Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3029/2025 21.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, X1 barəsində yol hərəkəti qaydaları əleyhinə inzibati xəta üzrə qəbul edilmiş 17 aprel 2025-ci il tarixli, EQ 27400965 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 barəsində qəbul edilmiş 17 aprel 2025-ci il tarixli, EQ 27400965 nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən A.K.Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. İXM-nin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə gör yüz manat inzibati cərimə nəzərdə tutulmuşdur. X2 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, 17 aprel 2025-ci il tarixdə, saat 19 radələrində o, idarə etdiyi “BMW 525” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospekti ilə üzü Ayna Sultanova heykəlinə tərəf hərəkət edərkən yolun kənarında dayanmış yol-patrul xidməti avtomobilində olan polis əməkdaşının əli ilə və səsgücləndirici cihazla verdiyi icazəyə uyğun olaraq yolun avtobuslar üçün nəzərdə tutulan hissəsinə keçmiş, hərəkətini davam etdirmişdir. Lakin, sonradan mobil telefonuna gələn SMS bildirişlə müəyyən edilmişdir ki, barəsində həmin tarixdə avtobus zolağında hərəkətlə bağlı 100 manat cərimə tətbiq olunmuşdur. Məhkəmənin əvvəlki iclasında şikayət vermiş şəxs X2 şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, o, hadisə baş verən vaxt öz zolağı ilə hərəkət etmiş, yoldakı sıxlığın aradan qaldırılması ilə bağlı yolun kənarında dayanmış yol-patrul xidməti avtomobilindəki polis əməkdaşı əli ilə və səsgücləndirici ilə avtomobillərə avtobus zolağına daxil olmalarını bildirmiş, bundan sonra o, avtobus zolağına daxil olaraq hərəkətini davam etdirmişdir. Ondan başqa, bir neçə digər avtomobil də həmin zolağa daxil olmuşlar. Lakin, qarşıda quraşdırılmış elektron nəzarət vasitəsi ilə onun avtomobilinin şəkli şəkilmiş, qayda pozuntusu kimi barəsində inzibati tənbeh vermə haqqında məlum qərar qəbul olunmuşdur. Sonda A.K.Hüseynli məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətinin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş inzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayətin qismən təmin edilməsi üçün əsas vardır. Belə ki, İXM-nin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə iclasında sözügedən inzibati xəta hadisəsinin qeydə alındığı videogörüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, görüntülər 17 aprel 2025-ci il tarixdə, saat 18:59-da qeydə alınmış, yolun hərəkət hissəsi bir istiqamətli və üç hissəli olmaqla, sağ zolaq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur. Həmin zolağın videoda görünən ən axır hissəsində yol-patrul xidməti avtomobili, orta hissəsində isə yol polisi əməkdaşı müşahidə edilir. Şikayət vermiş şəxs X1 idarə etdiyi avtomobil, onun ardınca isə bir neçə avtomobil daha yolu sağ, yəni ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağına daxil olur. Yolda həm yol-patrul xidmətinin avtomobilinin, həm də yol polisi əməkdaşlarının olduğu halda, avtomobillərin kütləvi şəkildə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa çıxmaları şikayətçi A.Hüseynlinin şikayət ərizəsində qeyd olunanların (yol-patrul xidməti avtomobilindəki polis əməkdaşının əli ilə və səsgücləndirici ilə avtomobillərə avtobus zolağına daxil olmalarını bildirməsi) real olması barədə qənaətə gəlinməsinə əsas verməklə, iş üzrə əlavə araşdırma aparılmasının zəruriliyinə dəlalət edir. Buna görə də, məhkəmə hesab edir ki, A.K.Hüseynli barəsində qəbul edilmiş sözügedən qərar ləğv edilməli, inzibati xəta hadisəsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yenidən araşdırılmalıdır. Məsələ ilə bağlı məhkəmə İXM-nin aşağıdakı maddələrini qeyd etməyi zəruri hesab edir: 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında barədə qərar qəbul edilir. 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutmaqla, Q Ə R A R A A L D İ: X1 barəsində qəbul edilmiş 17 aprel 2025-ci il tarixli, EQ 27400965 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayəti qismən təmin edilsin, həmin qərar ləğv edilərək inzibati xəta hadisəsi yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-3029/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3029/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver