Məhkəmə qərarları › İş №3(001)-3054/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3054/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3054/2022 30.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 111/67-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi ev 3, mənzil 7-də yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən İXM-in 535.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi, ev 3 mənzil 6-da yaşayan vətəndaş X3 qardaşı Şəxs barəsində 4-cü PŞ-də olan şikayət ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamaliyev küçəsi, ev 3, mənzil 6-ya gəlmişlər və şikayətçi X11 ilə birlikdə onunla qonşu ünvanda yaşayan qardaşı Şəxs zəbt olunmuş zirzəmi və qaraja baxış keçirmək üçün qapıları açmağı xahiş etmişlər. Lakin Şəxs zəbt olunmuş qarajların qapısını açmaqdan imtina etmişdir. Sonuncunu PŞ-nə dəvət edən zaman o, polisin ünvanına nalayiq ifadələr ilə söyüşlər söyməyə başlamış və polis əməkdaşları Şəxs nizam intizama dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək ətrafdakı insanların diqqətini özünə cəlb etmək istəməklə polisin nüfuzunu aşağı salacaq ifadələr işlədərək qəsdən polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün həmin şəxsi Binəqədi RPİ-in 4-cü PŞ-nə gətirilərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin polis əməkdaşları tərəfindən müvafiq raport yazılmış və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, qardaşı Aydın Talıbovla aralarında mülki mübahisələri mövcuddur. Bununla bağlı qardaşı 4-cü PŞ-nə onun haqqında şikayət ərizəsi yazmışdır. Polis əməkdaşları ona bir neçə dəfə zəng edərək polis şöbəsinə dəvət etmişlər, lakin işi olduğu üçün polis şöbəsinə gedə bilməmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları və qardaşı onun yaşadığı evə gəlmişlər. O, qardaşı A.Talıbovun qaraja daxil olmasına narazılıq etmiş, sonuncunun evə daxil olmaması üçün onun sinəsindən itələmişdir. Nəticədə onlar arasında mübahisə yaranmış, polis əməkdaşı onları aralamağa çalışmışdır. Bundan sonra onu 4-cü polis şöbəsinə dəvət etmişlər. Binəqədi RPİ-in 4-cü PŞ-də izahatı alınaraq barəsində protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X4 xəsarətlər alması barədə məlumatı yoxdur, sonuncuya qarşı zorakılıq etməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı X8 bildirmişdir ki, HK- 1/1576 saylı material üzrə təhqiqatçı tərəfindən verilmiş tapşırıqla bağlı zəbt olunmuş əraziyə baxış keçirilməsi məqsədi ilə 30 sentyabr 2022-ci il tarixdə, təxminən saat 14 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 ilə birlikdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamaliyev küçəsi, ev 3, mənzil 6-ya gəlmişlər və şikayətçi X11 ilə birlikdə onunla qonşu ünvanda yaşayan qardaşı Şəxs zəbt olunmuş zirzəmi və qaraja baxış keçirmək üçün qapıları açmağı xahiş etmişlər. Lakin Şəxs zəbt olunmuş qarajların qapısını açmaqdan imtina etmişdir. Yalnız öz qarajını açaraq oradan içəri daxil olmağa dəvət etmişdir. Bu zaman Aydın Talıbov ona məxsus qarajın qapısını açmağı tələb etdikdə, Şəxs onun üzərinə hücum çəkərək sol üzündən əli ilə vuraraq münaqişə yaratdı. Onlar bunu dərhal görərək buna reaksiya verdilər. O, Şəxs ayırmaq istəyərkən və onu sakitləşdirməyə cəhd göstərdikdə, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onları nalayiq ifadələrlə təhqir etmiş, onun sol və sağ qollarını cırmaqlayaraq ona xəsarət yetirmişdir. Onlar Şəxs sakitləşdirərək 4-cü Polis Şöbəsinə gətirmişdilər. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 Elçin Nazim oğlunun izahatına uyğun məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün məcburi qaydada polis şöbəsinə aparılmışdır. Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində İXM-in 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 535-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 37,40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 sentyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar