Məhkəmə qərarları › İş №3(001)-3031/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3031/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3031/2025 29.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Binəqədi rayon X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək, iş üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 18:30 radələrində iştirakçısı olduğu yol qəzasında haqsız yerə onu günahkar bilərək, haqqında AR İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Belə ki, qeyd etdiyi tarixdə Bakı-Sumqayıt yolu hərəkət edərkən sağa dönmə işıqlarını yandıraraq dönmək istədiyi zaman avtobus yoluna çıxaraq 20EL521 dövlət qeydiyyat nişanlı “Toyoto-Prius” markalı avtomobil onun idarə etdiyi “Kia Sorento” markalı 77FZ191 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfindən qapı hissəsinə çırpıldı. Hadisə yerinə gələn polis inspektoru Fərid Rzayev təqsirkar qarşı tərəfin olduğunu bildirsə də, sənədlərini alıb sabah polis idarəsinə dəvət edərkən ona boş hadisə sxemi kağızına imza etdirdikdən sonra təqsirin onda olduğunu bildirib barəsində protokol tərtib etmiş və həmin protokol əsasında isə qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Binəqədi rayon X7 Şöbəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Binəqədi rayon X7 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Binəqədi rayon X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi rayon X7 Şöbəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Binəqədi rayon X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, «KİA Sorento minik” markalı 77FZ191 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsinin Sxemindən görünür ki, yol nəqliyyat hadisəsi Bakı- Sumqayıt yolunda baş verib. Sxemdə iki avtomobil təsvir olunub: sol tərəfdəki avtomobilin dövlət qeydiyyat nişanı 77FZ191, sağdakı avtomobilin isə dövlət qeydiyyat nişanı 20EL521 kimi göstərilib. 77FZ191 dövlət qeydiyyat nişanlı avtomobil düz hərəkət zolağında sağa dönmə manevri edərkən təsvir edilib. 20EL521 dövlət qeydiyyat nişanlı avtomobil isə yola sağ tərəfdən və şaquli (düz bucaq altında) hərəkətini davam etdirərkən birinci avtomobillə toqquşur. X4 tərəfindən təqdim olunmuş videogörüntüdən müəyyən olunur ki, yolun sağ tərəfində paralel şəkildə çəkilmiş iki ağ xətt mövcuddur. Bu xətlər faktiki olaraq əsas hərəkət zolağından sağda yerləşən əlavə bir sahəni ayırır. Bu hissədə heç bir nəqliyyat vasitəsi olmamış və həmin sahə boş vəziyyətdə olmuşdur. Birinci avtomobil (77FZ191 nömrəli) əsas yolda irəliləyir və həmin sağ zolaqdan sonra gələn üçbucaq şəkilli sağa dönmə hissəsinə yavaşlayaraq daxil olur. Avtomobil dönmə hərəkətinə başladığı zaman qarşısında və sağ tərəfində heç bir maneə və nəqliyyat vasitəsi olmamışdır. İkinci avtomobil (20EL521 nömrəli) isə həmin vaxt sağdakı boş sahədən – yəni paralel ağ xətlərin ayırdığı sağ zolaqdan sürətlə hərəkət edərək, dönən avtomobilin sağ arxa hissəsinə çırpılır. Daha aydın təsvirlə, toqquşma dönmə manevri artıq başlanıldıqdan sonra, yəni birinci avtomobil dönmə trayektoriyasına daxil olduqdan sonra baş vermişdir. Beləliklə işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, yolnəqliyyat hadisəsi ilə bağlı təqdim edilmiş sxemdə hadisənin başvermə anı və avtomobillərin yerləşməsi real vəziyyəti əks etdirmir və videogörüntü ilə ciddi ziddiyyət təşkil edir. Belə ki, birinci sürücü Bakı-Sumqayıt yolunun sağındakı iki ağ xəttin solundakı hərəkət zolağında qaydalara uyğun şəkildə irəliləyir və sağa dönmək üçün yolun üçbucaq şəkilli dönmə hissəsinə daxil olur. Hadisənin baş verdiyi an, digər nəqliyyat vasitəsinin birinci avtomobilin daha sağından, yəni ayrılmış və boş olan sağ zolaqdan hərəkətlə irəliləyərək dönən avtomobilin sağ hissəsinə çırpılır. Düzdür, sürücü dönmə manevrini icra edərkən yolun sağ hissəsində hər hansı təhlükə olmadığını əmin olduqdan sonra dönməlidir, lakin hazırki işdəki halda birinci sürücü artıq dönmə hərəkətinə başlamışdır və sağ zolaqda boşluq mövcud olmuşdur. Digər sürücü isə həmin boş sahədən istifadə edərək dönən avtomobilin təhlükəli şəkildə sağından keçməyə cəhd etmişdir ki, nəticədə də toqquşma baş vermişdir. Sxemdə isə bu hadisə elə təqdim olunub ki, sanki dönən avtomobil digərini qabağını kəsib və nəticədə toqquşma baş vermişdir. Göründüyü kimi, iş materiallarında yer alan yol-nəqliyyat hadisəsinin sxematik təsviri ilə həmin hadisəyə dair videogörüntü arasında ciddi uyğunsuzluqlar mövcuddur. Bu ziddiyyətlər təqsirin düzgün qiymətləndirilməsinə əngəl yaradır və hadisənin faktiki gedişinə uyğun hüquqi nəticələrin çıxarılmasını şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN Binəqədi rayon X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən hadisə yerini və videogörüntünü müşahidə edərək təqsirkarı düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Binəqədi rayon X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi rayon X7 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar