Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3027/2025 21.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, taksi fəlaiyyəti ilə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X6 küçəsi 40, 19 ünvanında qeydiyyatda olmaqla yaşayan, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27611071 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27611071 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətini müdafiə edib, onun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, 7 ildir taksi fəaliyyəti ilə məşğuldur. 2 ali təhsili vardır, buna baxmayaraq taksi fəaliyyəti ilə məşğul olur. Sərnişinlərə xidmət göstərdiyi zaman qanun icazə verdiyi hallarda avtobus zolağı adlanan yolun hərəkət hissəsində sərnişinləri düşürüb, götürmüşdür. Lakin bu zaman protokol elektron şəkildə tərtib olunmuşdur. Bundan əlavə olaraq qanunvericilikdə göstərilir ki, taksi olmasa belə, hər bir nəqliyyat vasitəsi ümumi istifadədə olan yolda sərnişin düşürmək və götürmək icazəsi vardır, bir şərtlə ki, digər üstünlük təşkil edən nəqliyyat vasitələrinə maneə təşkil emtəsin və yol xəttini dəyişərkən və qayıdarkən qırıq xətdən istifadə edilsin. O da həmin zolaqdan çıxdıqda qırıq xətdən istifadə etmək üçün zolaqda hərəkət etmiş, şəkildə də göstərilir bu, yolun ən sağ hissəsindədir. Daha sonrakı şəkildə isə zolaqdan çıxmağa çalışmışdır. Həmin hissədə yolun sağ hissəsi ilə hərəkət etmək ağılsızlıqdır. O, sərnişin düşürmək üçün oraya daxil olmuşdur. Orada “Gənclik Mall”un park yerinə girən avtomobillər olmuş, tıxacı da məhz onlar yaratmışdır. Orada sağla hərəkət etmək mümkün deyildir. Sərnişini düşürdükdən sonra belə sağ yolla 8 dəqiqəyə çıxdıqda, sol yolla 3 dəqiqəyə çıxmaq olur. Sol yolla rahat şəkildə hərəkət etmək mümkündür. Qərar ona elektron qaydada gəlməmişdir. Dəfələrlə orada sərnişin düşürmüş, lakin ona cərimə gəlməmişdir. Hesab edir ki, orada inspektorlar dayanmış və görüntünü onlar çəkmişlər. Yolun hissələrində olan kameralara fikir verməmiş, lakin sərnişin düşürmək lazım olduqda sağ yola keçib düşürmüşdür. Çünki sərnişini sol yolda qoyub həyatını təhlükəyə ata bilməz. Qanunvericilikdə də qeyd olunub ki, fərdi sürücülər belə sərnişini yolun sağ, yəni səkiyə yaxın olan hissəsində düşürməli və götürməlidirlər. Avtomobili 2-ci xətdə saxlasa və belə olan halda sərnişini avtomobil vuracağı halda məsuliyyət ondadır və yenə cərimələnəkdir. Sərnişini yolun istənilən hissəsində düşürmür. Yalnız qanunvericiliyin icazə verdiyi yerlərdə sərnişin düşürür. Elə olur ki, sərnişin işıqforda, yol ayırıcında dayanır, bu zaman onları götürmür və avtomobili qabağa sürüb sonra götürür. Burada da qanunvericilik icazə verir. O, qanunvericiliyə zidd heç nə etməmişdir. Ona görə də, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş
4. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27611071 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 13:59-da F.X.Xoyski küçəsi ərazisində “Mercedes Benz E200” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir.
5. Təhlükəsiz şəhər kamerası vasitəsilə qeyd alınmış görüntülər əks olunan videoyazıya baxış keçirilən zaman ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına avtomobilin daxil olaraq avtobus dayanacağında sərnişini avtomobildən düşürərək bütöv xəttli yolla hərəkətini sola manevr edərək zaman ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağından çıxması müəyyən edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi
6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.
7. Qeyd edilməlidir ki, şikayət vermiş şəxs X2 heç bir inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, X3 məhkəmə iclasında verdiyi izahatında həmin vaxt sərnişin düşürdüyünü və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına qırıq xəstti keçməklə daxil olduğunu, sərnişini düşürdükdən sonra eyni qaydada qırıq xətdən keçərək öz yoluna davam etdiyini, həmçinin inzibati xəta hadisəsi zamanı səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən saatın göstərilmədiyini bildirsə də, məhkəmədə şikayət vermiş şəxsin həmin izahatı öz təsdiqini tapmamışdır. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə olan inzibati xətanı törətməsi təhlükəsiz şəhər kamerası vasitəsilə qeydə alınmış görüntülər əks olunan videoyazıya baxış keçirilən zaman inzibati xəta öz təsdiqini tapmışdır. Çünki həmin görüntülərə baxış zamanı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına X2 idarə etdiyi avtomobilin daxil olaraq avtobus dayanacağında sərnişini avtomobildən düşürərək bütöv xəttli yolla hərəkətini sola manevr edərək bu zaman ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağından çıxması müəyyən edilmişdir. Bununla yanaşı, X3 barəsində qəbul edilmiş qərar üzrə inzibati xətanı törətmə saatının səhvə yol verilərək qeyd edilmədiyini bildirsə də, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27611071 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə saat 13:59-da F.X.Xoyski küçəsi ərazisində sözügedən inzibati xətanı törətmişdir. X3 məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında qərarın ona verilməsini tələb etdiyini bildirmiş və ifadəsinə onu da əlavə etmişdir ki, hadisənin video görüntüsü yoxdur olsa idi oradan müəyyən olunardı ki, o daxil olduğu avtobus zolağından sonradan qırıq xətt vasitəsilə də sağa digər yola çıxmışdır və sərnişini təhlükəsiz düşürtmək üçün orda başqa imkan olmamışdır. Lakin məhkəmənin əldə etdiyi video görüntü və qərara birgə baxış keçirilərkən bu ifadələr öz təsdiqini tapmamışdır. Belə ki, X3 ilk öncə avtobus zolağına sərnişin düşürtmək üçün daxil olmuş, daha sonra irəlidə qırıq xətt olmayan hissədə sol yola çıxmağa çalışmış və bununla da digər avtomobillərin hərəkətinə maneə yaratmışdır. Məhkəmə onu da qeyd etmək istəyir ki, inzibati xətanın baş verdiyi yerdən bir az qarşıda “Gənclik Mall” a dönmək və sərnişin düşürtmək üçün yolda qırıq xətt mövcuddur. Sadəcə tıxacdan yan keçməklə sərnişini düşürtmək üçün X3 avtobus yoluna daxil olmuş, bununla da İXM-nin 327.1-1-ci maddəsi ilə olan inzibati xətanı törətmişdir.
8. İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.
9. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, EQ 27611071 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.
16. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27611071 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27611071 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova