməyə getməli olduğunu demiş, o, isə etiraz etmədən polislərlə birgə getmişdir. Onu ilk öncə 7-ci polis bölməsinə aparmışlar daha sonra 43-cü polis bölməsinə gətirmişlər. Aprel ayının 26-dən 29-dək yəni məhkəməyə gətirilənədək inzibati tutulmada qaldığını bildirən Şəxs onu hansı səbəbə gətirdiklərini bilmədiyini demişdir. Bundan başqa məhkəməyə bildirmişdir ki, onu vaxtilə qeyri-rəsmi münasibətdə olduğu qadına görə gətirdiklərini ehtimal edir. Belə ki, əvvəllər münasibəti olduğu qadın ondan əvvəl də polis əməkdaşı ilə qeyri-rəsmi münasibətdə olmuşdur. Daha sonra aralarında keçən mübahisə zamanı onu həmin polislə hədələdikdə o da içkili olduğundan telefonda qadına əsəbləşmiş və adını çəkdiyi polisə də söymüşdür. Bu hadisə telefon danışığı zamanı baş vermişdir. Bu zaman qadın onun səs yazısını yazmış və polisə şikayət etmişdir. Baş verən hadisə ilə bağlı ona polislər İXM-in 510 və 535.1-ci maddələri ilə protokol tərtib edərək Xəzər Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə həmin səs yazılarına qulaq asaraq onu cərimələmişdir. Həmin qadın daha sonra şikayəti Binəqədi rayon polisinə bildirmiş və halhazırda onun barəsində cinayət işi açılmışdır. Onu zorlamada ittiham edirlər. Ehtimal edir ki, hal-hazırda da bu məsələ ilə bağlı məhkəməyə gətirilmişdir. Çünki protokolda qeyd edilən inzibati xətanı qətiyyən törətməmişdir. Ailənin yeganə qazanc gətirən üzvü olduğunu, himayəsində olan iki azyaşlı uşağı, yaşlı anası və həyat yoldaşına baxdığını, artıq 4 gündür ki, bölmədə saxlanıldığını, anasının onu axtardığını bildirərək, inzibati xəta törətmədiyini nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclas zalında şahid qismində çıxış edən Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili polis mayoru Fərhad Qasımov bildirmişdir ki, həmkarı Əliyev Fəqanla birgə ərazidə mütəmadi apardıqları baxış zamanı vətəndaş Şəxs özünü şübhəli apardığını görmüş və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra ona özünü normal aparmağı təklif etsələr də vətəndaş tabesizlik göstərərək onların qanuni tələblərinə tabe olmamışdır. Daha sonra vətəndaşı bölməyə aparmışlar.

5. Məhkəmə iclasında şahid qismində çıxış edən Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Fəqan Əliyev xx.xx.2025-ci il taruxli iclasda ifadə verərkən bildirmişdir ki, vətəndaş Şəxs küçədə ünvansız söyüşlər söyərkən ona yaxınlaşmış və ona söyüş söyməməsini bildirmişlər. Buna baxmayaraq vətəndaş onların qanuni tələblərinə tabe olmayaraq xuliqanlığa davam etmişdir. Məcbur qalaraq Şəxs bölməyə aparmışlar. Şahid xx.xx.2025-ci il tarixli iclasda isə vətəndaş Şəxs oğurluğa görə şübhələndiklərini, buna görə ona yaxınlaşdıqlarını, lakin vətəndaşın onlara tabesizlik etdiyi üçün bölməyə apardıqlarını bildirmişdir.

6. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs hansı hərəkətlərindən polis əməkdaşlarının şübhələnməsi dəqiq bildirilmir. Şübhəli şəxsə ilk öncə şübhənin əsası izah edilməlidir. Lakin Şəxs hələ də bilmir ki, nə üçün məhkəmənin qarşısına çıxarılmışdır. Vəkil onu da bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs tutulma zamanı hüquqları pozulmuş, hüquqi yardımdan məhrum edilmişdir. Ailə üzvlərinə inzibati qaydada tutulmada olduğu bildirilməmişdir. Yaşlı anası dəfələrlə bölməyə gəlsə də onu bölmədən qovmuşlar. Anası xx.xx.2025-ci il tarixində DİN-nin 102 xidmətinə bir neçə dəfə zəng vurmuş və bu barədə məlumat vermişdir. Bu da bir daha göstərir ki, Şəxs azadlığı xx.xx.2025-ci il tarixindən məhdudlaşdırılmışdır. Məhkəməyə bununla bağlı sübut da təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli iclasdan əvvəl də onu məhkəmədən bölməyə aparmışlar, bölmədə ona təzyiq göstərilmişdir ki, ifadəsini dəyişsin. Sonda vəkil qeyd edilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

7. xx.xx.2025-ci il tarixli, AZA ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 aprel 2025-ci il tarixdə saat 17:20-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

8. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 aprel 2025-ci il tarixdə saat 17:00 radələrində Binəqədi qəsəbəsində mərkəzdə ünvansız küçə söyüşləri söyərək İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.

9. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 aprel 2025-ci il tarixdə saat 17:00 radələrində Binəqədi qəsəbəsində mərkəzdə polisin qanuni çağırışlarına tabe olmayaraq İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir.

10. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs müdafiə hüququ pozulmuşdur. Belə ki, o, inzibati qaydada tutulsa da hüquqlarının müdafiəsi ilə bağlı izah və vəkildən imtina ilə bağlı ərizə Şəxs tərəfindən xx.xx.2025-ci il tarixində tərtib edilmişdir.

11. “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarılmış nüsxədən görünür ki, həmin nüsxənin kitabın əsli ilə doğruluğu təsdiq edilməmişdir.

12. 11 saylı vəkil bürosunun vəkili X5 tərəfindən təqdim edilən Şəxs anasının zəng etdiyi nömrələrə dair çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixində müxtəlif vaxtlarda DİN 102 xidmətinə zəng vurulmuşdur. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

13. Məhkəmə, proses iştirakçılarını dinləyib dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədiqi edərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

14. İXM-in 510 maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

15. Qanunverici tərəfindən qeyd olunan normada ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlığın tərkibini yaradır. Yəni burada əsas məsələ ictimai qaydanı qorumaqdan ibarətdir ki, həmin maddənin digər hissələri özlüyündə şəxsi və əmlak toxunulmazlığını özündə ehtiva edir. Qeyd edilməlidir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.

16. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

17. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.

18. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun 27 aprel 2025-ci il tarixdə xırda xuliqanlıq etməsi və polis əməkdaşının qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Çünki Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs 27 aprel 2025-ci il tarixdə Binəqədi qəsəbəsində mərkəzdə ünvansız küçə söyüşləri söyməsi və polisin qanuni çağırışlarına tabe olmaması göstərilsə də, həmin halın baş verməsi məhkəmədə sübuta yetirilə bilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs xırda xuliqanlıq etməsi, polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil də təqdim edilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində məhkəmə iclas zalında polis əməkdaşları Şəxs söyüş söyməsinə görə yaxınlaşdıqlarını bildirsələr də, xx.xx.2025-ci il tarixli iclasda şəxsə oğurluq şübhəsi ilə yaxınlaşdıqlarını bildirərək ziddiyyətli ifadələr vermişlər. Bundan başqa məhkəmə iclas zalında iş materialları araşdıralarkən Şəxs tutulma günü ilə bağlı şübhəli hal müəyyən edilmişdir. Belə ki, Şəxs verdiyi izahatında xx.xx.2025-ci il tarixində tutulduğunu yazsa da, inzibati qaydada tutma haqqında protokol xx.xx.2025-ci il tarixində tərtib edilmişdir. Şübhəli halın aradan qaldırılması məqsədilə şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabının əslinin məhkəməyə gətirilməsinə zərurət yaranmış və xx.xx.2025-ci il tarixli iclasda fasilə verilmişdir. İlk öncə inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 gətirəcəyini bildirsə də, daha sonra rəsmi müraciət olunmasını tələb etmiş, məhkəmə də rəsmi qaydada polis bölməsinə müraciət etmiş və iclası xx.xx.2025-ci il tarixinə saat 10:50yə təxirə salmışdır. xx.xx.2025-ci il tarixində iclas vaxtında başlanıla bilməmiş və saat 11:25-də başlanmışdır. İclasın gecikməsinə səbəb o olmuşdur ki, iclas zalında gözləyən proses iştirakçıları bölməyə geri dönmüşlər. Müəyyən edilmişdir ki, Şəxs Binəqədi Polis İdarəsində barəsində aparılan cinayət işi ilə bağlı müstəntiq tərəfindən anidən dindirilməsinə ehtiyac duyulmuşdur. Məhkəmənin təkidindən sonra barəsində inzibati qaydada icraat aparılan Şəxs məhkəməyə gətirilmişdir. İclas zamanı müəyyən edilmişdir ki, məhkəmənin tələb etdiyi “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı” məhkəməyə gətirilməmiş, əvəzində kitabın əsli ilə doğruluğu təsdiqlənməyən surəti təqdim edilmişdir. Bunun əksinə müdafiə tərəfi şəxsin xx.xx.2025-ci il tarixindən inzibati tutulmada olmasını (anasının onu axtarması və DİN 102 xidmətinə bir neçə dəfə zəng vurması ilə bağlı sənədi) sübuta yetirmişdir.

19. Məhkəmə xüsusilə vurğulamaq istəyir ki, azadlıq hər bir kəsin nəinki konstitusion hüququ, eyni zamanda təbii hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi bu hüququ ən ali ümumxalq iradəsi səviyyəsində tanımaqla, həmin hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırmağa icazə verir.

20. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının 5-ci maddəsi də eyni tələblə çıxış edir və hər zaman bəyan edir ki, 5-ci maddənin əsas məqsədi özbaşına və ya əsassız azadlıqdan məhrum edilmə hallarının qarşısını almaqdan ibarətdir. (X3rşı (№ 2) 2020, § 311; S., V. və A. Danimarkaya qarşı 2018, § 73; X8rşı 2006, § 30). Konvensiyaya əsasən azadlıq və toxunulmazlıq hüququ “demokratik cəmiyyətdə” ən böyük əhəmiyyətə malikdir (Medvedyev və başqaları Fransaya qarşı, 2010, § 76; Ladent Polşaya qarşı, 2008, § 45).

21. Bundan başqa protokol əsasında toplanmış materiala məhkəmədə baxılan zaman Şəxs müdafiə hüququnun pozulması halı da aşkarlanmışdır. Belə ki, inzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin edilməsi ilə bağlı İXM-in 91-ci maddəsinə görə inzibati qaydada tutulan şəxslərə dərhal onun tutulmasının səbəbləri bildirilməklə, öz yaxınları ilə əlaqə saxlamaq və hüquqlarını müdafiə etmək üçün zəruri imkanlar yaradılmalıdır. Lakin iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, şəxsin barəsində inzibati qaydada tutulma protokolu xx.xx.2025-ci il tarixində tərtib edilsə də, vəkildən imtina etməsi ərizəsi xx.xx.2025-ci il tarixində tərtib edilmişdir. Qeyd edilən hal isə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs inzibati qaydada tutulsa da ona hüquqları izah edilməmiş, xx.xx.2025-ci il tarixli vəkildən imtina etmək ərizəsi isə formal xarakter daşımışdır. Halbuki İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək ittiham olunan şəxsin hüququdur.

22. Bundan başqa məhkəmə qeyd etmək istəyir ki, polis əməkdaşları öz hərəkətlərini “Polis haqqında” qanunun 5-ci maddəsinə əsasən qurmalıdır ki, həmin qanunun 5-ci maddəsinə əsasən polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır. Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir. Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin etməlidir.

23. Beləliklə məhkəmə bildirir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

24. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.

25. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

26. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

27. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

28. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

29. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

30. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

31. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

32. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4cü Polis Şöbəsi tərəfindən İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara dair Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

33. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar