Məhkəmə qərarları › İş №3(001)-3024/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3024/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3024/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Şəxs nümayəndəsi X1 iştirakları, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 23 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. 23 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 40203 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 14 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 40203 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 15 mart 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs tərəfindən 40203 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 14 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 40203 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Cəmiyyətin bəyannamələrinə baxış keçirilmişdir. Məbləğ və gətirilən mallar eyni olsa da invoys fərqli olduğundan bəyannamələri müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən səlahiyyətli orqan olaraq mövqeləri son qərarın məhkəmə tərəfindən qəbul edilməsi istiqamətindədir. Ondan ötrü protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, iş üzrə inzibati tənbeh tətbiq edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, 40203 ABŞ dolları dəyəində mallar müqavilə üzrə satıcı tərəfindən onlara çatdırılmışdır. Lakin, gömrük bəyannaməsində çatdırılma şərti “120” kodu ilə göstərilmişdir. Onlar malların pulunu əvvəlcədən ödədikləri üçün çatdırılma şərti “100” qeyd edilməli idi. Gömrük bəyannaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Gömrük Komitəsinə müraciət etsələr də, bu günədək cavab almamışlar. Əslində cəmiyyət tərəfindən bütün xaricə köçürülmüş məbləğlərin əvəzinə ölkəyə mal idxal edilmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bəyannamədə invsoys nömrəsi texniki səhv olaraq başqa qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 23 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 40203 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Odur ki, cəmiyyət barəsində İXMnin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs 14 mart 2023-cü il tarixdə 40203 ABŞ dolları məbləğində ödəniş etmiş, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər "xxxx" ASC-yə təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli, OX3 nömrəli “Ödəniş tapşırığı”ndan görünür ki, 40203 ABŞ dolları məbləğində vəsait Şəxs tərəfindən xx.xx.2022-ci il tarixli, 2022 002 nömrəli müqaviləyə, ******* nömrəli, xx.xx.2023-cü il tarixli fakturaya ********* avans koduna əsasən “X5. İns. Teks. San. İc ve Dis Tic. LTD STİ” şirkətinin hesabına köçürülmüşdür. 8032354 nömrəli, xx.xx.2023-cü il tarixli fakturadan görünür ki, Şəxs MMC tərəfindən “X5. İns. Teks. San. İc ve Dis Tic. LTD STİ” şirkətindən alınmış malların dəyəri 40203 ABŞ dolları təşkil etmişdir. xx.xx.2022-ci il tarixli, 2022 002 nömrəli müqavilədən görünür ki, alıcı Şəxs MMC və satıcı “X5. İns. Teks. San. İc ve Dis Tic. LTD STİ” şirkəti arasında müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli, **********3427 sorğu nömrəli gömrük bəyannaməsindən və əlavə vərəqlərdən görünür ki, “X5. İns. Teks. San. İc ve Dis Tic. LTD STİ” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına ümumilikdə 40203 ABŞ dolları dəyərində mallar göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, OX3 nömrəli “Ödəniş tapşırığı” ilə “X5. İns. Teks. San. İc ve Dis Tic. LTD STİ” şirkətinin hesabına köçürülmüş 40203 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar ölkəyə idxal olunmuş və xx.xx.2023-cü il tarixli, **********3427 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Nəzərə alınmalıdır ki, ******* nömrəli, xx.xx.2023-cü il tarixli fakturada əks olunan mallar xx.xx.2023-cü il tarixli, **********3427 sorğu nömrəli gömrük bəyannaməsindən və əlavə vərəqlərdə ölkəyə idxal edilmiş mallarla eynilik təşkil edir. Həmçinin həmin gömrük bəyannaməsində xx.xx.2022-ci il tarixli, 2022 002 nömrəli müqavilənin də təqdim edilən sənədlər sırasında qeyd edildiyi müəyyən edilmişdir. Məkhəmə gömrük bəyannaməsində xx.xx.2022-ci il tarixli müqavilənin göstərilməsi, ölkəyə idxal edilmiş malların xx.xx.2023-cü il tarixli faktura ilə eynilik təşkil etməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin malları idxal edildiyi, sadəcə gömrük bəyannaməsində invoysun səhv qeyd edilməsi barədə bildiriklərinin həqiqətə uyğun olması qənaətinə gəlir. Göründüyü kimi 14 mart 2023-cü il tarixdə Şəxs tərəfindən xaricə köçürülmüş 40203 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar xx.xx.2023-cü il tarixli, **********3427 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək ölkə ərazisinə idxal edilmiş, lakin texniki yalnışlıq səbəbi ilə gömrük bəyannaməsində çatdırılma şərti “120” kodu ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı baş verməmişdir. Belə ki, Şəxs tərəfindən 14 mart 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 40203 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına göndərilmişdir. Bu isə onu göstərir ki, 23 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki. Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 23 aprel 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar