Məhkəmə qərarları › İş №3(001)-3067/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3067/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3067/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X2, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Bakı şəhəri Bİnəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Bİnəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsinin 22 mart 2024-cü il tarixli, TP ******* saylı Qərarı ilə İnzibati Xətalar Məcəlləsini 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilərək 40 (qırx) manat məbləğində cərimələ olunmuşdur. Hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv edilməli və barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, 18 mart 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində idarə etdiyi “KAMAZ 5320 Yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi yolu ilə hərəkətdə olan zaman üzərinə qaldırıcı kran quraşdırılmış yük maşını yolun sağ tərəfindən yerləşən yanacaqdoldurma məntəqəsindən hərəkət etdiyi yola çıxmağa çalışmış və həmin maşının kranının önü onun idarə etdiyi maşının yuxarı hissəsinə dəyərək yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində digər nəqliyyat vasitəsinin sürücüsü məsuliyyət daşıyır, çünki o yolda hərəkət etdiyi zaman həmin maşın onun qarşısına çıxmış və hadisənin baş verməsinə səbəb olmuşdur. Lakin, DYPS digər sürücünü məsuliyyətlə cəlb etməli olduğu halda, əsassız olaraq onun barəsində inzibati tənbeh tətbiq etmişdir. Yol nəqliyyat hadisəsinində onun heç bir təqsiri yoxdur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat inzibati cərimə edilməyinə dair 22 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Binəqədi RPİ-nin DYPŞ-dən inzibati tənbeh vermə haqqında qərarı əldə etdikdən sonra qərardan şikayət ərizəsi verərək məhkəməyə müraciət etmişdir, lakin inzibati tənbeh vermə haqqında qərar şikayət ərizəsinə əlavə edilmədiyindən xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən geri qaytarılmışdır. Yenidən müraciət edərək ötürülmüş müddətin bərpa edilməsi və şikayət ərizəsinin icraata götürülərək mahiyyəti üzrə baxılması üçün müddətin bərpa edilməsi barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsinə qərarın əlavə edilməməsinə səbəb olaraq texniki yanlışlıqın olduğunu bildirmişdir. Əvvəl digər sürücünün inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də rəsmi qaydada göndərilməmişdir, lakin bir müddət keçdikdən sonra həmin inzibati tənbeh vermə haqqında qərar dəyişdirilərək barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Video yazıda da göründüyü kimi üzərinə qaldırıcı kran quraşdırılmış yük avtomobili tərs istiqamətdə hərəkət edir, düzgün şəkildə öz həcmini, qabariti hesablamadan yola çıxır. Həmin vaxt isə X5 öz yoluna davam edir. Orada Arifin o avtomobili gözləməsi üçün heç bir qanun yoxdur. Ona görə də hesab edir ki, X5 barəsində protokol tərtib olunması üçün əsaslar mövcud deyildir. Məhkəmədən Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat inzibati cərimə edilməyinə dair 22 mart 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, yanacaq doldurma məntəqəsindən çıxan üzərinə qaldırıcı kran quraşdırılmış yük avtomobili yolu gözləyir və yolu görmür. Yoldan gələn KAMAZ 5320 YÜK” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi manevr etsə idi, bu avtonəqliyyat hadisəsi baş verməyəcəkdi. üzərinə qaldırıcı kran quraşdırılmış yük avtomobili yola çıxmamışdı. Yolu da görmədiyi üçün dayanıb gözləmişdir. Odur ki, X5 barəsində Bakı şəhəri Bİnəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 40 manat məbləğində cərimə edilmişdir. X3 məhkəmə iclası zamanı təqdim etdiyi video görüntüdən görünür ki, idarə etdiyi “KAMAZ 5320 YÜK” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Binəqədi yolu ilə hərəkət edərkən üzərinə qaldırıcı kran quraşdırılmış yük avtomobili yolun sağ tərəfində yerləşən yanacaqdoldurma məntəqəsindən KAMAZ 5320 YÜK” markalı, **- JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkətdə olduğu zolağa yola çıxmağa çalışmış və həmin zaman yük avtomobilinin üzərində olan qaldırıcı kranın önü digər sürücünü idarə etdiyi yük avtomobilinin yuxarı hissəsinə dəyərək yol nəqliyyat hadisəsi baş vermişdir Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X5 barəsində qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən X5 barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X3 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı şəhəri Bİnəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 barəsində Bakı şəhəri Bİnəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Bİnəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhəri Bİnəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsinə geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar