Məhkəmə qərarları › İş №3(001)-3071/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3071/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3071/2022 10.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Movruzova Cəmilə Davud qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə “Chevrolet Cruze minik” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə və təhlükəsizlik kəmərini bağlamadan idarə etmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 333.1 və 329.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında, təxminən 07:30 dəqiqədə yaşadığı evdən çıxaraq işə getmək üçün Nərimanov rayonu, Dərnəgül yolunda (Əhməd Rəcəbli küçəsində) olarkən işıqforun qırmızı işığında saxlamış və demək olar ki hər gün salamlaşdığı polis əməkdaşına idarə etdiyi nəqliyyat vasitəsindən salam vermişdir. İşıqforun yaşıl işığı yananda 2 nəfər polis əməkdaşı ona nəqliyyat vasitəsini saxlamasını bildirmiş və ondan içkili olub-olmadığını soruşmuşdur. O isə içki içmədiyini, işə getdiyini bildirmişdir. Bu zaman polis əməkdaşları ondan sürücülük vəsiqəsini verməsini tələb etmiş və daha sonra alkotestri üfürməsini və prorokolu imzalamasını istəmişdirlər. “Sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında” protokolda qeyd edilənlərin öz xətti ilə yazılmadığını onun tərəfindən protokolun tərtib edilməsinə razılıq olmadığını qeyd etmişdir. Nəqliyyat vasitəsini cərimə meydançasına apardıqlarını və 40 manat ödəyərəkn nəqliyyat vasitəsini geri götürdüyünü dərhal da sərxoşluq halının olub-olmamasını müəyyyən etmək üçün həkimə müraciət etdiyini qeyd etmişdir. Həmçinin təhlükəsizlik kəmərini həmişə bağladığını, polis əməkdaşlarının öz qanunsuz əməllərinə don geyindirmək üçün ,yəni heç bir əsas olmadan idarə etdiyi avtomobili saxlamaq əsası olmadığından qəsdən uydurma əsas kimi formal olaraq həmin maddəni də protokola qeyd etdiyini bildirmişdir. Barəsində tərtib edilmiş protokolun əsassız olduğunu, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilmiş və sonuncunun qəbul etdiyi alkoqolun miqdarının 0.417 % promil olması aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında” protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə edilmiş və sonuncunun spirtli içki qəbul etməsi müəyyən edilərək bu barədə protokol tərtib edilmişdir. Şəxs həmin protokola “üzürlü sayın bir daha olmaz, spirtli pivə qəbul etmişəm.Narkoloji və tibbi müayinəyə ehttiyac yoxdur. Alkotestrin göstəricisi ilə razıyam” sözlərini yazaraq imzalamışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/20505 nömrəli, xx.xx.2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs 09:55-də müayinədən keçmiş və alkoqol qəbulu əlamətləri yoxdur, ayıqdır qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Eyni Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənlər təhlil edilərək belə nəticəyə gəlinir ki, Şəxs avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılıb alkotester müayinəsindən keçirilsə də, həmin texniki vasitə barədə məlumatlar (göstəricisi, tipi, markası, modeli, son dəfə müqayisəli dövlət yoxlamasından keçidiyi vaxt və s.) protokolda qeyd edilməmiş, bundan əlavə sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokolda Şəxs adı qeyd edilsə də sonuncu tərəfindən imzalanmamış, protokolla tanış olub-olmaması və protokolu imzalamamasının səbəbləri protokolda qeyd edilməmişdir. Məhkəmə iclasında həmin protokoldakı qeydlərin onun tərfindən aparılmadığını bildirmiş, həmçinin YPX əməkdaşları hal şahidlərinin iştirakını təmin etməmişdir. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə materiallarında Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı ziddiyyətli məqamlar mövcuddur ki, həmin ziddiyyətli məqamlar Şəxs xeyrinə təfsir edilməldir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarına əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: nəfəsindən alkoqollu içki qoxusu gəldikdə, ayaq üstə sərbəst dayana bilmədikdə və özünü idarə edə bilmədikdə. Qeyd edilən qaydalara əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Bundan əlavə iş materialları ilə Şəxs avtomobili təhlükəsizlik kəmərini baölamadan idarə etməsi halı müəyyən edilməmişdir. Odur ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhər DYP Yol patrul xidməti inspektoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 329.1 və 333.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar