Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-306/2025 21.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi (BDYPİ) tərəfindən barəsində tərtib edilmiş 08 dekabr 2024-cü il tarixli, EQ 24959455 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 08 dekabr 2024-cü il tarixdə BDYPİ tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-1-ci maddəsi ilə EQ 24959455 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərara əsasən, N.H.Xanlarov həmin maddə ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. N.H.Xanlarov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək işin düzgün araşdırılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, N.H.Xanlarov 08 dekabr 2024-cü il tarixdə “Şamaxinka” adlanan yerdə “Lukoil” yanacaqdoldurma məntəqəsindən Moskva prospektinə daxil olmuş, Biləcəri dairəsi istiqamətində yolun sağ zolağı ilə hərəkət edərkən, yolun sağında avtobus zolağı nişanını görüb dönmə işığını yandıraraq sol zolağa keçmişdir. Lakin, barəsində əsassız olaraq sözügedən qərar qəbul edilmişdir. Halbuki, həmin yolda 08 dekabr 2024-cü il tarixdə avtobus zolağı çəkilməmiş, 20 dekabr tarixində yol avtobus zolağı ilə xətlənmişdir. Məhkəmə iclasında N.H.Xanlarov şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. İş materiallarından görünür ki, N.H.Xanlarov barəsində qəbul edilmiş 08 dekabr 2024-cü il tarixli qərar Moskva prospekti ilə Rəşid İsmayılov küçəsinin (Biləcəri eniş) birləşdiri yerdə aşkar edilən inzibati xətaya əsasında tərtib edilmişdir. İXM-nin 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyət yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 5.9 yol nişanı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqdır. Həmin Qanunun 48-ci maddəsinin İV bəndinə əsasən, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, əsassız olduğundan şikayət təmin edilməməlidir. Belə ki, İXM-nin: - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. - 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki halda iş materiallarında olan fotoşəkillərdən görünür ki, inzibati xəta hadisəsinin aşkar olunduğu yerdə yolun sağ zolağı saat 07:00-dan 22:00-dək ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulduğu halda, N.H.Xanlarov idarə etdiyi “Kia Ceed” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 08 dekabr 2024-cü il tarixdə, saat 12:05-də həmin küçə ilə yolun sağ, yəni ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsində hərəkət etmiş, beləliklə, sürücü haqlı olaraq İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən barəsində tərtib edilmiş 08 dekabr 2024-cü il tarixli, EQ 24959455 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-306/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-306/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver