Məhkəmə qərarları › İş №3(001)-3085/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3085/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3085/2024 20.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru İsmayılov Bəxtiyar Cabir oğlunun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Rəhimov Sudef Vazeh oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev Zöhrab Bəyəli oğlunun iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Əliyev Zöhrab Bəyəli oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Əliyev Zöhrab Bəyəli oğlunun İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru İsmayılov Bəxtiyar Cabir oğlu izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(001)-63/2011 nömrəli qətnaməsi ilə cavabdehlər Mansırov Şaiq Təvəkkül oğlu və zamin Əliyev Zöhrab Bəyəli oğlundan 1281 ABŞ dolları əsas borc, 384 ABŞ dolları faiz borcu, 650 ABŞ dolları cərimə olmaqla cəmi 2315 ABŞ dolları pul ödəmə gününə Azərbaycan manatına məzənnə ilə və məhkəmə xərci kimi ödənilmiş 20 manat dövlət rüsumunun müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi qət edilmişdir. Cavabdeh Mansırov Şaiq Təvəkkül oğlu xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Əliyev Zöhrab Bəyəli oğlu isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(001)-63/2011 nömrəli icra sənədi üzrə hazırkı günə kimi heç bir ödəniş etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Əliyev Zöhrab Bəyəli oğlu borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun tələblərinə tabe olmadığı üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Əliyev Zöhrab Bəyəli oğlunun inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev Zöhrab Bəyəli oğlu izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(001)-63/2011 nömrəli qətnaməsinə əsasən ondan 2315 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" BOKT MMC-yə verilməsi qət edilmişdir. Lakin "xxxx" BOKT MMC-dən pul vəsaiti Mansırov Şaiq Təvəkkül oğlu tərəfindən götürülmüş, o, isə həmin vaxt zamin durmuşdur. Şaiq Mansurov 2015-ci il vəfat etmişdir. O, Şaiq Mansurov tərəfindən götürülmüş borcun ödənilmədiyini bilməmişdir. Onun maddi aşağı olduğuna görə həmin borcdan zərərçəkmiş şəxsə heç bir məbləğdə ödəniş etməmişdir. Maddi imkanı düzələn kimi, borcu ödəyəcəkdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Rəhimov Sudef Vazeh oğlu bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(001)-63/2011 nömrəli qətnaməsinə əsasən Mansırov Şaiq Təvəkkül oğlu və zamin Əliyev Zöhrab Bəyəli oğlundan cəmi 2315 ABŞ dolları pul ödəmə gününə Azərbaycan manatına məzənnə ilə və məhkəmə xərci kimi ödənilmiş 20 manat dövlət rüsumu müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi qət edilmişdir. Şaiq Mansırov və Zöhrab Əliyev tərəfindən qeyd edilən məbləğ "xxxx" BOKT MMC-yə verilməmişdir. Şaiq Mansırov vəfat etdiyi üçün borcun ödənilməsini zamin Əliyev Zöhrab Bəyəli oğlundan tələb edirlər. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Əliyev Zöhrab Bəyəli oğlunun inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(001)-63/2011 nömrəli icra vərəqəsindən görünür ki, cavabdehlər Mansırov Şaiq Təvəkkül oğlu və zamin Əliyev Zöhrab Bəyəli oğlundan 1281 ABŞ dolları əsas borc, 384 ABŞ dolları faiz borcu, 650 ABŞ dolları cərimə olmaqla cəmi 2315 ABŞ dolları pul ödəmə gününə Azərbaycan manatına məzənnə ilə və məhkəmə xərci kimi ödənilmiş 20 manat dövlət rüsumunun müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Əliyev Zöhrab Bəyəli oğlu barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev Zöhrab Bəyəli oğlu tələbkar "xxxx" BOKT MMC-yə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(001)-63/2011 nömrəli icra sənədi üzrə olan borcunu ödəməmiş, icra sənədinin icrasından yayınmışdır. Nəticədə Əliyev Zöhrab Bəyəli oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Əliyev Zöhrab Bəyəli oğlu barəsində İXMin 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Əliyev Zöhrab Bəyəli oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(001)-63/2011 nömrəli icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədini icra etməmiş və borcunu maddi imkanı aşağı olduğuna görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Əliyev Zöhrab Bəyəli oğlunun İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Əliyev Zöhrab Bəyəli oğlunun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Əliyev Zöhrab Bəyəli oğlunun əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Əliyev Zöhrab Bəyəli oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Əliyev Zöhrab Bəyəli oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əliyev Zöhrab Bəyəli oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar