Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3028/2025 16.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədli Qafqaz oğlunu katibliyi, şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 barəsində AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27563353 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27563353 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırılmışdır ki, 25 aprel 2025-ci il tarixdə saat 17:30 radələrində mülkiyyətində olan “Hundai Sonata” markalı, **-MN-*** d.q.n. avtomobilini Bakı şəhəri, Ak.Həsən Əliyev küçəsində, “KapitalBank”ın Gənclik filialının qarşısında X4 Qanunun 3.27 nişanın təsiri olmayan hissəsinə düşməməsinə xüsusi diqqət edib həmin hissədə (3 avtomobil üçün nəzərdə tutulan yer) park etmişdir. Bir müddət sonra guya İXMnin 346.1-ci maddəsi ilə dayanma qaydasını (X4 Qanunun 3.27 nişan tələbini) pozmağıyla bağlı “Asanpay” sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixli, EQ 27563353 saylı elektron protokol və elektron qərar barədə məlumat və fotoşəkillər yerləşdirilmişdir. Həmin fotoşəkillərdə avtomobilinin guya qadağan edən yol nişanın təsiri hissəsində dayandığı ehtimal edilsə də, həmin yerə baxış keçirdikdən sonra BDYPİ tərəfindən İXM-nin 346.1-ci maddəsi ilə xəta faktiki düzgün qeydə alınmadığı məlum olur. Belə ki, yolun həmin hissəsində avtomobilinin arxasındakı 3.27 dayanmanı qadağan edən nişanın avtomobilinə aidiyyəti yoxdur. Çünki həmin nişanla avtomobili arasında yol kəsişməsi vardır 3.27 nişanın təsiri həmin yol kəsişməsində bitir. 3.27 nişanı olmayan yol kəsişməsindən sonra “KapitalBank”ın qarşısındakı hissədə təxminən 3 avtomobilin məhdudiyyətsiz və qadağasız parklanmasına heç bir maneə yoxdur. Belə olan halda BDYPİ-in barəsində İXM-nin 346.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, EQ 27563353 saylı elektron qərar çıxarması qanunsuzdur. Ona görə də, həmin ərazidə müvafiq foto və videoçəkiliş aparıb qanunsuz elektron qərarı əldə edib məhkəməyə müraciət etməli olmuşdur. Elektron qərardan görünür ki, BDYPİ tərəfindən barəsində inzibati icraatın aparılması və elektron qərarın tərtib edilməsi zamanı İXM-nin tələbləri pozulmuşdur. Belə ki, BDYPİ tərəfindən elektron qərar qəbul edilərkən aşağıdakı qanun pozuntularına yol verilmişdir: İXM-nin 122.1 -ci maddəsinə görə bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1,346, 346-1,353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətam törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta haqqında iş üzrə elektron qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitəsi (XTV) barədə məlumatlar göstərilməmişdir. İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməlidir. Məlum olur ki, xüsusi texniki vasitənin məlumatları hazırkı elektron qərarda göstərilməmiş, elektron qərar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tərtib edilməmiş, informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməmiş, xüsusi texniki vasitələrin məlumatlar elektron qərara əlavə edilməmişdir. Göründüyü kimi BDYPİ tərəfindən inzibati icraat zamanı bu kimi kobud pozuntulara yol verilmişdir. Odur ki, xx.xx.2025-ci il tarixli, EQ 27563353 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında X2 izahat verərək göstərmişdir ki, təqdim etdiyi şikayətində hər şeyi ətraflı qeyd etmişdir. Belə ki, o nişanın təsirinin onun avtomobilini saxladığı hissəyə aid olmadığını görmüş və avtomobilini qərarda göstərilən yerdə saxlamışdır. İşlərini görüb qayıtdıqdan sonra, ona cərimə ilə bağlı bildiriş gəlmiş, o da avtomobilini saxladığı yerə gələrək həmin avtomobilini və həmin yerin videoçəkilşini etmişdir. Çünki, orada olan nişanın təsir dairəsi onun avtomobilini saxladığı hissəyə aid deyildir. Birinci nişandan sonra sağ tərəfə yol gedir və həmin nişanın təsir dairəsi sağa gedən yola qədərdir. O isə avtomobilini birinci nişandan sonra sağa dönən yoldan sonra, ikinci nişandan isə əvvəl saxlamışdır. Birinci nişandan sonra sağa dönən yol digər küçə ilə onun avtomobilini saxladığı küçəni birləşdirən yoldur. Həmin yerin videoçəkilişini aparmış və hazırda həmin görüntünü məhkəməyə təqdim edir. Odur ki, ona yazılmış cərimə qanunsuz olduğundan qeyd edilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara cavab olaraq birinci nişandan əvvəl həyətə giriş olduğunu, nişandan sonra isə sağa dönən yolun həyətə giriş deyil, digər küçə ilə avtomobilini saxladığı küçəni birləşdirən yol olduğunu, lakin həmin yolun hansı küçə olduğunu bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 27563353 nömrəli qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 17:45-də dayanma qaydalarını pozmağa görə İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat cərimə edilmişdir. X2 tərəfindən məhkəməyə təqdim edilmiş diskdən müəyyən edilir ki, diskdə 1 ədəd video-görüntü və 6 ədəd foto-görüntü vardır. Foto-şəkillərdən müəyyən edilir ki, Nurlan Maqsudovun idarə etdiyi **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASCnin həmin ərazidə yerləşən filialının tam qarşısında – quraşdırılmış 3.27 yol nişanından əvvəldə saxlanılmışdır. Həmçinin foto-şəkillərlə müəyyən edilir ki, nəqliyyat vasitəsinin park edildiyi ərazidən bir qədər əvvəldə bankın filialına çatmamış, daha bir 3.27 yol nişanı quraşdırılmışdır. Lakin həmin nişandan sonra sağa yolun ayrıldığı müşahidə edilsə də, həmin yolun həyətə giriş yaxud yolayrıcı olmasını təqdim edilmiş foto-şəkillərə əsasən müəyyən etmək mümkün deyildir. Diskdə olan video-görüntdüdən isə görünür ki, video 2 dəqiqə 10 saniyədən ibarətdir. Çəkilişi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nurlan Maqsudov aparmışdır. Videoda ilkin olaraq Nurlan Maqsudovun nəqliyyat vasitəsindən əvvəl quraşdırılmış 3.27 yol nişanı qeydə alınmışdır. Həmin nişandan əvvəldə binanın həyətindən çıxışın olması qeyd edilir. Daha sonra isə bankın filialına çatmamış yolayrıcının olması bildirilir. Nurlan Maqsudovun avtomobilinin isə digər 3.27 nişanına çatmamış park edilməsi müşahidə olunur. Həmçinin xüsusi-texniki vasitələrin qeydə aldığı və Nurlan Maqsudovun şəxsi kabinetinə əlavə edilmiş foto-şəkillərdən görünür ki, Nurlan Maqsudovun idarə etdiyi 10MN898 dövlət qeydiyyat nişanlı avtomobil iki 3.27 nişanın arasında olan ərazidə bankın qarşısında olan ikinci nişana çatmamış park edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27563353 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, “X4” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin maddənin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması — əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. “X4” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Həmin maddənin 4-cü bəndinə əsasən tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri-mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında; avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Yenə həmin maddənin 6-cı bəndinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə, yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində, 5.1 nişanı ilə işarələnmiş yerlərdə, dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda, girişin, habelə darvaza qarşısında, 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Həmin qanunun 64-cü maddəsinin Vİ bəndinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Həmin qanunun 1-ci maddəsinə əsasən yolayrıcı yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Sadalanan qanunvericiliyin tələblərinə əsasən işin mübahisəsiz tərəfi ondan ibarətdir ki, video və fotoşəkillərdə müşahidə edilən quraşdırılmış ikinci 3.27 nişanının (yəni Kapital Bank ASC-nin filialının qarşısında olan) təsir dairəsi X1 nəqliyyat vasitəsini saxladığı hissəyə aid deyildir. Çünki qanunda konkret olaraq göstərilmişdir ki, 3.27 nişanın qüvvəsi nişanın qoyulduğu yerdən başlayır. Halbuki, Nurlan Maqsudov öz avtomobilini həmin nişanın qoyulduğu yerdən əvvəldə saxlamışdır. Odur ki, Nurlan Maqsudovun İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yalnız video və fotoşəkillərdə ilkin olaraq quraşdırılması görünən 3.27 nişanının təsir dairəsində avtomobilini saxlamağa münasibətdə ola bilər. Həmin nişanın təsir dairəsinə münasibətdə qeyd edilməlidir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbi ilə 3.27 nişanın təsir dairələri konkret olaraq müəyyən edilir. Məhkəmə hesab edir ki, əgər "xxxx" ASC-nin filialına çatmamış olan yol (həmin yoldan avtomobillərin çıxması, həmçinin insanların həmin tərəfə dönməsi aydın şəkildə videoda görünür) əgər yolayrıcıdırsa, əvvəldə quraşdırılmış 3.27 nişanının təsir dairəsi həmin yolayrıcına qədərdir. Əgər həmin yer yolayrıcı deyildirsə (yola bitişik ərazidən yola çıxış yeridirsə, yaxud ikinci dərəcəli yollarla kəsişmə yeridirsə), həmin nişanın təsir dairəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Nəzərə alınmalıdır ki, nişanların qüvvədə olduğu sahənin 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə azaldılması məhkəmə iclasında tədqiq edilmiş görüntülərlə təsdiq edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, araşdırma zamanı çox yaxın məsafədə iki 3.27 nişanının quraşdırılması müəyyən edilmişdir. 3.27 nişanının təsir dairəsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblər nəzərə alındıqda, ikinci nişanın quraşdırılması zərurətinin yaranmasını ancaq videoda görünənin hissənin yolayrıcı olmasından qaynaqlandığı qənaətinə gəlmək olar. Çünki həmin hissə yolayrıcı olmadığı təqdirdə ilkin quraşdırılmış nişanın təsir dairəsi digər nişanın təsir dairəsini də əhatə edəcəkdi. Lakin məhkəmə araşdırması zamanı həmin yolun yolayrıcı olması konkret olaraq təsdiq edilmədiyindən məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini qanunauyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqandan tərəfindən X1 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X1 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. Səlahiyyətli orqan tərəfindən inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X1 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27563353 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə onun göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27563353 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli, EQ 27563353 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-3028/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3028/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver